“Aldığım
mükafatların hər biri mənim üçün əzizdir”
Xalq rəssamı, akademik Ömər Eldarov Beynəlxalq
Sokrat Mükafatına layiq görülüb
Tanınmış
heykəltəraş, Xalq rəssamı, Azərbaycan Milli Elmlər
Akademiyasının akademiki, Rəssamlıq Akademiyasının
rektoru Ömər Eldarov ölkəmizi dünyada tanıdan,
adı dünya miqyaslı sənətkarlarla bir sırada
çəkilən incəsənət xadimidir. Heykəltəraşın
yaratdığı sənət əsərləri Azərbaycanla
yanaşı, bir sıra ölkələrin şəhərlərini
bəzəyir, dünyanın müxtəlif muzeylərində
layiqli yer tutmaqdadır.
Ömər müəllimin
böyük dövlət xadimi Heydər Əliyevin xatirəsinə
ucaltdığı möhtəşəm abidə, Füzuli,
Natəvan, Hüseyn Cavid, Üzeyir Hacıbəyli, Səttar Bəhlulzadə,
Vaqif Mustafazadə, Niyazi kimi ədəbiyyat və incəsənətimizin
görkəmli simaların xatirəsinə yaratdığı
heykəllər böyük sənət nümunələridir.
Bu yaxınlarda isə Ömər Eldarov Böyük
Britaniyanın Oksford şəhərində Beynəlxalq Sokrat
Mükafatına (“İnternational Socrates Award”) layiq
görülüb. Səfərdən yeni qayıtmış sənətkarla
görüşüb təəssüratını, bu yüksək
mükafatla bağlı fikirlərini öyrənmək istədik.
Söhbətimiz Ömər Eldarovun doğum günü ərəfəsinə
təsadüf etdiyi üçün ilk sualımız da bu barədə
oldu.
- Ömər müəllim,
dekabrın 21-də 84 yaşınız tamam olur. Ölkəmizdə
və dünya miqyasında tanınan sənətkar kimi
yaşınızın bu müdrik çağında geriyə
baxanda nələri görürsünüz, nələri
düşünürsünüz?
- Həyatda insan üçün ən
başlıca olan meyarlardan biri eyni yerdə, ölkədə,
hətta bir planetdə yaşadığı insanlarla xoş
münasibətlərinin olmasıdır. Əgər cəmiyyətdə,
səni əhatə edən mühitdə insanlarla xoşməramlı
münasibətin olarsa, eyni zamanda insanlar da bir-biriləri ilə
belə xeyirxah davranarlarsa, onda Yer kürəsi cənnət
olar. O halda bütün problemlər də həll olunacaq. Lakin
mən başa düşürəm ki, bu çətin məsələdir.
Sadəcə olaraq insanların bir-biriləri ilə münasibətlərdə
aqressiv davranması lazım deyil. Bir də, mənim fikrimcə, insanda
hər zaman enerji, dinamika olmalıdır. Bütün fəaliyyət
xeyirxah münasibətlər üzərində
qurulmalıdır. Məsələn, götürək müəllimi.
Əgər o şagirdi cəzalandırmaq qərarına gəlibsə,
ona pis qiymət versin. Amma qarşı tərəf başa
düşməlidir ki, bu onun xeyrinədir. Ona görə də
ona 5 yox, 3 qiymət yazılıb. Hər zaman
düşünmüşəm ki, əgər Yer kürəsində
yaşayan biz insanlar bir-birimizə xeyirxah münasibət bəsləsək,
xalqlar arasında xoş münasibət olarsa, heç bir
problem yaranmaz. Əgər kiminsə milli və ya dini problemi
varsa, onu da xeyirxah müstəvidə həll etmək
lazımdır ki, insanlar sakit, normal yaşaya bilsinlər. Ən
çətin məsələ də elə budur. Sadəcə
olaraq bu yolu tutmaq lazımdır. Bu bir qədər fəlsəfi
fikirlərdən sonra sualınıza cavab olaraq deyim ki,
ömrümü xeyirxah münasibətlər üzərində
quraraq yaşamağa çalışmışam. Buna nə
qədər nail olduğumu demək isə mənə çətindir.
