Ağadadaş Qurbanovun 100
illik yubileyi doğma teatrında qeyd olundu
Dekabrın 20-də Mədəniyyət və Turizm
Nazirliyinin dəstəyi ilə Gənc Tamaşaçılar
Teatrında görkəmli sənətkar, unudulmaz teatr və
kino aktyoru Xalq artisti Ağadadaş Qurbanovun anadan olmasının
100 illiyinə həsr olunmuş yubiley gecəsi keçirildi.
Gənc aktyorlar Günel Məmmədova
və Elnur Kərimovun aparıcılıq etdiyi tədbiri
teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov
açaraq, Azərbaycanın teatr tarixində silinməz iz
qoymuş sənətkarların yubileylərinin keçirilməsinin
böyük önəm kəsb etdiyini vurğuladı.
Ağadadaş Qurbanovun Gənc Tamaşaçılar
Teatrının qurucularından biri olduğunu, onun sənət
yolunun böyük hissəsinin bu teatrda keçdiyini
xatırlatdı: “Biz bu tədbirə hazırlaşarkən
çox həyəcan keçirirdik. Çünki
Ağadadaş Qurbanovun yaradıcılığından
danışarkən eyni zamanda teatrımızın tarixinə
nəzər salmalıyıq. Görkəmli sənətkarı
xatırlarkən onun sənətə bağlı
övladlarından da mütləq söz
açmalıyıq. Təəssüf ki, onlardan ikisi
dünyasını dəyişib. Gülşən Qurbanova bu
səhnədə neçə-neçə obrazlara səhnə
həyatı verib. Onun tamaşalarını çox gözəl
xatırlayıram. Ağadadaş Qurbanovun oğlu Hamlet Qurbanov
Akademik Milli Dram Teatrında çalışıb. Hər
ikisi həyatdan vaxtsız getmişlər. Yaşasaydılar
daha neçə-neçə maraqlı obrazlarla
tamaşaçıların qarşısına
çıxacaqdılar».
Teatr Xadimləri
İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemət
Ağadadaş Qurbanovun teatr sənətinin
inkişafındakı xidmətlərindən, Gənc
Tamaşaçılar Teatrındakı fəaliyyətindən
söz açdı: «Ağadadaş Qurbanov deyəndə
böyük sənət dövrü göz önünə gəlir.
Gənc Tamaşaçılar Teatrı indiki Aktyor Evi olan məkanda
yerləşirdi. Mən balaca uşaq ikən ilk dəfə
Ağadadaş Qurbanovu orda görmüşəm. Mənim
üçün bu gün burda çıxış etmək
böyük şərəfdir. Heç düşünməzdim
ki, zaman gələcək, onun haqqında söz deyəcəyəm.
O, çox gözəl, maraqlı insan idi. Atam Zəfər Nemətovu
bu teatra sövq edən də Ağadadaş Qurbanov olub. Mənim
üçün o Ağadadaş «əmi» olub. Çox səmimi
və mehriban olduğundan onu özümə doğma
bilmişəm. Sonralar Gənc Tamaşaçılar
Teatrında Gülşən Qurbanova, Akademik Milli Dram
Teatrında isə Hamlet Qurbanovla birgə işləmişik».
Natiq uşaqlıq illərini də
xatırlayaraq, məktəbdə dəcəlliyinə görə
tənbeh edilərkən kömək üçün həmişə
“Ağadadaş əmi”yə müraciət etdiyini dedi.
Xalq artisti Ağaxan Salmanlı
A.Qurbanovun pərəstişkarı olduğunu, onun
sağlığında böyük xalq məhəbbəti
qazandığını bildirdi: «Onu əsasən «Şeyx Sənan»,
«Şirvan gözəli», «Mariya Tüdor» tamaşalarında
görüb, pərəstiş etmişəm. Teatrın
kollektivində elə bir insan yox idi ki, onu sevməsin.
Çünki heç vaxt, heç kimin xətrinə dəyməyib.
Səmimiliyi ilə hamının qəlbinə yol
tapırdı».
Daha sonra Xalq artisti Rafiq Əzimov,
kinoşünas, Əməkdar incəsənət xadimi
Aydın Kazımzadə çıxış edərək,
A.Qurbanov haqqında fikirlərini dilə gətirdilər, onun
yüksək insani keyfiyyətlərindən
danışdılar.
Tədbirdə həmçinin
A.Qurbanovun çəkildiyi filmlərdən kadrlar
nümayiş etdirilərək, oynadığı rollar Gənc
Tamaşaçılar Teatrının aktyorlarının
ifasında canlandırıldı.
Qeyd edək ki, teatrın foyesində
aktyorun yaradıcılığını əks etdirən
guşə yaradılıb.
Gülər
Mədəniyyət.-
2011.- 23 dekabr.- S. 11.