“Abdulla Şaiqin sözlərinə
bəstələnmiş musiqi əsərləri”
Ədəbiyyat tariximizdə
gözəl mahnılara, musiqi əsərlərinə əsas
verən poetik nümunələr yaratmış görkəmli
şairlərimizdən biri də Abdulla Şaiqdir. Onun
şeirlərinin dil səlisliyi və rəvanlığı,
bədii-ideyası hər zaman bəstəkarların diqqətini
cəlb etmiş, bu əsərlərə emosional ruhlu musiqi əsərləri
bəstələnmişdir.
Dekabrın 16-da Musiqi Mədəniyyəti
Dövlət Muzeyində “Abdulla Şaiqin sözlərinə bəstələnmiş
musiqi əsərləri” kitabının təqdimat mərasimi
oldu.
Not kitabı Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə nəşr edilib. Sənətkarın
130 illik yubiley tədbirləri silsiləsindən təşkil
edilən kitabın tərtibatçısı Əməkdar
incəsənət xadimi, bəstəkar Rəşid Şəfəqdir.
Tədbirdə
çıxış edən A.Şaiqin mənzil muzeyinin
direktoru Ülkər Talıbzadə kitabın ərsəyə
gəlməsinə görə nazirliyə minnətdarlığını
bildirdi. Qeyd olundu ki, kitabda Azərbaycan bəstəkarlıq məktəbinin
bütün nəsillərini əhatə edən bəstəkarların
musiqiləri yer alıb. Nəşrin əhəmiyyətli tərəfindən
biri də odur ki, təqdim olunan əsərlərin əksəriyyəti
ilk dəfədir ki, nəşr edilir: ”İnanırıq ki,
kitab gənc nəslin tərbiyəsində, musiqi
zövqünün inkişafında böyük rol oynayacaq”.
Böyük ədibin sözlərinə
musiqi bəstələmiş bəstəkarlardan Oqtay
Zülfüqarov, Sevda İbrahimova, Tahir Əkbər və
başqaları çıxış edərək kitabın əhəmiyyəti
haqqında fikirlərini çatdırdılar.
Sonda şairin sözlərinə bəstələnmiş
mahnılar səsləndi.
Lalə
Azəri
Mədəniyyət.-
2011.- 21 dekabr.- S. 4.