Dağ ucalığı
Əli
Vəliyev - 110
Əli
Vəliyev o yazıçılar nəslinə mənsubdur ki, ədəbiyyata
ağrı-acılardan, həyat ziddiyyətlərinin
içindən keçərək gəldi. Özü
demişkən, «bir tikə» vaxtından qədərin hər
üzünü, zülmün min bir rəngini gördü,
yetimçiliyin, qaçqınlığın, çətin
yaşam tərzinin zillətini çəkdi. Başına gələn
bəlalardan sıyrılaraq vüqarla yaşamağı,
yaratmağı bacardı. Ömrü boyu doğulduğu yerlərin
ab-havasını, nəslinin-şəcərəsinin həyat
mücadiləsini unutmadı. Qibləsi sandığı, əsərlərində
tez-tez üz tutduğu İşıqlı dağının
şəfəqləri yaradıcılığına əbədi
nur çilədi, istiqamət verdi. Bəlkə də elə
bu səbəbdəndir ki, yazıçının əsərlərində
dağ ucalığı, çəmən ətri həmişəlik
iz saldı.
Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndələrindən olan Xalq
yazıçısı Əli Vəliyev özünəməxsus
ədəbi irsə malik, silsilə romanları ilə nəsrimizi
zənginləşdirən unudulmaz nasirlərdən biri kimi
tanınaraq sevildi. Əli Vəliyev həm də
xalqımızın taleyini öz şəxsi həyatında
yaşayan, onun ağrı-acılarını ürəyində
daşıyan, erməni-daşnak zülmünün hər
cür üzünü görən, didərginliyin əzablarını
çəkən fədakar bir şəxsiyyət olub. Tənqidçi
Qulu Xəlilov deyərdi: «Həyatın sərt üzü Əli
Qaraoğluna bir bütövlük, əsl kişi xarakteri bəxş
etdi». Bu səbəbdən də ömrü boyu əqidəsinə,
məramına sadiq qaldı. Uzun illər şəhərdə
yaşamasına baxmayaraq qibləsi kənd idi.
Əli Vəliyev 1901-ci ilin fevral
ayında Zəngəzur mahalının Qarakilsə (Sisian)
rayonunun Ağdü kəndində anadan olub. İlk təhsilini
kənddə alsa da, erməni daşnaklarının törətdiyi
qırğın nəticəsində çox erkən
doğulduğu yurdu itirən Əli Vəliyevin həyat yolu
müxtəlif döngələrdən keçib. Həm
yetimliyin, həm yurdsuzluğun əziyyətini çəkən
Əli Vəliyev həyatın ağır sınaqlarından
qalib çıxmaq üçün üzləşdiyi hər
bir bəlaya dözməyi, çıxış yolu
tapmağı bacarıb. Gah Şuşada firqə məktəbində
oxuyub, gah Ağdamdan səsi gəlib, gah yenə də
Şuşa Pedaqoji Texnikumunda təhsil alıb, sonralar
Bakıda Dövlət Pedaqoji İnstitutunda ali təhsilini
tamamlayıb. Həyatın acıları hələ uşaq
ikən onun beynində müxtəlif mövzuların yaranmasına
səbəb olub.
Gənc Əli Vəliyevin
imzası o dövrün müxtəlif qəzet və
jurnallarında görünməyə başlayıb.
«İnqilab və mədəniyyət», «Hücum», «Ədəbiyyat
cəbhəsində» və başqa qəzet və
jurnallarında hekayələri dərc olunub. Erməni
zülmünün hər cür əzabını
görmüş bu zavallı gəncin ölkəni
bürüməkdə olan və insanları öz cərgəsinə
çəkən inqilaba inamı yaranmaya bilməzdi. Bu səbəbdən
də Əli Vəliyevə elə gəlirdi ki, zülmət
gecənin işıqlı səhəri məhz bu yoldadır.
