Xatirələrdə
yaşayan şəxsiyyət
Böyük alim, ustad redaktor, görkəmli pedaqoq Nəsir
İmanquliyevə həsr olunmuş elmi-praktiki konfrans
keçirildi
Azərbaycan
mətbuatının inkişafı və təşəkkülündə
müstəsna rolu, yüzlərlə jurnalistin yetişməsində
əvəzsiz xidməti olan ziyalılarımızdan biri də
görkəmli pedaqoq, böyük alim, ustad redaktor Nəsir
İmanquliyevdir. Xalqın daim böyük dəyər verdiyi
bu ziyalımızın 100 illiyi adına layiq səviyyədə
qeyd olunur.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 23 noyabr 2011-ci il tarixli sərəncamına
əsasən, Nəsir İmanquliyevin 100 illik yubileyi ilə
bağlı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
tədbirlər keçirilir. Belə tədbirlərdən
biri də dekabrın 20-də M.F.Axundzadə adına Milli
Kitabxanada reallaşdı. Tanınmış elm və ədəbiyyat
adamları, jurnalistlər, N.İmanquliyevin tələbələri,
mətbuat və ictimaiyyət nümayəndələrinin
iştirak etdiyi elmi konfransda böyük ziyalının həyat
və yaradıcılığına nəzər
salındı, “Kütləvi informasiya vasitələrində
obyektivlik və operativlik, forma və məzmun vəhdəti
prinsiplərinin təmin edilməsinin “Bakı” - “Baku” təcrübəsi”
mövzusuna həsr olunmuş konfransda jurnalistikamız, onun
inkişafını səciyyələndirən amillərdən
danışıldı.
Örnək həyat yolu
Tədbiri giriş sözü ilə
kitabxananın direktoru Kərim Tahirov açaraq mətbuat fədaisi,
dövrünün liberal ziyalısı, azərbaycançılıq
ideyalarının daşıyıcısı olan Nəsir
İmanquliyev şəxsiyyətindən danışdı.
Onun ziyalılığının, peşəkar
redaktorluğunun, ustad pedaqoqluğunun hələ uzun illər
belə konfrans və görüşlərin müzakirə
predmeti olacağını dedi.
Tədbirə aparıcılıq
edən «525-ci qəzet»in baş redaktoru, AYB-nin katibi,
yazıçı Rəşad Məcid də bir zamanlar
jurnalistikanın sirlərini əxz etdiyi müəllimini
xatırladı, onun mətbuatımızın, jurnalistikamızın
inkişafındakı rolunu qeyd etdi. Nəsir İmanquliyevin
yubileyi ilə bağlı ölkə
başçısının imzaladığı sərəncamı
yüksək qiymətləndirən R.Məcid bu sənədi
ümumilikdə Azərbaycan mətbuatına, onun qələm
əhlinə verilən yüksək dəyər kimi səciyyələndirdi.
Mətbuatımızın patriarxı Nəsir İmanquliyevin
yaratdığı “Bakı” və “Baku” qəzetlərindən
söz açaraq bu nəşrlərdə “Əkinçi”nin,
“Molla Nəsrəddin”in ideyalarının davam etdirdiyini, səhifələrində
dövrün ən məşhur ziyalılarının, elm və
mədəniyyət xadimlərinin imzalarının yer
aldığını nəzərə çatdırdı.
Tədbirdə
çıxış edən mədəniyyət və turizm
nazirinin birinci müavini Vaqif Əliyev Nəsir İmanquliyevin
jurnalistikamıza gətirdiyi ənənələrdən, onun
həyat və fəaliyyətindən danışdı: «O,
çox mənalı və dolğun həyat yolu keçib.
Qarşısına qoyduğu böyük məqsədlərə
nail olaraq Azərbaycan elmi və mətbuatında öz
sözünü deyə və bununla da yaddaşlarda qala bilib.
Nəsir İmanquliyev jurnalistika sahəsində böyük
uğurlara nail olub. Bunların içərisində təbii
ki, ən başlıcası böyük jurnalistika məktəbi
yaratmasıdır. Bu böyük ziyalını tanıyanlar
çox gözəl bilir ki, o həm qayğıkeş insan,
bununla yanaşı həm də tələbkar və səliqəli
rəhbər, müəllim idi. O, 50 illik pedaqoji fəaliyyəti
ilə minlərlə gəncə elm verib, sənət, qəzet,
jurnalistika ilə məşğul olanlara öz bilik və
bacarığını öyrədib. Jurnalistika təhsili ilə
bağlı Azərbaycan dilində kitabların az olduğu
vaxtda bu boşluğu doldurmağa çalışıb. Tələbələri
Nəsir müəllimin yaratdığı qəzetlərdən
örnək qəzetçiliyi, peşəkar, səlis redaktə,
operativ jurnalistikanın sirlərini mənimsəyiblər”.
