Teatr təhsilimizin 90 illiyi qarşısında

 

   Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Timuçin Əfəndiyevlə söhbət

  

   - Timuçin müəllim, başa vurmaqda olduğumuz 2011-ci il, sizcə, ictimai-mədəni həyatımızda nə ilə yadda qalacaq?

   - 2011-ci il bir sıra unudulmaz hadisələrlə yadda qalacaqdır. Dünyanı bürümüş və hələ də təsiri sovuşmayan maliyyə böhranına baxmayaraq, ölkəmiz üçün bu il iqtisadi, əhalinin sosial rifahının möhkəmləndirilməsi baxımından uğurlu il hesab oluna bilər. Aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi, ayrı-ayrı sahələr üzrə əmək haqlarının yüksəldilməsi, minimum əməkhaqqının 10 faiz artırılması bu sahədə addımların əməli xarakter daşıdığını göstərir. Azərbaycanın yaxın iki il müddətinə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi isə uğurlu xarici siyasətimizin, diplomatiyamızın dünya birliyində ciddi nüfuz qazanmasının bariz nişanəsi kimi dəyərləndirilə bilər.

   Şübhəsiz ki, bütün bunlar ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıtmasından sonra apardığı ağıllı və müdrik siyasətin nəticəsidir. Və artıq səkkiz ildir ki, bu müdrik siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən daha da rövnəqləndirilir və ardıcıl surətdə inkişaf etdirilir.

   Mədəniyyət, incəsənət sahəsində də böyük uğurlar əldə etmişik. Şübhəsiz ki, həm ötən illərin, həm də bu ilin mədəni nailiyyətləri yeni dövr tariximizin ən parlaq səhifələrindən birinə çevriləcəkdir. Xüsusilə UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın istər təhsil, istərsə də mədəniyyət sahəsində gördüyü işlər məni olduqca fərəhləndirir.

   Bu gün Azərbaycan çiçəklənir, gündən-günə inkişaf edir. Respublikamız beynəlxalq iqtisadi layihələrdə etibarlı tərəfdaş kimi dünyanın aparıcı dövlətlərinin daim diqqət mərkəzindədir. Təbii ehtiyatların Avropaya nəqli ölkəmizin iqtisadi inkişafına təkan vermiş, onu dünyada nüfuzlu söz sahibi etmişdir. Ölkənin iqtisadi potensialı gücləndirilmiş, bir çox sahələrdə, o cümlədən ordu quruculuğu, infrastruktur, mədəniyyət, təhsil sahəsində ciddi uğurlar əldə edilmişdir. Bütün bunlar düşünülmüş, düzgün yönləndirilmiş siyasətin nəticəsidir və ölkəmizin nailiyyəti kimi dəyərləndirilməlidir.

   - Məlumdur ki, yaxın gələcəkdə respublikamızda teatr təhsilinin 90 illiyi qeyd olunacaqdır. Hörmətli professor, bu, Mədəniyyət və İncəsənət Universitetinin 90 illiyi demək deyilmi? Bu 90 ilin zirvəsindən baxdıqda nələri görürsünüz?

   - Təbii ki, bu bizim universitetimizin yubileyi deməkdir. Çünki vaxtilə yaradılmış Teatr Məktəbi inkişaf edərək bugünkü universitetə çevrilmişdir. 2013-cü ildə Azərbaycanda teatr təhsilinin 90 illik yubileyi qeyd olunmalıdır. Çünki bu, bütün Şərq aləmində unikal bir hadisə sayıla bilər. İlk dəfə olaraq məhz Azərbaycanda 1923-cü ildə böyük sənətkarımız Şövkət Məmmədovanın təşəbbüsü ilə teatr ixtisasları üzrə kadrlar hazırlayan peşəkar dövlət təhsil ocağı yaradıldı.

   Universitetimiz zəngin bədii ənənələr formalaşdırmış bir sənət ocağıdır. Burada ənənə və varislik münasibətləri daha qabarıq nəzərə çarpır. Tədrisin peşə keyfiyyətinin yüksəldilməsi, sənətkarlıq xüsusiyyətlərinin cilalanması da məhz ənənələrə sadiqlik meyarından irəli gəlir. Bu ənənələr təkcə aktyor, yaxud rejissor ixtisaslarında deyil, həm də musiqi, rəssamlıq sənətində, sənətşünaslıq, kulturologiya kimi nəzəri yönümlü sahələrdə də özünü aşkar büruzə verir.