1930-cu ildə Ağdam Rayon Partiya Komitəsinin təbliğat
və təşviqat şöbəsinin müdiri vəzifəsində
çalışan Əli Vəliyev həm də «Kolxoz sədası»
adlı qəzetin redaktoru idi. Sonralar səsi Laçın,
Qubadlı rayonlarından, Naxçıvandan gəldi. Bir tərəfdən
partiya işində çalışır, o biri tərəfdən
isə müxtəlif qəzetlərdə bədii
yazıları ilə çıxış edirdi.
Ölkəni bürüyən
repressiya illərində Əli Vəliyev Azərbaycan
Yazıçılar Birliyinin üzvlüyünə qəbul
olundu. Sonralar bu ittifaqda təşkilat katibi, məsul katib, nəsr
bölməsinin rəhbəri və digər vəzifələrdə
çalışdı. II Dünya müharibəsi
başlananda sovet ordusunun tərkibində Krım cəbhəsində
yazıçı-jurnalist kimi fəaliyyət göstərdi.
Sonralar «Kommunist» qəzetində çalışan Əli Vəliyev
bir müddət də bu mətbu orqanda redaktor işlədi.
Bioqrafiyasında iş yerləri çoxdur. «Azərbaycan» jurnalında
çalışmış, ömrünün sonuna kimi də
qələmini yerə qoymamışdır.
Əli Vəliyev
yazıçı kimi Azərbaycan ədəbiyyatına
maraqlı töhfə vermişdir: «Nənəmin cəhrəsi»,
«Madarın dastanı», «Qarlı dağlar», «Qəhrəman»,
«Sovqat», «Gülşən», «Çiçəkli», «Ürək
dostları», «Zamanın ulduzları», «Turaclıya gedən yol»,
«Anaqız», «Bir cüt ulduz», «Samovar tüstülənir»,
«Durna qatarı», «Qarabağda qalan izlər», «Zəngəzur
qartalları», «İşığa doğru» və başqa
kitabların müəllifidir. Amma mənim yaddaşımda və
biz nəslin duyğularında iz salan kitabı «Budağın
xatirələri»dir. Bu əsəri dəfələrlə
oxumuşam. Uşaqlıq illərimdə, gəncliyimdə və
nəhayət, indi. Hər dəfə də bu kitabı
başa vurduqdan sonra bir müddət özümə gələ
bilməmişəm. Dəhşətlisi budur ki, 1957-ci ildə
yazılmış və ötən əsrin əvvəllərini,
xüsusilə də erməni daşnaklarının Zəngəzurda
törətdikləri faciələri əks etdirən bu əsər
indi də aktualdır. Orada cərəyan edən hadisələrin
mahiyyətinə vardıqca sanki bu faciələrin 1918-1920-ci
illərdə deyil, 1988-1990-cı illərdə baş verdiyini
düşünürsən. Çünki namərd
qonşularımız məhz eyni plan əsasında azərbaycanlıların
yaşadığı kəndlərə hücum edib,
onların mülklərini, evlərini dağıdıb,
olar-olmazını əllərindən alıb, insanlara işgəncələr
verərək qətlə yetirib, soydaşlarımızı
öz doğma ocaqlarından didərgin salıblar. Əli Vəliyev
yazıçı ustalığı ilə başına gələnləri
elə təsirli qələmə alıb ki, bu kitabı
oxuduqca damarlarında qan donur, xalqımızın
başına min bir müsibət açmış ermənilərə
nifrətlə alışıb yanırsan.
«Budağın xatirələri»
kitabı bir növ işğal edilmiş kəndlərimizin bədiiləşmiş
obrazıdır. Çünki müəllif hələ
kitabın giriş hissəsində doğma kəndini belə
təsvir edib: «Kəndimiz Salvartı dağının ətəyindədir.
Kövşənimizdən üç el yolu keçir.
Camaatımız bunlara Cada deyir. Yazın 45-dən
payızın ortalarına qədər bu yollar boş
qalmır. Əriş - arğac kimi tərəkəmə
köçünün ardı-arası kəsilmir. Mahalın ən
böyük kəndində biz yaşayırıq.