- Bu günlərdə Böyük
Britaniyanın Oksford şəhərində keçirilən
Liderlər Sammitində layiq görüldüyünüz Beynəlxalq
Sokrat Mükafatı barədə məlumat verməyinizi istərdik.
Bu mükafatın mahiyyəti nədir, kimlərə və
hansı meyarlar əsasında verirlər?
- Bu, Avropa Biznes
Assambleyasının təsis etdiyi mükafatdır.
Mükafatın məqsədi dünya elitasının
inkişafına yardımdır. Biznesdən başqa beynəlxalq
aləmdə iqtisadiyyat, təhsil və mədəniyyətdə
də təcrübə mübadiləsini dəstəkləyir.
Bu baxımdan assambleya tədris ocaqlarına da diqqət yetirir.
Onların mənə yazdıqları məktubda qeyd olunurdu
ki, müstəqil ictimai rəyi analiz etdikdən sonra Azərbaycan
Rəssamlıq Akademiyasına Şərqi Avropada ən
yaxşı ali məktəb kimi Beynəlxalq Sokrat
Mükafatını verilməsi qərara alınıb.
Mükafatın bir neçə nominasiyası var. Məsələn,
mənə bu mükafatı Beynəlxalq Sokrat Komitəsinin qərarı
ilə elmi fəaliyyət və texnologiya sahəsində
uğurlara görə verdilər. Bu nominasiyalardan biri tədris
işləri üçündür. Ali təhsil müəssisələrinə
bu mükafat qabaqcıl keyfiyyətlərə görə
verilir. Onu da deyim ki, bir neçə il əvvəl bu
mükafata Azərbaycan Dövlət İqtisad Universitetinin
rektoru Şəmsəddin Hacıyev də layiq
görülmüşdü.
Beynəlxalq Sokrat Mükafatı
böyük mütəfəkkirin bürüncdən
hazırlanmış, qızıllı işləmələrlə
bəzədilmiş fiqurudur. Eyni zamanda mənə Sokratın əksi
olan fəxri fərman təqdim etdilər. Bundan başqa, sammit
çərçivəsində Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasına beynəlxalq elmi, işgüzar və mədəni
tərəfdaşlığın möhkəmləndirilməsi
sahəsində səmərəli fəaliyyətinə
görə Avropanın ən nüfuzlu mükafatı olan
«United Europe Award» nişanını təqdim etdilər.
Qeyd edim ki, bu günə qədər
aldığım mükafatların hər biri mənim
üçün əzizdir. Mən Azərbaycanın ən
yüksək təltiflərindən olan “İstiqlal” ordeninə,
Heydər Əliyev Mükafatına layiq görülmüşəm.
Bu mükafatın da mənim üçün öz yeri var.
- Rəhbərlik etdiyiniz Rəssamlıq
Akademiyasının Şərqi Avropada ən yaxşı ali məktəb
kimi bu mükafata layiq görülməsi böyük nailiyyətdir.
Bir qədər də tədris ocağındakı fəaliyyətiniz,
burada həyata keçirilən layihələr, işlər
barədə danışmağınızı xahiş edirik.