   Xatırladım ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində korifey sənətkarlar işləmişlər. Cəfər Cabbarlı, Hüseyn Cavid, Aleksandr Tuqanov kimi şəxsiyyətlər məhz bu universitetdə dərs demişlər. Azərbaycanın görkəmli səhnə xadimləri - aktyor və rejissorlar universitetimizdə çalışmış, tanınmış teatr tənqidçiləri, ədəbiyyatşünaslar pedaqoji fəaliyyət göstərmişlər. Xalq artistləri Rza Təhmasib, İsmayıl Dağıstanlı, həmçinin Mirseyfəddin Kirmanşahlı, Kazım Ziya, Müxlis Cənizadə, Əli Zeynalov, Məlik Dadaşov, Səməndər Rzayev, Hamlet Xanızadə, Həsən Turabov və başqa görkəmli aktyorlar müxtəlif dönəmlərdə universitetdə çalışmışdır.

   Teatr Məktəbinin ilk məzunları içərisində Fatma Qədri, Rza Əfqanlı, İsmayıl Dağıstanlı, sonrakı illərdə Ələsgər Ələkbərov, Gülxar Həsənova, Nəcibə Məlikova, görkəmli bəstəkarımız Əfrasiyab Bədəlbəyli və başqa tanınmış sənətkarlar olmuşdur.

   Rejissor sənəti üzrə universitetimizdə bayaq adını çəkdiyim Tuqanovla yanaşı, Ədil İsgəndərov, Mehdi Məmmədov, Məhərrəm Haşımov, Tofiq Kazımov, Rza Sarabski və başqaları çalışmışlar. Onların yaradıcılıq ənənələrini bu gün xalq artistləri Azər Paşa Nemət, Cənnət Səlimova, Ağakişi Kazımov, Bəhram Osmanov, kino sahəsində isə Oqtay Mirqasımov, Vaqif Mustafayev, Eldar Quliyev, Tofiq İsmayılov, Yalçın Əfəndiyev və başqaları davam etdirir.

   Musiqi sənəti xadimlərindən maestro Niyazi, Aleksandr Milovanov, Hacı Xanməmmədov, Lütfiyar İmanov, Rəhilə Cabbarova, Gülarə Əliyeva, Qulu Əsgərov, Mirzə Babayev və başqaları burada işləmişlər.

   Universitetimizin rəssamlıq ənənələri də zəngindir. Vaxtilə burada tanınmış sənətkarlardan xalq rəssamları Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Nadir Qasımov, Nadir Əbdürrəhmanov, Lətif Kərimov, Yusif Hüseynov kimi istedadlı rəssamlar pedaqoji fəaliyyət göstərmişlər. Həmçinin tanınmış nəzəriyyəçi alimlərimizdən Cəfər Cəfərov, Kərim Kərimov, Məmməd Cəfər Cəfərov, eləcə də Əli Sultanlı, Feyzulla Qasımzadə, Əkbər Ağayev, Əhməd İsazadə bizim universitetdə işləyib. Siz mənə sual verərkən «90 ilin zirvəsindən dönüb baxdıqda nələri görürsünüz deyə soruşdunuz. Unudulmaz şəxsiyyətlərin adlarını çəkməkdə məqsədim həm də bu sualınızı cavablandırmaqdır. Mən bu zəngin tarixi yola 90 ilin zirvəsindən baxdıqda, o böyük şəxsiyyətlərin bizə miras olaraq qoyub getdikləri böyük sənət ənənələrini, həmin ənənələrin bugünkü mütəxəssislərimiz tərəfindən yaşadılmasını, inkişaf etdirilməsini, bu şərəfli işin məsuliyyətini görürəm.

   - Universitetin 90 illiyinə necə hazırlaşırsınız?

   - Çox ciddi hazırlaşırıq. Universitetimizin bu 90 ildə keçdiyi şərəfli yolun tarixini yazırıq. Universitetin dosenti, tanınmış dramaturq Əli Əmirli ali məktəbimizin tarixi ilə bağlı pyes üzərində işləyir. Güman edirəm ki, bu pyes yubiley ərəfəsində tamaşaya qoyulacaqdır.

   Əlbəttə, yubiley tədbirlərində müxtəlif qonaqların, xarici ölkələrin sənət universitetlərinin təmsilçilərinin də iştirak edəcəyi gözlənilir. Həmçinin teatr, musiqi üzrə beynəlxalq müsabiqələr keçirmək niyyətindəyik, sənətin bu və ya digər problemlərinə dair bir neçə elmi konfrans təşkil etməyi nəzərdə tutmuşuq.

   - Universitetinizin professor-müəllim və tələbə heyətinin son beş ildəki elmi-yaradıcılıq uğurları haqqında nə deyə bilərsiniz?

