Rənglər
karvanı
və onun bir karvansaralıq növbəti
sarbanı...
O əbədi
karvan cahana, bu növbəti sabiq sarban isə Azərbaycana məxsus:
Mikayıl Hüseyn oğlu Abdullayev.
O
karvan forma və məzmunca sabit, say və payca mütəhərrik
- artıb-azalan. Sarbanlar isə sürət və vüsətcə,
din və milliyyətcə, istedad, qabiliyyət, janr, məhsuldarlıq
və saircə fərqli, rəngarəng.
Onun və bunların - karvan və sarbanların
özəllik-gözəllikləri barədə nə qədər
desən, demək olar. Amma deyəsən, dedikcə rənglər
kontrastlaşır, aralarındakı xüsusi durğulu
vergüllər, məxsusi vurğulu “və”lər obyekt və
subyektləri tərəfləşdirir...
Yox, burada söhbət “tərəf”-tərəfkeşlikdən
deyil, böyük, dünyəvi mədəniyyəti hədəfləyən,
bütün “çəkic”-fırçaları eyni sənət-“zindan”a
vurmuş sələflər cəmindən və indilikdə -
onların xələfi olan bir fərddən gedir.
Belə ki,
sözügedən “tərəflər”in hər ikisi -
dünyanın rənglər karvanı da, onun bir
karvansaralıq növbəti sabiq sarbanı kimi təqdim
etdiyim həmişəyaşar üzvü də nəhayətsiz,
quldur-saldırısız, “son mənzil”siz sənət səfərini
dayanmadan davamda. Hər ikisi, dil vərdişlərimizdən
olan “dünya durduqca” yox, dünya vardıqca yaşayı,
gözlər baxdıqca, duyğular duyduqca qalı.
Müxtəlif qitəli, çeşid-çeşni stilli o rəngarəng
rənglər içərisində bizim elli,
bizim stilli bir rəng, anadilli bir yaxı. Bütün
bəşəriyyətə məxsus o karvan bizə bir
köynək daha yaxın bu sarban sayəsində ötən
yüzillik məhz Azərbaycan kültürsarayında
xıxı. Bu aciz qələmin də o
möcüz fırçaya adekvatlaşdıra bilmədiyi
qiymət, öyüm. Və bu bayatıvari ibarələrin
cəzbi-cezbinə gələn “avanqard” bir deyim:
Mikayılın rəngləri...
Haqqında oxuyub-öyrəndiklərimə,
eşidib-bildiklərimə görə, Mikayıl Abdullayev -
layiqi öygü-tərifləmə, qədərincə
sevgi-sayğılama, dəyərincə təltif-qayğılama
sarıdan dilimizin aciz, xalqımızın borclu, sovet hökuməti”miz”in
xəcil qaldığı sənətkarlardandır.
O özü isə insana, cəmiyyətə,
bəşəriyyətə əsl dost, doğma oğul, sadiq
vətəndaş, altruist sənətdaş ömrü,
yaradıcı imici, korifey kredosu yaşadı. Onun
təvazökarlığında plakatçılıqdan -
cüzi də olsun - əsər-əlamət yox idi. O,
başdan-başa natural-“dokumental” portret, canlı əsər təsiri
bağışlayırdı. Bu an “layihə-ssenari”
baxımından yazıda axıra saxlamağı qərarlaşdırdığım
bir xatirə-haşiyəyə çıxmaqdan özümü
saxlaya bilmirəm.
...1970-ci illərin ortaları. “Ədəbiyyat və incəsənət” qəzetindəki
bir yumoristik yazımın və “Ulduz” jurnalında getmiş
bir hekayəmin qonorarını almaq üçün
Yazıçılar İttifaqının (AYB-nin) kassasına
yaxınlaşıram. Dünyanın “düz”, ədəbi
mühitin saz, tələbəliyin “vız” vaxtı ola, sən də başını başlara
qoşub, bu boyda məşhur təşkilatın “xəzinədar”lığından
para almağa gələsən və forslanmayasan?! Mən isə
hətta bir az da zilə çıxıb, növbədəkilərdən
“bağışlayın, o “Tənqid və
bülbüloqrafiya” yazısının, “Təzə evlərdən
reportaj” hekayəsinin müəllifi Sizsiniz?” kimi “heyrət, ey
büt!” sualları gözləyirdim. Lakin hərəni öz
qayğı və qaş-qabağında görüb,
özüm sual verməli oldum: “Axırıncı kimdi?”
