Bakıda Krımın turizm imkanları təqdim edildi

 

   Ukraynanın Krım Muxtar Respublikasının kurortlar və turizm naziri Aleksandr Liyevin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib. Dekabrın 19-da “Ambassador” mehmanxanasında ukraynalı nazirin iştirakı ilə Krımın turizm imkanlarını tanıtmaq məqsədilə təqdimat keçirildi.

  

   Mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev, Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov, turizm şirkətləri və KİV nümayəndələri iştirak edirdilər.

   Aydın İsmiyev qonaqları salamlayaraq bildirdi ki, son illər ölkə rəhbərliyinin diqqəti nəticəsində Azərbaycanda turizm sahəsi sürətlə inkişaf edir. Bu baxımdan respublikamızın turizm sahəsində yüksək nailiyyət əldə etmiş ölkələrlə yaxın əməkdaşlığı da prioritet önəm kəsb edir.

   Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko ölkələrimiz arasında dostluq əlaqələrindən söz açdı. Azərbaycanda turizmin inkişafı üçün təbii şəraitin olduğunu deyən səfir bu sahədə də əlaqələri inkişaf etdirməyin vacibliyini vurğuladı.

   Sonra nazir A.Liyev Krımın kurort və turizm potensialı haqqında geniş məlumat verdi. Bildirdi ki, Krım Kurortlar və Turizm Nazirliyi 2015-ci ilədək Azərbaycandan gələn turistlərin sayını 60 minə çatdırmağı qarşısına məqsəd qoyub. Bununla bağlı Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə danışıqlar aparılır.

   Ötən il yollayışla Krıma gələn azərbaycanlıların sayının 12 min nəfər olduğunu yada salan nazirin sözlərinə görə, bu, digər postsovet respublikaları ilə müqayisədə kiçik göstərici olmasa da, onların istəklərinə uyğun deyil: «Buna görə də biz ikitərəfli turist əlaqələri qurmaq istəyirik. Səfərimizin məqsədi yalnız Krıma turistlər cəlb etmək deyil. Biz bu əlaqələrin qarşılıqlı şəkildə qurulmasını, hər iki tərəfə turist axınının artmasını arzulayırıq».

   Hazırda Krımda 240 müalicəvi əhəmiyyətli sanatoriyanın fəaliyyət göstərdiyini deyən A.Liyev qeyd etdi ki, bu diyara səfər edənlər ilin bütün fəsillərində tarixi yerləri gəzərək təbii zənginliyi duya biləcəklər. Turistlər Qara dənizin sularında üzmək, yaşıl sahələrdə gəzmək, əyləncə yerlərində rahat istirahət etmək imkanı əldə edəcəklər.

   Nazir dedi ki, sovet dövründə Krım ən yaxşı müalicəvi kurort yerlərindən biri olub. Amma son 20 il ərzində bu sahəyə diqqət azalıb: «Vaxtilə Krıma ildə 8 milyon insan gəlirdi. Hazırda isə bu rəqəm 6 milyondur. Bu, 2 milyon əhalisi olan Krım üçün aşağı göstərici olmasa da, biz daha yüksək göstəriciyə nail olmaq istəyirik».

   Muxtar respublikanın 2,5 milyon əhalisinin 15 faizini Krım tatarları təşkil etdiyini deyən A.Liyev bildirdi ki, onlar da Azərbaycan mədəniyyətinə böyük maraq göstərirlər. Nazir gələn ilin fevralında Azərbaycandan Krıma böyük infotur həyata keçirməyi planlaşdırdıqlarını da qeyd etdi.

   Sonda qonaqlar turizm şirkətlərinin və KİV nümayəndələrinin suallarını cavablandırdılar.

  

 

   Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2011.- 21 dekabr.- S. 6.