«Əfsanə geri dönür»

 

  «Leyli və Məcnun» müzikli maraqla qarşılandı

  

   Dekabrın 18-də Mədəniyyət və Turizm Nazirliyi və «İrəli» İctimai Birlyinin təşkilatçılığı, «Baksell»in baş sponsorluğu və «Avromed»in sponsorluğu ilə ölkəmizdə ilk dəfə olaraq dahi şair Nizami Gəncəvinin eyniadlı poeması əsasında «Leyli və Məcnun» müasir musiqi layihəsi təqdim olundu.

  

   Dahi şairin 870 illiyinə həsr olunmuş tamaşa «Əfsanə geri dönür» şüarı altında keçirildi. Müzikldə Məcnun obrazını reper Elşad Xose, Leyli obrazını müğənni Natəvan Həbibi, İbn Salam rolunu isə Elnur Məmmədov ifa edirdilər. Maraqlı və orijinal formada hazırlanan tamaşada diqqətçəkən məqamlardan biri də o idi ki, baş qəhrəmanlardan bəziləri canlı olaraq deyil, videoekranda göründülər. Bunlar Məcnunun atası (görkəmli muğam ustası Alim Qasımov) və Leylinin atası (meyxana ifaçısı Ağamirzə) idilər. Tamaşada ən böyük yük Zeynəb rolunu ifa edən rəqqasə Oksana Rəsulovanın üzərinə düşürdü. Belə ki, hadisələrin episentrində dayanan Zeynəb tamaşa boyu «Leyli və Məcnun» əsərini oxumaqla özündə əsl məhəbbəti ifadə edirdi. Onun həmkarı isə Zeyd rolunu ifa edən Azad Şabanov idi. Tamaşanın əvvəlində Zeynəbə qarşı heç bir hissi olmayan Zeyd bir gün Leyli və Məcnunu öz yuxusunda görür və bununla da onun soyuq qəlbində gözəl hisslər baş qaldırır. Tamaşanın özəlliyi həm də ondan ibarət idi ki, iştirakçılar öz hislərini təkcə sözlə deyil, həm də musiqi və rəqslə göstərə bilirdilər. «Natiq» ritm qrupunun rəhbəri, Əməkdar artist Natiq Şirinov isə günəş-insanı rolunu ifa edirdi.

   Qeyd edək ki, tamaşanın xoreoqrafik həllini vermək üçün ABŞ-ın Bakıdakı səfirliyi Çikaqodan məşhur xoreoqraf Çarlz Lourensi ölkəmizə dəvət edib. İki ay müddətində layihə üzərində çalışan amerikalı sənətçi eyni zamanda gənclərə hip-hop üzrə ustad dərsləri keçib.

   Dahi Nizaminin ədəbi irsi ilə yanaşı, UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edilmiş muğam sənətimizi, folklor nümunəsi olan meyxana janrını, milli musiqi alətlərimizi təbliğ edən layihənin müəllifi və rəhbəri Mədəniyyət və Turizm Nazirliyinin aparıcı məsləhətçisi Mirsahib Musayev, koordinatoru «İrəli» İctimai Birlyininin üzvü Niyazi Əliyev, ssenari müəllifi və rejissoru İradə Gözəlova, tamaşanın rəssamı isə Rəşad Ələkbərov idi. Zəngin təəssürat yaradan tamaşa böyük rəğbətlə qarşılandı.

   Tamaşada iştirak edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev layihədə böyük Nizami Gəncəvinin yaradıcılığına bugünkü gəncliyin gözü ilə fərqli bir baxış olduğunu vurğuladı: “Bu tamaşada Nizami Gəncəvinin yaradıcılığına bugünkü gəncliyin gözü ilə baxırıq. Hesab edirəm ki, bu layihə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümündə mədəniyyətsevərlərə bir hədiyyədir. Təbii ki, tamaşa bəyənilsə, o, sənət həyatına vəsiqə qazansa, gələcəkdə Azərbaycanın digər mədəniyyət mərkəzlərində və xaricdə nümayiş etdiriləcək».

   ABŞ-ın ölkəmizdəki səfiri Metyu Brayza isə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlığa və belə bir əhəmiyyətli layihəni reallaşdırdıqlarına görə məmnunluğunu dilə gətirdi: «Məlum olduğu kimi, 103 il əvvəl Şərqdə ilk opera dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən məhz «Leyli və Məcnun» əsəri əsasında yaradılıb. Bu gün isə bu əsər müasir formada tamaşaçılara təqdim olundu. Çox şadam ki, layihənin reallaşdırılmasında amerikalı sənətkar da iştirak edib. Bu layihə həm də bir mədəni körpü rolunu oynaya bilər”.

  

 

   Mehparə

 

   Mədəniyyət.- 2011.- 21 dekabr.- S. 4.