Əfsanəvi
şəhərdən səfər qeydləri
Deyilənə görə, II Şah Abbas şimal
yürüşlərindən birindən qayıdanda qoşunu
kütləvi surətdə xəstələnir. Həmin vaxt
şahın qoşunları qədim Şabranın ərazisindən
keçirmiş. Şaha xəbər verirlər ki,
yaxınlıqda boz qayaların arasında yerdən su
qaynayır. Şah Abbasın göstərişi ilə
qoşun həmin suda çimir. Çox çəkmir ki,
şahın əsgərləri tamamilə sağalır və
Təbrizə yola düşür. Şah Abbas bu hadisədən
sonra həmin ərazidə iki hovuz tikdirir. Yerli əhali indi də
45 dərəcə temperaturda yerdən çıxan su ilə
dolu olan həmin hovuzlardan istifadə edir.
Hər qarışı, hər
daşı bax beləcə tarixi əfsanələrlə zəngin
Şabran şəhərinə dekabrın 15-də infotur təşkil
olundu. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə reallaşan infoturda nazirliyin Mədəniyyət siyasəti
şöbəsinin müdiri Fikrət Babayev, mətbuat katibi
Zöhrə Əliyeva, kütləvi informasiya vasitələrinin
təmsilçiləri iştirak edirdi.
Xatırladaq ki, Mədəniyyət
və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün
Xalq Yaradıcılığı Paytaxtları” proqramına əsasən,
Şabran şəhəri 2011-ci ildə “Azərbaycanın Əfsanələr
Paytaxtı” elan olunub və səfər də bu çərçivədə
həyata keçirilən tədbirlərdən biri idi.
Şabran: qısa tarixi arayış
«Şabran» sözünün mənası
barədə müxtəlif versiyalar irəli
sürülür. Əsas versiyalardan biri şəhərin
adının burada yaşayan tayfaların adından
götürülməsi ilə bağlıdır. Ehtimal
olunur ki, qədim dövr tarixçisi Ptolomeyin əsərində
göstərilən şapotren tayfalarının adı dəyişikliyə
uğrayaraq tədricən “Şabran” şəklinə düşüb.
Bəzi müəlliflər bu məfhumun fars dilində “şəb”
qaranlıq, “ran” isə məkan mənası verdiyini bildirir,
digər tədqiqatçılar isə hələ 1124-cü
ilə aid gürcü xronikasında bu ifadənin Şaburan
kimi işlənməsini qeyd edirlər. Şabran şəhərinin
salınması Sasani hökmdarı Xosrov Ənuşirəvanın
adı ilə bağlansa da, bu ərazinin əsas sakinlərinin
qədim türk tayfaları - sabirlər olduğu güman
edilir. Belə ehtimal olunur ki, sapotren, sabur, sabir, şaburan,
şavaran - bunlar hamısı forma dəyişikliyinə
düşərək “Şabran” şəklini alıb.
Qədim Şabranda tapılan
maddi-mədəniyyət nümunələri burada tarixən
müsəlmanlarla yanaşı, xristian və yəhudilərin
də yaşadığını deməyə əsas verir.
Tolerant bir şəhər kimi tanınan Şabran digər cəhətləri
ilə də fərqlənib. Tarixçilər qeyd edir ki, qədim
Şabranda qibtə ediləcək səviyyədə istehsal
sahələri olub və şəhərsalma prinsiplərinə
əməl edilib. O dövrdə tikinti materialı kimi
geniş istifadə olunan qırmızı kərpic məhz
Şabran şəhərində istehsal edilirdi.