Buradakıların hamısından ucaboy və hər kəsdən
gülərüz, diqqətcil bir kişi:
“Axırda mənəm, oğul” - dedi. Bununla təkcə cavab
yox, həm də, sadəcə “mənəm”,
“axırıncı mənəm” deyil, bu növbənöv
növbələrli şəhərdə minbir xırdavat
etiketlərindən birinə “axırda mənəm”
kompozisiyası ilə ətrafına dərs də verən bu
kişi Mikayıl Abdullayev imiş. Bunu məndən
sonra gəlib, mənə və sonrakılara
“axırıncı kimdir?” deyənlərin onu mehribanlıqla
salamlayıb, hal-əhval söhbətlərindən bildim.
İmzasını sərgilərdəki təkrarsız
rəsmlərdə gördüyüm, adını radiodan
(yataqxanamızda televizor yox idi), dillərdən eşitdiyim bu
sənət igidinin üzünü məhz o gün
gördüm. Və həmin gün Mikayıl Abdullayevin
öz rənglərini - Tanrının xoş vaxtında
yaratdığı xoşbəxt surət cizgilərini,
vaxt-bivaxt ətrafına ovqat saçan təbəssüm
“quaş”larını, baxış-duruşundakı təlqin
“eskiz”lərini də gördüm.
Və o anlar öz-özümə
fikirləşdim ki, özü bu görkə, fiziki əlvanlıqlara
malik olan bir adam niyə də o görkəmdə
heyrani sənət səltənəti yaratmasın? Bu bioloji-psixoloji rənglər nədən
ümumsosioloji zövq rənglərinə çevrilməsin?
Sonralar onu iş otağında, sərgi
salonlarında, rəsmi törənlərdə, xəlqi məclis-mərəkələrdə
də gördüm. İş otağında,
emalatxanasında səni elə qarşılayar, sənə elə
diqqət, gen-bol vaxt ayırardı ki, deyərdin bəs, bu
boyda sənətkarın işi-peşəsi elə buymuş.
Sərgi salonlarında öz “ranqa”sı ilə söhbət-məşvərətlərdə
ikən, kənarda “boynunu büküb”, qələm-mikrofon
çəkib, onlardan birinin diqqətini cəlb etmək istəyən
müxbirlərə elə bir munis üz göstərərdi
ki, mövzunun batinindən bixəbər üzdülər,
müsahibə zamanı, ondan buradakı rəsmlərin
“tarix-nadir” elementlərilə bağlı müfəssəllik
“astarı” da istəyirdilər. Bu professor, SSRİ Rəssamlıq
Akademiyasının akademiki, Cəvahirləl Nehru adına beynəlxalq mükafat laureatı rəsmi
yığıncaqlarda - adları “Biləcəridən bir az o
yana” çıxmışlardan arxada dayanardı. Camaat
arasında bir-iki ara sözlərilə
kifayətlənər, bərə güdən söz-söhbətlərdən
yüz ov mənzili uzaq durardı.
“Mikayılın rəngləri”
deyibən konkretləşdirməyi bacarmadığım
“portret” bu. Qaldı bu böyük şəxsiyyətin sənət
portretləri, tabloları, peyzajları ki, bunun
yarımbaşlığı da elə həminkinin davamı -
Rənglərin
Mikayılı
Yazımın əvvəlində
vurğuladığım “hökumətin xəcil qalması”
məsələsi tək elə ona verilib-verilməyən
adlarla, təltiflərlə bağlı deyil və əslində,
bu sarıdan ciddi irad bildirmək də doğru
çıxmaz. Məsələnin məğzi
Mikayıl Abdullayev obrazlığında,
universallığında, fantaziyalılığında,
virtuallığında olan bir sənətkara yalnız “aktual”
mövzular diktələnilməsində idi. O direktiv diktələr
bu ipək qəlb sahibinin, qadir fırça ustadının
könül pıçıltılarını eşidilməz,
istedad sifarişlərini yerinəyetirilməz edirdi. Həşəmətli sovet tənqid-təbliğ
ruporu onun “Çəltikçi qızlar” lövhəsini əzəmətli,
iyirminci əsr qadınının zəngin (!) mənəvi
(?!) cizgilərini əks etdirən monumental tablo kimi dəyərləndirirdi.
Deyim ki, bu əsər çox maraqlı, orijinal
bir işdir. Lakin fitri bir istedad sahibini axı nə qədər
bu “istehsal-monumental” sahədə işlətmək, bu sırf
rəiyyət mövzularına dəxli olmayan “bəy tərifi”
vermək olardı? Mikayıl Abdullayev də daxil, yetkin sənətkarlara
yetmiş il boyunca, bax bu an sirli-sehrli təbəssümünə
ehtiyac duyulan “Cakonda” kimi xanımlıqlara əl atmağa
dilsiz yasaqlar, elansız qadağalar qoymaq olardı?!
