Mətbəx mədəniyyətimizin unudulmaz siması

 

   Azərbaycan Milli Kulinariya Assosiasiyasının fəxri üzvü, usta aşpaz Şahhüseyn Kərimov dekabrın 3-də 64 yaşında dünyasını dəyişdi. Bu xəbər onu tanıyanlarda böyük üzüntü hissi yaratdı. Şahhüseyn Kərimov milli mətbəx mədəniyyətimizin unudulmaz siması idi. 50 illik fəaliyyəti ərzində Azərbaycanın mətbəx mədəniyyətinə silinməz iz salmış, dünya dərəcəli aşpaz olmuşdur.

  

   Şahhüseyn Qulu oğlu Kərimov 1947-ci il sentyabrın 2-də Lənkəran şəhərində anadan olub. 12 yaşından bu sahədə fəaliyyətə başlayıb, ilk aşpazlıq dərslərini o vaxtlar Lənkəranın tanınmış aşpazlarından sayılan atası Qulu ustadan alıb. 1964-cü ildə indiki 11 saylı Bakı Peşə Məktəbinə qəbul olub. Həmişə mətbəxdə ona ustalıq eləmiş Nurəddin ustanı xoş sözlərlə yad edər, ondan çox şey əxz etdiyini, “Şah plovu” da ondan öyrəndiyini deyərdi.

   Təhsilini başa çatdırdıqdan sonra, əsgərlik illərində də təlimatçı aşpaz kimi çalışan Şahhüseyn usta həyatını bu sənətə bağlamağa qərar verir. Lənkəranda 6 saylı və “Sahil” pavilyonlarında, “Lənkəran” restoranında, “Dostluq” restoranında, “Lənkəran” mehmanxanasının restoranında çalışıb.

   Biz Şahhüseynlə 1980-ci ildə Lənkəranda tanış olduq. Onunla birgə Lənkəran mətbəxini topladıq, onun yerli mətbəxi dərindən bildiyinin şahidi oldum. Bakıda 1990-cı ildə keçirilən milli mətbəx ongünlüyündə Qarabağ (Şuşa) mətbəxi, Gəncə mətbəxi, Şəki mətbəxi və Lənkəran mətbəxi restoranları fəaliyyət göstərirdi. Lənkəran mətbəxi “Şərq Bazarı” restoranında yer almışdır. Şahhüseynin məharəti burada çox geniş açıldı və mən onu baş nazir Həsən Həsənova və ticarət naziri Ağasəlim Bağırova təqdim etdim. 1990-cı ildə keçirilən Ümumrespublika Çempionatında ən yaxşı aşpazlar kimi Şahhüseyn Kərimov və İlham Uğurluyev Soçiyə turpaketlə mükafatlandırıldılar. Mən o zaman SSRİ Kulinariya Assosiasiyasının İdarə heyətinin üzvü və Təbliğat şöbəsinin rəhbəri kimi Şahhüseyni əsl Azərbaycan sənətkarı kimi tanıtdım. 1992-ci ildə Dünya Kulinariya Təşkilatları Birliyinə üzv olmaq üçün Almaniyada (Frankfurt) keçirilən Dünya Kulinariya Konqresində də nümayəndə heyətimizin tərkibində idi.

   Nəhayət, 1993-cü ildə onun da yer aldığı Azərbaycan komandası ilk dəfə Maltada Beynəlxalq Kulinariya Çempionatında iştirak etdi. Komandamız qızıl, gümüş və bürünc medallarla geri döndü. Bu mükafatların qazanılmasında Şahhüseynin də böyük zəhməti vardı.

   1993-cü ildə Azərbaycan Milli Kulinariya Mərkəzinin təqdimatı ilə Şahhüseyn Kərimova “Usta” dərəcəsi verildi. O, 4-cü dərəcədən, 5-ci və 6-cı dərəcələr olmadan, birbaşa “usta” dərəcəsi olan ilk və yeganə aşpazımız oldu. Həmin ildən o, fəaliyyətini Bakıda davam etdirdi. “Turac” restoranında, “Gənclik” kafesində, “Qurd qapısı” restoranında, “Ceyran” kafesində usta dərəcəli aşpaz kimi xalqımıza xidmət göstərdi. 2001-ci ildən “Köhnə şəhər” restoranında baş aşpaz kimi çalışmaqla yanaşı bütün vaxtını yolunu davam etdirən şagirdlərin yetişdirilməsinə sərf edən Şahhüseyn Kərimovun 200-dən artıq yetirməsi var. Milli Kulinariya Mərkəzində çalışan texnoloqlar və kulinarlar da Şahhüseyn müəllimin yanında təcrübə keçmişlər.