   - Şübhəsiz ki, uğurlarımız çox olubdur. Mən bunların hamısını sadalasam çox vaxt apara bilər. Lakin müəyyən uğurlarımız barədə qısaca məlumat verə bilərəm. Əvvəla, elmi işlərlə universitetimizdə əsasən nəzəri kafedraların professor-müəllim heyəti məşğul olur. Təkcə elə bunu söyləmək kifayətdir ki, son beş ildə 49 monoqrafiya, 53 dərslik, 63 dərs vəsaiti, 227 proqram və metodiki vasitə nəşr edilmişdir. Gördüyünüz kimi, bu rəqəmlər heç də kiçik rəqəmlər deyil. Mən hələ müəllim və tələbələrimizin respublika mətbuatında və xarici mətbuatda nəşr etdirdikləri məqalələr, resenziyalar haqqında geniş danışmıram. Son beş ildə 800-ə yaxın məqalə və resenziya nəşr edilmişdir. 100-dən artıq beynəlxalq və respublika elmi-nəzəri konfransları keçirilmişdir. Göründüyü kimi, elmi nailiyyətlərimiz az deyil.

   Fərəhli haldır ki, tələbələrimiz son beş ildə bir çox beynəlxalq müsabiqələrin, festivalların iştirakçısı olmuş, Vətənə mükafatlarla qayıtmışlar. Kino sənəti üzrə Strasburq şəhərində keçirilən Beynəlxalq Monumental Foto Müsabiqəsində iki tələbəmiz - Camal Atakişiyev və İlkin Həsənli birinci yerləri, daha bir tələbəmiz - Seymur Sadıxov isə üçüncü yeri tutmuşdur. 2011-ci ildə «Amirani» Tiflis Beynəlxalq Tələbə Film Festivalında tələbəmiz Rəşad Səmədovun «Səkkiz» adlı sənədli filmi və «Yuxu» adlı bədii filmi diploma layiq görülmüşdür. Bu ilin aprelində Qazaxıstanda keçirilən «Bastau» I Beynəlxalq Tələbə Debüt Filmləri Festivalında təmsilçimiz Murad Muradov «Kənar» filminə görə mükafat almışdır. İranda keçirilmiş başqa bir festivalda - «100 saniyəlik filmlər festivalı»nda tələbəmiz Röyal Əliyevin «Başdaşı» adlı filmi yüksək dəyərləndirilmişdir. ABŞ, Kuba, İtaliya, Serbiya, Ukrayna, Latviya və digər ölkələrdə keçirilən tələbə festivallarından da təmsilçilərimiz mükafatlarla geri dönmüşlər.

   Teatr sənəti sahəsində də tələbələrimizin istər respublika daxilindəki, istərsə də beynəlxalq miqyasdakı müvəffəqiyyətləri göz önündədir. Belə ki, bu ilin noyabr ayında Qazaxıstanın Almatı şəhərində keçirilən tələbələrin I Teatr Festivalında universitetimizin «Aktyor sənəti» fakültəsinin II və III kurs tələbələri iştirak etmiş, festivalın ali mükafatı olan Qran-pri mükafatını almışlar. Tələbələrdən Vaqif Əzizov, Səbinə Namazova və Aytən Hacıyeva xüsusi sertifikatlarla mükafatlandırılmışlar. Əlbəttə, tələbələrimizin xarici ölkədə Qran-prini alması çox böyük hadisədir. Bu, Azərbaycan təhsilinin, o cümlədən bədii təhsilin nüfuzundan, onun beynəlxalq aləmdə tanınmasından xəbər verir. Mən fərəh doğuran belə nümunələrdən çox sadalaya bilərəm. Tiflis Beynəlxalq Tələbə Etüdləri Festivalında tələbələrimiz «Təmas» adlı tamaşa ilə çıxış etmiş və festivalın sertifikatını almışlar. 2010-cu ildə Türkiyədə, İstanbul Kültür Universitetində keçirilən Beynəlxalq Tələbə Tamaşaları Festivalında «Dram teatrı və kino aktyoru» ixtisası üzrə təhsil alan IV kurs tələbələrimiz mükafata layiq görülmüşlər. 2011-ci ilin aprel ayında Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi «Xalq teatrı» Festivalında «Ən yaxşı rejissor işi» nominasiyasında tələbəmiz Mehriban Məmmədhüseynzadə birinci yerə layiq görülmüşdür. Həmin nazirliyin bu ilin dekabr ayında təşkil etdiyi I Teatr Festivalında isə «Aktyor sənəti» fakültəsinin I kurs tələbəsi Vasif Həsənli birinci mükafata təqdim olunmuşdur.