Amma bütün
bunlara baxmayaraq, əlahəzrət istedad, dilsiz-ağızsız
rənglər öz ayrıca Mikayılını da yaratmaqda
idi. “Mingəçevir işıqları”
- içlərində mənəvi ziyaları, psixoz-psixolojilərində
azadlıq nurları söndürülmüş insanların,
heç olmasa, gözlərinə, zövqlərinə
işıq saçırdı. “Xaçmaz
qızları”ndakı gözəllərdən bir-ikisinin
baxışları “xarüqələr”dən xəbər
verirdisə, biri də qonşu Qubadakı quyularda “xəbərsiz”
uyuyan sür-sümüklərə ehmalca eyham edirdi. Dünənki
Xankəndinə “Stepanakert” deyən, sabahkı Xocalıda
oğul-uşağının qanlı köynəyini
ağlayası “Qarabağlı qızlar” internasional, “”Lənkəranlı
kolxozçu qadın”lar qəhrəmani-sosial motivli marşlar
təsiri ilə bahəm, gizli bir şərqi, təsnif,
muğam zümzüməsi də duyururdular.
Bu kimi deqradasion
inteqrasiyalara məruz qalmış sənətkar böyük
zamanlara, əbədiqalımlara işləməyə də
vaxt və fürsət tapırdı. “Azərbaycan
çöllərində” bu heyrətamiz rəngkarın sənətkarlıq
bacarığını büsbütün əks etdirən
bir əsərdir. Bu rəsm
tamaşaçıya Mirzə Cəlilin bədii təhkiyə
və dili qədər sadə, zəngin, Qara Qarayevin
“İldırımlı yollar”ı kimi dinamik, Fikrət Əmirovun
“Azərbaycan kapriççiosu” halətində
çılğın-dolğun təsir-təlqinlər edir.
“Abşeronlu qadın”ın formasında
dünyanın bütün ucqarlılarına məxsus həya,
məzmununda bütün sivilizasiya mərkəzlilərinə
şamil ziya vardır. “Ananın gəncliyi”
və başqa əsərləri də öz müşahidə
dövrlərindən gələcək zamanlara faktik
informasiya, sentimental-mental harmoniya, milli-mənəvi emosiya
daşıyası tablolar, portretlər, peyzajlardır.
Sənətkarların
təqdimatı adətən, “həyat və
yaradıcılığı” formulunda olur. Bu dəfəki ardıcıllıqda isə
yaradıcılıq önə, həyat sona keçdi.
Deməyək “daha
keçdi, artıq gecdi”. Dünya çaplı
fırçasıyla bəşər zövqlü əsərlər
də yaratmış, London, Moskva, Dehli, Monreal kimi böyük
sənət mərkəzlərində fərdi sərgiləri
keçirilmiş, bir çox nümunələri ən
nümunəvi muzeylərin əbədi saxlancına
çevrilmiş bir rəssamın olum-ölüm arası bəzi
nüanslarını, yaşantılarını da yad etmək
vacibdir ki, bunun da ən qısa yazı rəsmi belədir:
Həyatı
Amma ömürcə
uzun olsa da, səs-küy, təm-təraqca o qədər də
zəngin deyil - bu olum-ölüm bölümü. Bir də ona görə ki, bu həyat sahibinin
yaradıcılıqdan başqa heç nə ilə işi
olmayıb. Amma onun sakitliyi, sükutu
çox qara-qışqırıqçıların
qalmaqallarından daha maraqlı, daha sədalı olub. Bu barədə “quru” faktlar da çox şey deyir.
1921-ci ildə doğulub, 1939-da - 18
yaşında Əzim Əzimzadə adına
Azərbaycan rəssamlıq məktəbini bitirib. İyirmi səkkiz
yaşında isə Surikov adına Moskva Dövlət Rəssamlıq
məktəbinin ən istedadlı, ən
perspektivli məzunu kimi işə başlayıb, ətrafında
“Mikayıl qəlbində Sergey Gerasimovun dünyəvi
fantaziyasını, əlində Bəhruz Kəngərlinin
milli fırçasını gəzdirir” kimi deyimlər
formalaşdırıb.
Gəncliyinin
“oğlan çağları” müharibə illərinə təsadüf
edən Mikayıl həmin vaxtlar öz fırçasıyla
gah şəhər, gah kənd zəhmətkeşlərini
foto, kino kamera kimi izləyib, onların qollarına qüvvət,
qəlblərinə təsəlli verməyə
çalışıb.
Və bu da 2002-ci ilin
qızmar avqust günlərindən biri. Səksən
birini yenicə haxlamış sənətkarın alovlu qəlbi
əbədi susub, onu əbədiyyətə qovuşdurur...
Tahir
Abbaslı
Mədəniyyət.-
2011.- 21 dekabr.- S. 10.