Atasından, qardaşından təzə ayrılıb
özünə çomalaq tikənləri nəzərə
almasaq, buraya «beş yüz evli Vüqarlı» deyirlər
(Vüqarlı - Ağdü kəndinin romanda obrazıdır -
F.X.)». Bu kitabda həm kəndin təsviri, həm də ətraf
qonşu yaşayış məskənləri haqqında zəngin
məlumatlar var. Həmin əsərin başqa bir yerində Əli
Vəliyev yazıb: «Bizim kövşənlə Gorusun arası
dağlı-dərəli, təpəli yerlərdir. Buraların
axar-baxarı çox gözəldir. Dərələrdən ətir
qalxır. Təpələr yaşıl dona
bürünüb. El yolunun altı, üstü çiçəklə
bəzənib. Bizim kəndlə Gorus şəhərinin
arasında Arpa, Buğda təpələri, Göbək
daşı, Yantəpə, Üçtəpə, Soyuqbulaq,
Göybulaq, Yeddibulaq kimi yerləri görür, bir çox
müsəlman tacirinə...rast gəlirdim. Yolum
enişli-yoxuşlu, səfərim uzaq idi». Fikir verirsinizmi, yer
adlarının hamısı türk sözlərindən ibarətdir.
Kitabı vərəqlədikcə
gözümüz önündə qəribə mənzərələr
açılır. Vaxtilə yaşadığımız, bəlkə
də qədrini bilmədiyimiz o dilbər yerlərin mənzərələri
pərdə-pərdə dəyişir. Elə bil hər
şey dünən olmuşdu. Biz də bu müəlliflə
bərabər doğma yurddan harasa çıxıb gedirik. Yol
boyu arxamızca su səpən buludlar, xeyir-dua verən küləklər
nəsə pıçıldayır. Bu xəyali səfərlərin
içindəcə Əli Vəliyevin qələmə
aldığı xatirələr vətən həsrəti
çəkən bizləri bərk təsirləndirir.
Əli Vəliyev gördüklərini
bir rəssam istedadı ilə sözlə ifadə etməyi,
doğma yerlərin ələdüşməz təbiətini,
gözəlliyini yaratmağı çox gözəl bacarıb.
Hərdən kitabın müəyyən hissəsini oxuduqca
adamın ürəyinə sanki köz sıxılır. Əli
Vəliyev yazırdı: «Yeddinovlu bulağın üstünə
gəlib doyunca su içdim. Bir qədər oturub yenə kəndə
baxdım. Alçaq daş hasarla araları kəsilmiş
yoncalıqlar, Qızılqayanın altında, Qalayerinin
qabağında meyvə bağları, Ağdüzdən gəlib
kəndin içindən ötən, Yovşanlı düzdən
adlayıb Qarabulağa enən poçt yolu, Çilliklə
Ağoyuğun arasında düzlə birləşmiş enli
yoxuş bir an belə gözlərimdən aralanmırdı...
Buğda təpələrinə boylananda Çöplü
çuxuru unutmadım. Qaranlıq Kahaya nəzər salanda
Örənçəni, Ayı Kahasının üstündəki
Kotan Yerini görəndə Ağsaqqal çuxuru
gözümdən yayınmadı...»
Misal gətirdiyimiz bu nümunələrdə
sonsuz bir gözəllik, qeyri-adi mənzərələr var.
Fikir verirsinizsə, müəllif nə qədər toponim
işlədib. Orada yad ifadəyə, yad sözə rast gəlinmir.
Bütün bunlar isə Ağdü kəndinin, ümumiyyətlə,
Zəngəzur mahalının qədimliyindən və onun məhz
türklərə məxsusluğundan xəbər verir. Əli
Vəliyev elə belədən, xala xətrin qalmasın
yazmazdı: «Mahalda müsəlman kəndləri içərisində
bizim kənd ən böyüyü idi».