   Mən musiqi sahəsində də tələbələrimizin uğurlarından söz açmaq istərdim. Belə ki, 2007-ci ildə «Muğam» müsabiqəsində tələbəmiz Rəvanə Ərəbova laureat adını qazanmış, həmin ildə keçirilən «Yeni ulduz» müsabiqəsində isə başqa bir tələbəmiz - Azad Şabanov qalib olmuşdur. 2010-cu ildə Norveçdə keçirilən “Eurovision” mahnı müsabiqəsində beşinci yeri tutmuş Səfurə Əlizadə hazırda universitetimizin tələbəsidir. Nəhayət, builki «Muğam» müsabiqəsində də universitetimizin «Musiqi sənəti» fakültəsində təhsil alan Nigar Şabanova laureat adını qazanmışdır. Əlbəttə, bütün bunlar tədrisin peşəkarlığından, burada çalışan böyük, nüfuzlu sənətkarların zəngin pedaqoji təcrübəsindən, tələbə ilə işləmək məharətindən irəli gəlir. Zənnimcə, əlavə şərhə ehtiyac yoxdur.

   Rəssamlıq sahəsində də uğurlarımız yetərincədir. 2006-cı ildə İstanbul Uluslararası Öyrənci Trenalı sərgisində, 2009-cu il İstanbul Tələbə Sərgisində, 2010-cu ildə Mərmərə Universiteti Gözəl Sənətlər Fakültəsinin təşkilatçısı olduğu Beynəlxalq Rəsm Sərgisində tələbələrimiz iştirak etmiş və sertifikatlar almışlar. 2011-ci ildə keçirilmiş «Narkomaniyaya yox adlı sərgidə tələbələrimiz müxtəlif mükafatlarla mükafatlandırılmışlar.

   Bunu da qeyd edim ki, tələbələrimizin uğurları təkcə bədii yaradıcılıqda yox, həm də nəzəri biliklər sahəsində özünü büruzə verir. Bu baxımdan universitetimizin «Kulturologiya» və «Sənətşünaslıq» fakültələrinin işi diqqəti daha çox cəlb edir. 2008-ci ildə tələbəmiz Ülviyyə Qasımova kulturoloqların I Forumunda məruzə ilə çıxış edərək birinci dərəcəli diplom almışdır. 2009-cu ildə isə başqa bir tələbəmiz - Çiçək Teymurova Tələbələrin 22-ci Elmi Konfransında ikinci yerə layiq görülmüşdür.

   - Azərbaycanın təhsil sistemi dünya birliyinə ildən-ilə daha sürətlə inteqrasiya etməkdədir. Bəs rəhbərlik etdiyiniz universitet hansı xarici əlaqələrə malikdir və bu əlaqələr nə cür gerçəkləşdirilir?

   - 1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpasından sonra ölkəmizin qarşısında dünya ölkələri ilə işbirliyi qurmaq sahəsində geniş imkanlar açılmışdır. Bu imkanlar tədris sahəsinə, o cümlədən bizim universitetimizə də aiddir. Bu gün ADMİU geniş beynəlxalq əlaqələr şəbəkəsinə malikdir. Bu əlaqələr universitetlərarası qarşılıqlı müqavilələrin imzalanmasında, tələbə mübadiləsində, müəllimlərimizin digər ölkələrin ali məktəblərinə ezam olunmasında özünü büruzə verir. Mədəniyyət, elm və təhsil məsələləri ADMİU-nun xarici əlaqələr sahəsindəki fəaliyyətində prioritet istiqamətlər kimi dəyərləndirilir.