- Mən Oksfordda Beynəlxalq Sokrat
Mükafatını alarkən öz
çıxışımda Rəssamlıq
Akademiyasının fəaliyyətinə, onun yaranma
tarixçəsinə toxundum. Qeyd etdim ki, biz Avropa klassik incəsənəti
bazasında işləyirik. İndi Avropa dəyişib, amma
biz dəyişməmişik. Biz klassik ənənələri
qoruyub saxlamışıq. Çünki peşəkar
baxımdan öyrənmək ancaq klassik incəsənət
bazasında mümkündür. Sonra bildirdim ki, Akademiya cəmi
11 ildir ki, fəaliyyət göstərir və bizim təhsil
müəssisəsində ən böyük uğurumuz
xeyirxah atmosferin qurulmasıdır. Həmişə
çalışmışıq ki, akademiyanın kollektivi, tələbələri
bir ailə kimi olsun. Yəni pedaqoqlar tələbələrlə,
tələbələr isə pedaqoqlarla xoş münasibətlərini
qoruyub saxlasınlar. Ən başlıcası biz tələbələrimizə
öz aralarında, öz qruplarında insanın hüququnu
pozmağa imkan vermirik. İnsan hüquqları bizim təlim-tərbiyə
işimizdə ən vacib amildir. Mən birinci kursa qəbul
olan tələbələrimizi əvvəlcə bir yerə
toplayıram və xəbərdarlıq edirəm: əgər
kimsə kimisə incidəcəksə, deməli, onun
hüququnu pozur. O halda həmin tələbə dərhal məktəbdən
xaric ediləcək. Elə mən iştirakçısı
olduğum sammitdə də bildirdim ki, Azərbaycan Rəssamlıq
Akademiyasında tələbə ilə tələbə, eyni
zamanda müəllimlə tələbə arasında çox
xoş münasibətlər mövcuddur və bu da bizim
böyük nailiyyətimizdir. Akademiyada 19 ixtisas tədris
olunur. Həddindən artıq da istedadlı gənclərimiz
var. Bir qədər əvvəl həmin gənclərin sərgisi
keçirildi, hər kəs sadəcə olaraq heyran
qalmışdı. Roma Rəssamlıq Akademiyasının
rektoru da sərgiyə gəlmişdi və inana bilmirdi ki, bu sərgidəki
işlər gənclərə aiddir. Onların istedadı tələb
olunmalıdır. Yəni səni istəməlidirlər. Rəssamlıq
Akademiyasında tələbələrin səviyyəsi məni
qane edir və bunu hər kəs təsdiq edir. Şəxsən
özümün 10 tələbəm var və onlar
istedadlı gənclərdir.
- Sənətdə ənənələrin,
daha doğrusu, klassikanın qorunmasından söz
açdınız. Son vaxtlar Şərq-Qərb mədəniyyəti,
xüsusilə də bu mədəniyyətin Azərbaycanda
sintezindən bəhs edilir. Siz necə
düşünürsünüz, doğrudanmı, bu mədəniyyəti
sənətdə sintez edə bilirik. Biz bu baxımdan şərqliyik,
yoxsa qərbli? Ümumiyyətlə, sənətdə
qloballaşmaya münasibətiniz necədir?
- Düşünürəm ki,
bizim musiqimiz buna çox düzgün nümunədir.
Üzeyir Hacıbəyli Avropanın deyil, Azərbaycanın bəstəkarıdır.
Amma ilk dəfə Avropada mövcud olan opera janrını
müsəlman Şərqində o yazdı. Musiqili komediya,
simfoniya, operettanı ona qədər Şərqdə heç
kim yazmamışdı. Çünki bunlar Şərq
forması deyildi. Səttar Bəhlulzadə, Mikayıl Abdullayev
da eynilə müasir Avropa üslubunda təsvirlər
yaradıblar. Amma onlar bizim milli sənətkarlarımızdır.
Lakin indi biz istəsək də, istəməsək də
qloballaşma baş verir. Bu rəssamlar Avropa formasını qəbul
etmələrinə baxmayaraq, qloballaşmamalıdırlar.
