Xəzəryanı ölkələrin vahid turizm brendi yaradılır

 

   Həştərxanda keçirilən beynəlxalq konfrans maraqlı müzakirələrlə yadda qalıb

  

   Xəbər verdiyimiz kimi, Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə nümayəndə heyəti dekabrın 16-17-də Rusiyanın Həştərxan şəhərində keçirilən Xəzəryanı bölgədə turizm əməkdaşlığına dair beynəlxalq konfransda iştirak edib.

  

   Nümayəndə heyətində nazirliyin Turizm şöbəsinin müdir müavini-Daxili turizm inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov, Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev və “GEO Travel” turizm şirkətinin direktoru İlkin Yetirmişli yer alıb.

   Nazirliyin Turizm şöbəsindən aldığımız məlumata görə, tədbirdə Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran təmsil olunub. Konfransın açılışında Xəzəryanı ölkələrin turizm potensialını əks etdirən sərgi keçirilib.

   Konfransın gündəliyinə əsasən Xəzəryanı dövlətlərin turizmin inkişafında göstərilən səylərinin əlaqələndirilməsi, dənizin mövcud potensialından turizm məqsədləri üçün daha səmərəli istifadə imkanlarının öyrənilməsi, müştərək turist məhsul və regional mədəni turizm marşrutlarının işlənib hazırlanması, turizm sahəsində kadrların hazırlanması, regional turizm brendinin yaradılması, turizm məhsullarının beynəlxalq səviyyəyə çıxarılması üzrə əməkdaşlıq və s. məsələlər müzakirə mövzusu olub.

   Mədəniyyət və turizm nazirinin müavini N.Səmədov «Azərbaycanın turizm potensialı və Xəzər dənizi regionundakı ölkələr arasında alternativ turizmin inkişafı», Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev «Xəzər dənizi regionundakı ölkələr arasında əməkdaşlıqda turizm informasiya mərkəzlərinin rolu», nazirliyin Turizm şöbəsinin müdir müavini-Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov «Xəzər dənizi regionunda tarixi-mədəni irsin qorunması» mövzularında çıxışlar ediblər. Həmçinin tədbirdə Azərbaycanın turizm potensialını əks etdirən reklam filmi nümayiş etdirilib.

   Qeyd edək ki, konfrans çərçivəsində N.Səmədov Rusiyanın Turizm üzrə Federal Agentliyinin rəhbəri Aleksandr Radkov, Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin, Həştərxan vilayətinin mədəniyyət naziri İrina Tarasova və idman və turizm naziri Oleq Dementyevlə görüşlər keçirib. Müzakirəyə çıxarılan mövzular arasında Xəzər dənizində kruizin fəaliyyətə başlaması, Xəzəryanı ölkələrin turizm üzrə brendinin yaradılması, regional mədəni turizm marşrutlarının təklif edilməsi və hər bir ölkədə keçirilən Novruz bayramının vahid turizm məhsulu kimi təşviq olunması xüsusi qeyd edilib.

 

 

   Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2011.- 21 dekabr.- S. 6.