Gənc istedadlar, yeni təəssüratlar

 

   Musiqi estetik tərbiyənin mühüm vasitəsidir. O, yetişən nəslin təfəkkür qabiliyyətinin inkişafında böyük rol oynayır. Ölkəmizdə gənc musiqiçilər nəslinin yetişməsinə hər zaman böyük diqqət verilib.

  

   Bu da təbiidir, çünki istedadlı gənclər Azərbaycan musiqisinin gələcəyinə bir körpüdür. Qabiliyyətli gənclərə şərait yaratmaqla, doğru yol göstərməklə onları böyük səhnələrə çıxarmaq lazımdır. Bu işə Bülbül adına Orta İxtisas Musiqi Məktəbi də öz töhfəsini verir.

   Dekabrın 17-də Azərbaycan Dövlət Filarmoniyasında təşkil olunan «Yeni təəssüratlar» adlı konsert də bu qəbildən idi. Bədii rəhbər və dirijor, Xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə gənc solistlərin ifasında səslənən əsərlər gecənin iştirakçılarına xoş ovqat bəxş etdi. Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət maraqlı konsert proqramı ilə çıxış edən ifaçılar müxtəlif alətlərdə yaradıcılıq qabiliyyətlərini göstərdilər.

   Konsert Dövlət Kamera Orkestrinin ifasında görkəmli bəstəkar Nazim Əliverdibəyovun «Vals-skertso» əsəri ilə başladı. Sonra Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin müəlliməsi, musiqişünas Aybəniz Məmmədova çıxış edərək məktəbin tarixi və bu günü haqqında tamaşaçılara məlumat verdi. Sonra səhnəyə gənc solistlər çıxdı.

   Konsertdə məktəbin iki gənc pianoçusu - Prezident təqaüdçüləri Vurğun Vəkilov və Nərmin Nəcəflinin çıxışları böyük alqışlarla qarşılandı. Skripkaçılardan Aytən İbrahimova, Zərifə Alxazova, Nəzrin Aslanlı, tarzənlərdən İsmayıl Zülfüqarov və Atabəy İsmayılov, klarnet ifaçısı Emil Bağırov, vokalçılardan Həmid Abdulov və Fatimə Cəfərova Ü.Hacıbəyli, F.Əmirov, H.Rzayev, F.List, A.Lara, P.Lokatelli, J.Massne, P.Jan-Jan və F. Şopenin əsərlərini böyük müvəffəqiyyətlə ifa etdilər.

   Əlbəttə, hər bir tələbənin istedadlı musiqiçi kimi yetişməsində müəllimlərinin rolu danılmazdır. Konsertdə bir daha əmin olduq ki, bu gənclərin əsl musiqiçi kimi daha da püxtələşməsində Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin direktoru Teymur Göyçayev başda olmaqla, müəllim heyəti böyük əmək və zəhmət sərf edirlər. Onlar öz tələbələrinə zəruri ifaçılıq vərdişləri aşılayır, onların musiqi zövqünün və estetik tərbiyəsinin formalaşmasında var qüvvələri ilə çalışırlar.

   Azərbaycan xalq musiqisinə dərindən bələd olmaq və müasir bəstəkarlıq texnikasının üsullarından məharətlə istifadə etmək, son dərəcə gözəl, rəngarəng orkestr uyğunlaşması yaratmaq gənc musiqiçilərin əsas amalıdır. İnanırıq ki, bu gənc musiqiçilər Azərbaycan musiqi mədəniyyətinin layiqli təmsilçiləri olub yeni-yeni nailiyyətlər qazanacaqlar.

  

 

   Jalə Qulamova,

   sənətşünaslıq namizədi

 

   Mədəniyyət.- 2011.- 23 dekabr.- S. 15.