Təəssüf ki, bu
könül sevindirən söhbətlərdən sonra müəllif
ürək ağrısı ilə başına gələn
faciələri də dilə gətirib. O, atasının
anasına dediyi bir xəbəri belə qələmə
alıb: «Andronik adlı birisi Osmanlı torpağında
farağat oturmadığı üçün hökumət
onu tutmaq istəyib. O da qaçıb gəlib Gorusa. Bu şəhərdə...
daşnaklar çoxdur. Həmin o daşnaklar Androniki
silahlandırıb əlinin altına çoxlu qoşun veriblər.
Məqsəd budur ki, müsəlmanları qırsınlar».
Bax, faciə də bununla başladı. 1918-ci il Zəngəzur
mahalına qış şaxta, soyuqdan çox,
qırğınla gəldi. İnsanlar erməni vəhşiliyinin
qurbanı oldular. Doğma yerlərlə ayrılıq məqamını
Əli Vəliyev belə qələmə almışdır:
«Zəngəzur mahalından aralanmaq, torpağımızdan
ayrılmaq, suyumuzdan göz çəkmək ağır
idi... Çalbayır gədiyində dayanıb Mağaviz dərəsinə
baxanda dərdim təzələndi... Düzünə qalsa,
İşıqlı dağı iri bir yorğan, Zəngəzur
bu yorğanın üzü, Mağaviz astarı təsirini
bağışlayırdı. Göz işlədikcə
başı qarlı dağlar, yaşıl təpələr,
göy məxmərli düzlər görünürdü...».
Bunlardan sonra
yazıçının ağır günləri
başlayıb və nəhayət, uzun illərdən sonra Azərbaycanın
məşhur yazıçısına çevrilib.
Dünyasını vaxtsız dəyişmiş oğlu Məsud
istedadlı tənqidçi idi. Ədəbi tənqiddə sərt
və obyektiv yazı müəllifi kimi ad
qazanmışdı. Nəvəsi Afaq Məsud hazırda
tanınmış yazıçı və dramaturqdur. Həqiqətən
də bir təsəlli duyğularımızı isidir:
ömür itmir, bitmir, davam edir. Afaq Məsudun nəsrini
oxuduqca, teatrlarda səhnələşdirilən əsərlərinə
baxdıqca ürəyimizin sarı siminə nəsə
toxunur. Bu, istedadın bəhrəsi və nəslin əbədi
kodudur. Genlərin möcüzəsini inkar etmək
mümkün deyil.
Əli Vəliyev uzun illər irihəcmli
əsərlər yazdı, vətən haqqında xatirələr
qələmə aldı, jurnalistlik etdi. Danışırlar
ki, ermənilər vaxtilə İrəvan şəhərində
Andronikin heykəlini qoymaq istəyəndə Əli Vəliyev
dərhal Moskvaya uçaraq bunun qarşısını
almışdı. Bu səbəbdən də həm əsərlərində,
həm yeri düşdükcə nitqlərində
daşnakları pisləyən, onların iç
üzünü açan yazıçını ermənilər
sevmirdilər. Maraqlıdır ki, Əli Vəliyev bir də
ata yurduna ahıl çağında döndü. 1971-ci ildə
unudulmaz yazıçının anadan olmasının 70 illiyi
ilə əlaqədar müxtəlif tədbirlər
keçirilirdi. Təbii ki, sovet dövründə
yaşadığımız üçün Xalq
yazıçısının doğulduğu yerdə də
yubiley mərasimi olmalı idi. Həmin ilin yazında Əli Vəliyev
sənət dostları - tənqidçi Qulu Xəlilov,
şairlərdən - Famil Mehdi, Məmməd Rahim,
yazıçı Bayram Bayramov və başqaları ilə
birlikdə rayona gəlmişdi. Xalq
yazıçısını - o dövrdə SSRİ-də məşhur
olan bir qələm sahibini rayon mərkəzində ermənilər
qarşılamadılar. Türk yazıçısının
bu cür büsat və sevgi ilə qarşılanmağı
daşnakları hiddətləndirirdi. Çünki onlar Əli
Vəliyevə düşmən kimi baxırdılar.