Nəsir müəllimin jurnalistlərlə
yanaşı, həm də əsl Azərbaycan vətəndaşı
yetişdirdiyini, onları vətənə, millətə sevgi
ruhunda tərbiyə etdiyini vurğulayan natiq onun yetirmələrinin
bu gün ən müxtəlif vəzifələrdə ölkəyə
ləyaqətlə xidmət etdiklərini vurğuladı.
Gənc
yazarların dostu
Azərbaycan Yazıçılar
Birliyinin sədri, Xalq yazıçısı Anar görkəmli
mətbuat xadimini ədəbiyyata, şeirə, sənətə
gələn istedadlı yazarların, qələm əhlinin
dostu adlandırdı. Nəsir İmanquliyev barədə xatirələrini
bölüşən yazıçı ədəbi əsərlərin
çap olunduğu «Bakı» qəzetinin onun imzasının
tanınmasında da mühüm rol oynadığını
dilə gətirdi: «Gənc yazarların əsərlərinə
yerli-yersiz dəyişikliklər etmək, əlavə və
ixtisarlar aparmaq kimi vərdişlər Nəsir müəllimdən
uzaq idi. Onun hər müəllifə, hər yazıya fərdi
yanaşma qabiliyyəti, yüksək duyarlığı
vardı. Yazının ruhunu bəzən elə müəllifi
qədər bilirdi, yaşayırdı. Bu mənada o, mənim
ədəbi yaradıcılığımda, redaktor kimi
taleyimdə mühüm rol oynayıb. O, hər müəllifə
qayğıkeşliklə yanaşar və yaşından
asılı olmayaraq, müəllifə, onun qələminə
hörmət edərdi. Elə ona görə də onun qəzetinin
öz imici, çəkisi var idi».
Mətbuat Şurasının sədri
Əflatun Amaşov belə görkəmli ziyalıların
yaratdığı məktəbin yetirmələrinin
simasında mətbuatımızın hələ uzun illər
yaşayacağını dedi: «Nəsir müəllimin
jurnalistika ilə bağlı fəaliyyəti barədə
danışarkən təkcə yaratdığı «Bakı »
və «Baku» qəzetlərinin adını çəkmək
kifayət edər. Mən o vaxtlar Moskva Dövlət Universitetində
təhsil alırdım və biz orada qəzetçilik təcrübəsi
dərslərində axşam qəzetləri sırasında
«Baku» qəzetindən də nümunə, dərs vəsaiti
kimi istifadə edirdik. Təbii ki, bir azərbaycanlı kimi bu məni
çox qürurlandırırdı. Nəsir müəllim o
qəzeti həm də özünün jurnalistika məktəbi
mərtəbəsinə qaldıra bildi. O, böyük müəllim
idi. Onun bir məktəbi ADU-nun jurnalistika fakültəsindəki
tədrisi, ikinci məktəbi ilə böyük ənənələrin
daşıyıcısı olan redaksiyası, qəzetləri
idi».
AMEA-nın müxbir üzvü,
akademik, millət vəkili Nizami Cəfərov Nəsir
İmanquliyevin parlaq şəxsiyyətindən, azərbaycançılıq
ideyalarının, milli məfkurə məsələlərinin
sığma-boğma edildiyi məqamlarda öz
sözünü demək məharətindən söz
açdı. Onun ədəbiyyata, ədəbi tənqidə
münasibətinin yüksək olduğunu, qəzet səhifələrində
zəngin ədəbi mühit yarada bildiyini xatırlatdı.
Akademik Vasim Məmmədəliyev
isə atasının dostu, sinif yoldaşı kimi
xatırladığı və daim böyük sevgi ilə
andığı Nəsir İmanquliyevlə bağlı xatirələrini
danışdı: «O özünə və qarşısındakına
daim böyük hörmətlə yanaşardı.
Sanballı, ağırbatman ağsaqqal idi. Amma təbii ki, o
ağırlığın arxasında böyük bir nəcabət,
ziyalılıq dururdu. O, sözün əsl mənasında
kişi kimi kişi, ağsaqqal idi. Onun ziyasında
insanlığı, sadəliyi, mehribanlığı,
qayğıkeşlik təbii ki, ön sırada dururdu. Elə
ona görə də o, neçə onilliklər bundan sonra da
belə xoş sözlərlə xatırlanacaq».