   Azərbaycan aşpazlarından yalnız Şahhüseyn Kərimov Azərbaycan Milli Kulinariya Assosiasiyasının ən yüksək mükafatını - “Fəxri üzv” adını qazanıb.

   Şahhüseyn öz şagirdləri ilə fəxr edir, onların sonrakı həyatı ilə maraqlanırdı. Bir çox şagirdləri də: “Mən Şahın şagirdiyəm”, “Şahın yanında təcrübə keçmişəm”, ya da “Şahla bir yerdə işləmişəm” - deyə fəxr edirlər.

   Şahhüseyn çox gözəl həmkar idi. Milli Kulinariya Assosiasiyasının ağsaqqallarından sayılırdı. Yaxşı yol yoldaşlığı, zarafatçılığı vardı. Ailəsini, xüsusilə çox sevirdi. Sənətinin vurğunu idi. Çox sevdiyi nəvəsi Mehdiyə də öz peşəsini öyrədirdi. Ümumiyyətlə, Şahhüseyn bu işdə də başqa ustalardan seçilirdi. Allahdan gizli deyil ki, bir çox aşpazlarımız bildiklərini başqalarına öyrətməkdə yumşaq desək, xəsislik edirlər. Şahhüseyn isə bildiklərinin hamısını şagirdlərinə öyrədib, “Siz də gələcəkdə öz şagirdlərinizə öyrədin” - deyərdi.

   Şahhüseyn Kərimov bir sıra Beynəlxalq müsabiqələrin qalibi olub, bir çox mükafatlar qazanmışdı. Dünyanın bir çox ölkələrində - Rusiya, İngiltərə, Almaniya, Fransa, Malta, Özbəkistan, Sinqapur, Amerika, İspaniya, Malaziya və sairələrində mətbəx mədəniyyətimizi müvəffəqiyyətlə təmsil etmiş qızıl, gümüş, bürünc medallara və diplomlara layiq görülmüşdü. 2009-cu ildə Bakıda keçirilmiş I İslam Mətbəxi Beynəlxalq Festivalında və 2011-ci ildə Azərbaycan Milli Mətbəx Festivalında münsiflər heyətinin üzvü idi.

   Bir çox plovların, xörəklərin ilk dəfə restoran biznesinə gətirilməsində Şahhüseynin çox əməyi olub. Restoran biznesinə “Şah plovu” da gətirmişdi.

   Çox təvazökar idi. Özündən soruşanda, “Yox-yox, mənə “Şah plovu” Nurəddin ustam öyrədib” - deyərdi.

   Tək arzusu mətbəx mədəniyyətimizə, onun daşıyıcılarına dövlət qiymətinin verilməsi idi. İstədiyi Azərbaycanda, digər peşə sahibləri kimi, kulinarların da ayrıca peşə bayramı gününün qeyd edilməsi idi.

   Həyatının son aylarında səhhəti onu çox incitsə də, hər bir şagirdinin qazandığı uğur ona çox böyük sevinc bəxş edirdi. Macal verməyən xəstəlik isə onu sevimli ailəsindən, əziz şagirdlərindən ayrı saldı.

   Həmişə yaddaşlarda yaşayan, unudulmayan gözəl insan, ustad aşpaz, sadiq həyat yoldaşı, sevimli ata, qayğıkeş baba...

   O doğrudan da Şah idi, Azərbaycan mətbəxinin Şahı.

   Allah rəhmət eləsin. Qəbri nurla dolsun.

  

 

   Tahir Əmiraslanov,

            Azərbaycan Milli Kulinariya

            Mərkəzinin baş direktoru, Azərbaycan

            Milli Kulinariya Assosiasiyasının prezidenti

 

   Mədəniyyət.- 2011.- 23 dekabr.- S. 12.