Yaxşı yadımdadır, yazıçısını
qarşılamaq üçün yalnız Ağdünün sakinləri
deyil, qonşu kənddə yaşayan azərbaycanlılar, eləcə
də Bakıdan gələn ziyalılar Əli Vəliyevi nəinki
Zəngəzurun girəcəyində, Naxçıvanda
qarşıladılar. Böyük təntənə və yol
boyu sıralanan maşın karvanı ilə doğulduğu,
yeniyetmə ikən zorla tərk etdiyi, yaşının
müdrik çağında döndüyü doğma
Ağdü kəndinə gətirdilər. Kənd klubunda
gözəl bir mərasim təşkil edildi. İndi də o
görüş gözlərim önündən çəkilmir.
Əli Vəliyev uşaq kimi kövrəlmişdi. Səsi titrəyir,
gözləri dolub boşalırdı. O axşam qəribə
bir hadisə də baş verdi. Sonralar bunu Qulu Xəlilovdan
eşitmişdim. Həmin tədbirdə bir
ağsaçlı qoca qadın gözlərini
yazıçıya dikərək baxışlarını bir
an belə ondan yayındıra bilmirdi. Əli Vəliyev nə
qədər həyəcanlı olsa da, həssas idi. O bu dolu
baxışlardan bir mətləb anlamasa da, ürəyinə
şübhə damdı.
Tədbirdən sonra ona
yaxınlaşaraq soruşdu:
- Ay bacı, sifətin mənə
çox tanış gəlir. Nə qədər
çalışdım, tanıya bilmədim.
Yaşlı qadın
sıxılaraq:
- Tanımadınsa, nə dəxli
var, ay Əli müəllim?
- Noolar, tanışlıq
ver, kimsən?
- Nə deyim? Doğrudan da dəsmal
ayrılıq imiş.
Bu sözlər
Əli müəllimə
güllə kimi sıxılır. Sən demə,
kənddən çıxanda
əhd-peyman etdiyi, yadigar üçün dəsmal bağışlayaraq
«bunu ölüncə
saxla» dediyi və sonrakı qəzavü-qədərdə ölmüş
sandığı ilk sevdasıymış.
Demə,
qadın heç də ölməyibmiş.
Çox
sonralar kəndə qayıdıblar. Ömrü boyu
da əhdinə sadiq qalıb. Amma bircə dəfə də olsun Bakıya
sifariş göndərməyib
ki, mən salamatam. Bu da
erməni qəddarlığının
bir mənəvi zülmü idi.
İlk dəfə Əli
Vəliyevin «Madarın
dastanı» əsərini
oxumuşdum. Sonra bütün
əsərlərini. Bu
gün stolüstü
kitabım isə «Budağın xatirələri»di.
Doğma
yerlərin ətrini alıram o kitabdan. Oxuduqca... Gözlərimdən yuvarlanan damcılara
qoşulub vətənə
dönmək istəyirəm.
Amma... Ürəyim sızıldayır.
İndi nə o yurd
yerləri var, nə də Əli Vəliyev. Yaxşı ki yazılanlar qalıb. Əli Vəliyev bir
vaxtlar «Zəngəzur
qartalları» yazdı,
«Qarabağda qalan izlər» söylədi.
Bizə elə gəlir ki, bax, elə
bu qartallar da o izləri yenidən bərpa edəcək. Əli Vəliyevin
özü də bir qartal idi.
Erməni fitnəkarlığının
ucbatından ömrü
boyu vəsf etdiyi dağlarından ayrı düşdü.
İndi cismi burda - Bakıda
uyusa da, ruhu çoxdan doğma yerlərə qanadlanıb. Xiffətimizə
son qoyacaq o günün
varlığına inanırıq:
qartalları yəqin dönər dağların!
Flora Xəlilzadə,
yazıçı-publisist
Mədəniyyət.-
2011.- 23 dekabr.- S. 13.