«Əfsanələr
paytaxtı» Şabranın tanınması üçün əlavə
fürsətdir
İnfotur
iştirakçıları ilə Şabran şəhərindəki
Heydər Əliyev Mərkəzində görüşən
rayon İcra Hakimiyyətinin başçısı Novruz
Novruzov bu məlumatlara əlavə olaraq onu bildirdi ki, Azərbaycanın
qədim torpaqlarından olan Şabranın ərazisində
140-dan çox tarixi abidə, qədim yaşayış məskəni
var. Rayonun əhalisi əsasən kənd təsərrüfatı
ilə məşğuldur, amma burada sənayenin müxtəlif
sahələri də inkişaf edib. İcra
başçısı jurnalistlərə 2011-ci il ərzində
«Əfsanələr Paytaxtı»nda görülən işlər,
həyata keçirilən layihələr barədə də ətraflı
məlumat verdi. Qeyd olundu ki, rayon sakinlərinin mədəni
istirahətinin təşkili, Şabranın qədim tarixi-mədəni
irsimizi yaşadan, turizm potensiallı bölgə kimi daha da
tanıdılması üçün hər zaman diqqət mərkəzindədir:
«Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
Şabranın «Azərbaycanın Əfsanələr
Paytaxtı» elan edilməsi bu sahədə bizim
üçün böyük bir fürsətdir”.
Mədəniyyət və Turizm
Nazirliyi Mədəniyyət siyasəti şöbəsinin
müdiri Fikrət Babayev «Əfsanələr Paytaxtı» ilində
Şabranda görülən işlərdən söz
açdı. Onun sözlərinə görə, il ərzində
yeni mədəniyyət obyektləri tikilib, köhnələr
təmir və bərpa edilərək müasir
avadanlıqlarla təchiz edilib: «Rayon rəhbərliyi də mədəniyyətə
böyük diqqət göstərir. Ona görə də
çalışırıq ki, Mədəniyyət və
Turizm Nazirliyi olaraq burada birgə layihələr həyata
keçirək».
Şabran Rayon Mədəniyyət
və Turizm Şöbəsinin müdiri Əhməd Səmədov
çıxışında qeyd etdi ki, bölgədə 20-yə
yaxın turizm obyekti fəaliyyət göstərir. Bunlardan
4-nün lisenziyası var. «Turizm ili»ndə rayona gələn
insanların sayı artaraq 10 min nəfərə
çatıb. Son dövrlər Şabrana xarici turistlər də
daha çox maraq göstərirlər.
Mədəniyyət
müəssisələri ilə tanışlıq
İcra başçısı ilə
görüşümüz yekunlaşandan sonra Mədəniyyət
və Turizm Şöbəsinin müdiri Əhməd Səmədovun
müşayiəti ilə rayonun mədəniyyət obyektlərinə
baş çəkdik. Qonaq olduğumuz ilk məkan «Pirəvədil»
Xalça MMC oldu. Müəssisənin rəhbəri Məleykə
Xəlilova bildirdi ki, «Pirəvədil» xalça sexi 2004-cü
ildən fəaliyyət göstərir. Burada müxtəlif
ölçülərdə və rəngarəng
çeşidlərdə xalçalar toxunur.
Şabran Rayon Uşaq
Yaradıcılıq Mərkəzinə ziyarətimiz qısa
sürsə də, yaddaqalan oldu. Bu ilin avqustunda ölkə
prezidentinin rayona səfəri zamanı istifadəyə verilən
mərkəzdə uşaq kitabxanası, kompyuter otağı,
nağıl otağı və s. fəaliyyət göstərir.
Mərkəzin müdiri Səkinə Həsənova deyir ki,
uşaq kitabxanasına təkcə uşaqlar deyil,
böyüklər də müraciət edirlər. Hazırda
2500 oxucusu olan kitabxananın 15 mindən artıq ədəbiyyat
fondu var. Burada sürətli internetlə təchiz olunmuş
elektron kitabxana sistemi mövcuddur.
Rayonun mərkəzində yerləşən
Kitab Evində isə xarici ədəbiyyatdan elmi-publisistik əsərlərə
qədər bütün mövzularda kitablar almaq
mümkündür.
Şabranın ən böyük mədəniyyət
obyektlərindən biri də rayon mədəniyyət evidir.