Amma indi bizim müasir gənclərimizin
yaradıcılığında qloballaşma özünə
yer edib. Ümumiyyətlə, indi yaradıcı insanları nədənsə
qloballaşma özünə çəkir. Məsələn,
indi bir əsəri oxuyanda bilmirsən ki, onu amerikalı və
ya azərbaycanlı yazıb. Düşünürəm ki, bu
yaxşı hal deyil. Ümumiyyətlə, hesab edirəm ki, təsviri
incəsənət elə təsviri olmalıdır. Avanqard sənətə
gəlincə, əsəri hansısa görüntülərlə
deyil, olduğu kimi təsvir etmək lazımdır. Təsviri
hansısa kodlarla, tapmacalarla görmək olmaz. Çünki
ifadə forması öz yerinə qalmalıdır.
- Ömər müəllim, siz
vaxtilə həm də millət vəkili kimi parlamentdə fəaliyyət
göstərmisiniz. Bir sıra qanunların, o cümlədən
şəhərsalma ilə bağlı qanunvericiliyin təşəbbüskarlarından
biri olmusunuz. Maraqlıdır, həm heykəltəraş, həm
keçmiş millət vəkili, həm də bir ziyalı
kim paytaxt Bakının memarlıq quruluşu ilə
bağlı nə deyə bilərsiniz?
- Düz qeyd etdiniz, millət vəkili
olarkən şəhərsalma ilə bağlı qanun layihəsinin
təşəbbüskarı olmuşam. O zaman bizdə belə
bir qanun yox idi. Mən bununla bağlı bir sıra layihələrə
də təşəbbüs göstərmişəm. Biz bu
şəhəri hər gün gördüyümüzə
görə bəzən ona qeyri-obyektiv yanaşırıq. Əgər
mən 20 ildən sonra Bakıya gəlsəydim şəhərə
məftun olardım. Və təəccüblə
öz-özümə deyərdim, bu bizim Bakıdır?
Doğrudur, şəhərsalmada səhvlər də var. Amma
şəhər günü-gündən gözəlləşir,
memarlıq baxımından yüksək səviyyəyə
çatır. Mən bu günlərdə “Azneft”
meydanından başlayaraq Dənizkənarı bulvarı gəzirdim.
Öz-özümə deyirdim, bax bu mənim şəhərim,
doğma Bakımdır. Yeni mehmanxanalar çox gözəldir.
Şəhər doğrudan da gözəl məkana
çevrilib.
- Ömər müəllim, həyatda
əldə etdiyiniz uğurlara görə istedad, zəhmət
və ya şansınızın böyük rolu olub?
- Mən bilmirəm ki,
uğurlarım böyük və ya kiçikdir. Amma
bütün bunlar daha çox vəziyyətlərdən
asılı olub. Elə bir vəziyyət yarana bilərdi ki,
bu nailiyyətlər olmazdı. Hərdən mən hansısa
uğuru əldə etdiyimə görə şübhə
edirəm. Məsələn, tarixdə qorxulu, şiddətli
müharibələr baş verib. Eyni zamanda dəhşətli
aclıqlar olub. Sonra elə olub ki, mən təhsil
almışam. Doğrudur, bizim sayımız az idi. Lakin fəaliyyət
diapazonumuz çox geniş idi. Əlbəttə, o zaman heykəltəraşlara
böyük tələbat var idi. İndi heykəl qoyulur, amma
heç kim onun müəllifini tanımır. O
yaxşıdır, yoxsa pisdir, onu da təyin edə bilmirlər.
Bunlar heç də yaxşı hal deyil.
- Doğum gününüzü
necə qeyd edəcəksiniz?
- Mən həmin gün Türkiyədə
olacağam. İstanbulda Memar Sinan Universitetində sərgimiz
açılacaq. Yəni ad gününü xüsusi olaraq
qeyd etməyəcəyəm. Düşünürəm ki, elə
belə də yaxşıdır.
- Biz də sizi həm aldığımız
mükafat, həm də doğum günü münasibətilə
təbrik edirik, cansağlığı arzulayırıq.
Mehparə
Mədəniyyət.-
2011.- 21 dekabr.- S. 5.