Ənənələrin
«Bakı»sı
Millət vəkili,
yazıçı Elmira Axundova böyük ziyalının
yaratmış olduğu qəzetin ənənələrinin
ayrı-ayrı qəzetlərdə davam etdirildiyini dedi. O, həmçinin
Nəsir müəllimin ruhuna ehtiram əlaməti olaraq
«Bakı» qəzetinin yenidən, daha yüksək səviyyədə
nəşr olunaraq yayılmasının vacibliyini qeyd etdi. Qəzetin
əvvəlki populyarlığının qaytarılması
üçün Nəsir müəllimin tələbələrinin
səfərbər olması təşəbbüsü ilə
çıxış etdi.
Tanınmış jurnalist, bir
zamanlar yubilyarın qəzetində
çalışmış və elə imzasını da o mətbu
orqan vasitəsi ilə tanıtmağa nail olmuş Zemfira Məhərrəmli
də onu gözəl rəhbər, peşəkar baş
redaktor kimi xatırladı. Nəsir müəllimin parlaq
simasının daim belə xoş sözlərlə
xatırlanacağını dilə gətirdi. Onun yetirmələrinin,
sənətkarlıq məktəbinə az da olsa baş
vuranların bundan daim fəxrlə
danışdıqlarını etiraf etdi.
Millət vəkili, Xalq
yazıçısı Sabir Rüstəmxanlı isə milli
ideyaların daşıyıcısı kimi mühüm
missiyanı həyata keçirən N.İmanquliyevin ədəbiyyatımız,
mədəniyyətimiz tarixində müstəsna rolu
olduğunu vurğuladı. İnsanın xatırlandıqca
yaşadığını deyən yazıçı
N.İmanquliyevin də belə şəxsiyyətlərdən
olduğunu dilə gətirdi. Onun yaratdığı qəzetin
sovet dövrü mətbuatında bir növ müxalif, rəsmi
fikirlərə uymadan millətin, xalqın mənəvi
saflaşmasına, onların milli ruhda yetişməsinə təkan
vermək kimi bəşəri missiyanı həyata
keçirdiyini dedi. Həmin qəzetləri ən xırda xəbərləri,
zarisovka və etüdləri belə yüksək bədiilik,
peşəkarlıqla təqdim edən ən yaxşı mətbu
nümunə adlandırdı.
Müəllimlər müəllimi
Millət vəkili, «Azərbaycan» qəzetinin
baş redaktoru Bəxtiyar Sadıqov gözəl müəllim
Nəsir İmanquliyevi daim xoş xatirələrlə
andığını bildirdi. Bir qəzetçi kimi ondan
çox şey öyrəndiyini və hələ uzun illər
onun məktəbinin yetirməsi olmaq qürurunun onu tərk etməyəcəyini
dedi.
AzərTAc-ın baş direktoru
Aslan Aslanov isə nəzəri və təcrübi cəhətdən
məktəb adlandırdığı ustad redaktoru
jurnalistikanı özünə peşə, ələlxüsus
da həyat yolu seçənlər üçün örnək
adlandırdı. Jurnalistikamızın, milli mətbuatın
klassikinə çevrilmiş ziyalımızın yubileyinin
dövlət tərəfindən qeyd olunmasını
ziyalıya, mətbuat tariximizə qiymət kimi səciyyələndirdi.
Onu müdrik insan, dövrünün tanınmış ziya
yayıcısı, gözəl rəhbər, qeyri-adi istedada
malik qəzetçi kimi xarakterizə etdi. Onun
yaratdığı qəzeti ikinci jurnalistika fakültəsi
adlandırmaqla çoxsaylı qələm əhlinə
nümunə göstərdi.
Sonda söz Milli Aviasiya
Akademiyasının rektoru, akademik Arif Paşayevə verildi. Nəsir
İmanquliyev haqqında xoş xatirələrini məclis
iştirakçıları ilə bölüşən Arif
Paşayev onun şəxsiyyətinin, alicənablığının,
ziyalılığının hər zaman örnək
olduğunu vurğuladı: «O mənim üçün
çox əziz simalardandır. Maraqlı şəxsiyyəti
var idi. O, millətinə, xalqına bağlı şəxsiyyət,
jurnalistika peşəsinin fədaisi idi. Yorulmadan, usanmadan bu
işlə məşğul olur və xalqının maariflənməsinə,
informasiya təminatı ilə yanaşı, ədəbi səviyyəsinin
də yüksəlməsinə xidmət edirdi».
Konfrans iştirakçıları
N.İmanquliyevin həyat və
yaradıcılığının ən müxtəlif məqamlarının
həkk olunduğu elektron məlumat bazası, səsinin
yazıldığı fonoqramı və əsərləri,
haqqında çıxan məqalələrin
toplandığı sərgi ilə də tanış oldular.
Həmidə
Nizamiqızı
Mədəniyyət.-
2011.- 21 dekabr.- S. 3.