Burada yaradılmış Heydər Əliyev guşəsi
öz forma və tərtibatına görə diqqəti cəlb
edir. Mədəniyyət evinin girişində xalq tətbiqi sənət
nümunələri, Pirəvədil xalçaları,
Şabran sənətkarlarının əl işləri
bütün gün ərzində nümayiş etdirilir.
Mədəniyyət evinin geniş
tamaşa zalı var. Burada bizi Şabran rayonunun
«Xınayaxdı» və «Çıraqqala» xalq kollektivləri
qarşıladı. «Xınayaxdı» folklor kollektivinin bədii
rəhbəri Bayram Ağasıyev kollektiv haqqında məlumat
verdi. Bildirdi ki, 1996-cı ildə yaradılan «Xınayaxdı»
üç dəfə azsaylı xalqların respublika
festivalında iştirak edib, Mədəniyyət və Turizm
Nazirliyinin fəxri fərmanı ilə təltif olunub. Sonra bu
musiqi kollektivinin ifasında «Biçinci» nəğməsinə
və Azərbaycan toylarının ənənəsi olan
«Xınayaxdı» mərasiminə tamaşa etdik.
Şabranda gözəl ədəbi mühit var
Şabranda baş çəkdiyimiz
növbəti məkan Tarix-Diyarşünaslıq Muzeyi oldu. Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə əsaslı təmirdən
çıxan muzey barədə direktor Şəfiqə Məmmədova
məlumat verdi. Onun sözlərinə görə, 1993-cü
ildən fəaliyyət göstərən muzeydə 3200-dən
çox eksponat var. Muzey 8 bölmədən ibarətdir. Burada
Heydər Əliyev guşəsi, Qədim dünya, Qədim
Şabrandan görüntülər, Qonaqlar qədim
Şabranda, Şabran - Azərbaycanın əfsanələr
paytaxtı və s. guşələr var. Muzeyin həyətində
isə açıq səma altında muzey yaradılıb.
Şabrandakı “Poeziya evi” də
özünəməxsusluğu ilə diqqəti cəlb edir.
Qeyd edək ki, rayonda gözəl ədəbi mühit var.
Bunun bir ənənəsi də rayonun tarixi ilə
bağlıdır. Vaxtilə Azərbaycanın böyük
şairlərindən olan Əfzələddin Xəqani
Şabranda qazamatda yatıb. Şah Axsitanın əmri ilə
həbs edilən şair Şabran qalasında məşhur «Həbsiyyə»
şeirini yazıb. Elə Poeziya evinin qarşısında də
şairin heykəli qoyulub.
Qədim
tarixin qalıqları
«Əfsanələr paytaxtı»na səfərimiz
qədim Şabran şəhərinin qalıqları ilə
tanışlıqla yekunlaşdı. Qədim Şabran şəhərinin
qalıqları Şahnəzərli kəndi
yaxınlığında yerləşir. Tarixçi Əsədulla
Hüseynovun sözlərinə görə, bu kəndin tarixi
min illərlə ölçülür. Burada 1979-cu ildən
0,9 hektar sahədə qazıntı işləri
aparılıb. Tarixçinin fikrincə, şəhərdə
yaşayış eramızın V-VI əsrlərindən
mövcud olub. Şəhərin 2500 il tarixi var. Həmin vaxt
burada 15-20 min nəfər əhali yaşayıb. İpək
Yolunun üzərində yerləşən Şabran şəhəri
tarix boyu üç dəfə dağıntıya məruz
qalıb.
* * *
Biz Bakıya yola düşəndə
artıq şər qarışmışdı. Tarixi şəhər
və əfsanələr diyarına səfərdən zəngin
təəssüratla dönürdük. Mədəniyyət və
Turizm Nazirliyinin “2010-2014-cü illər üçün Xalq
Yaradıcılığı Paytaxtları” proqramına əsasən
növbəti səfərimiz isə “Azərbaycanın Folklor
Paytaxtına” - Lənkərana olacaq.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.-
2011.- 21 dekabr.- S. 9.