   Universitetimiz bir çox ölkələrin ali təhsil, elm və mədəniyyət müəssisələri ilə sıx əlaqələr saxlayır. Təkcə elə bu faktı bildirmək kifayətdir ki, hazırda universitetimiz 20 xarici ölkənin 46 ali məktəbi ilə əlaqə yaratmışdır. Bu ali məktəblərdən 21-i ilə universitetimiz arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır. Universitetimizdə Türkiyədən, bir çox digər xarici ölkələrdən çoxlu sayda tələbə təhsil almış və almaqda davam edir. Əcnəbi tələbələr həm bakalavr, həm də magistratura pillələrində təhsil alırlar. Onlara verilən diplomlar beynəlxalq sertifikata malikdir. Bunu da vurğulamaq vacibdir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Avropa İncəsənət Universitetləri Liqasının tamhüquqlu üzvüdür. Bu, universitetimizin beynəlxalq aləmdə nüfuzunun daha da artmasından xəbər verir. Universitetimiz Yaponiya hökumətinin təklif etdiyi «Ot kökləri» layihəsində, Yaponiyanın «Mitsubişi Korporeyşn» şirkəti tərəfindən təklif olunmuş mədəniyyət üzrə layihədə, Almaniyanın təhsil üzrə nümayəndəliyinin «DAAD» proqramında, UNESCO-ASCHBERG proqramında, Bakıdakı Yunanıstan səfirliyinin təklif etdiyi Aleksandr Onasis Fondunun proqramında, ABŞ səfirliyinin vasitəçiliyi ilə Nyu-York Universitetinin irəli sürdüyü mədəniyyət proqramında, «TEMPUS-TASİS» proqramında və bir çox digər beynəlxalq layihələrdə iştirak edir. Nyu-York Siti Universiteti, Çikaqo Universiteti, Viskonsin Medison Universiteti (ABŞ), Paris Musiqi Akademiyası, Düsseldorf İncəsənət Universiteti (Almaniya), Drezden İncəsənət Akademiyası (Almaniya), Sankt-Peterburq Dövlət Teatr Akademiyası, Kiyev Milli Mədəniyyət və İncəsənət Universiteti, Belqrad İncəsənət Universiteti (Serbiya), Misir İncəsənət Akademiyası, Ş.Rustaveli adına Teatr və Kino Universiteti (Gürcüstan) və bəzi digər nüfuzlu bədii təmayüllü ali məktəblərlə münasibətlərimiz vardır. Bu sırada qardaş Türkiyə universitetləri ilə əlaqələrimizi xüsusi vurğulamaq istərdim. Memar Sinan Universiteti, Mərmərə Universiteti, Sakarya Universiteti, Trakya Universiteti və başqa ali məktəblərlə münasibətlərimiz inkişaf etdirilir.

   - Universitetin nə kimi problemləri var və bu problemlər necə həll edilir?

   - Əlbəttə, iş olan yerdə problemlər də olur. Təbii ki, bizi də narahat edən problemlərimiz var. Bilirsiniz ki, təhsilin daha da səmərəli, keyfiyyətli olması bir çox amillərlə yanaşı, həm də maddi-texniki bazanın müasir tələblərə cavab verməsi ilə bağlıdır. Xüsusən bizim universitetimiz üçün bu məsələ həlledici amillərdən biridir. Çünki əgər biz kino rejissoru, kino operatoru və ya televiziya rejissoru hazırlayırıqsa, bu işi keyfiyyətlə yerinə yetirmək istəyiriksə, onda bizdə müasir tələblərə cavab verən, ən yeni texnika ilə təchiz olunmuş tələbə kinostudiyası, telestudiyası, montaj otaqları, səsyazma studiyaları olmalıdır. Əgər biz teatr kadrları hazırlayırıqsa və ildə 30-dan artıq tamaşa təhvil veririksə, o zaman müasir tələblərə cavab verən tədris teatrı, xüsusi avadanlıqlar, rekvizit, geyim və s. tələb olunur. Mən hələ başqa ixtisaslarla bağlı (xoreoqrafiya, musiqi və s.) üzə çıxan digər problemləri demirəm. Lakin biz, təbii ki, ruhdan düşmürük, baxmayaraq ki, son 25 ildə nə Nazirlər Kabineti, nə də Təhsil Nazirliyi bu problemlərin həlli üçün, yaxud tədris binalarının təmiri üçün dövlət hesabından bizə heç bir vəsait ayırmayıb. Biz öz gücümüzlə, teatrlarda, kino və televiziya qurumlarında işləyən dostlarımızın köməyi ilə dərslərin normal keçirilməsi üçün köhnə də olsa, müəyyən avadanlıqlar əldə etmişik. Öz vəsaitimiz hesabına Tədris Teatrı tikmişik. Hazırda bu teatr səmərəli fəaliyyət göstərir və tədrisin peşəkarlığının artmasına yardım edir. Bu yaxınlarda universitetdə öz imkanlarımız hesabına Tələbə Televiziya və Kino Studiyası yaratmışıq. Studiyada kino və televiziya sahəsində təhsil alan tələbələrimiz yaradıcılıqla məşğul olurlar. Lakin mən arzu edərdim ki, bizim imkanlarımız mənim Nyu-Yorkda, Çikaqoda, Viskonsində, Londonda, Parisdə gördüyüm tələbə studiyaları kimi (hələ teatrları demirəm) olmasa da, heç olmazsa Moskva, Sankt-Peterburq, Kiyev və ya Almatıda gördüyüm studiyalar səviyyəsində olsun. Bütün bu çətinliklərə, problemlərə baxmayaraq, bizim milli-mədəni ənənələrimizin zənginliyi, xalqımızın çox istedadlı xalq olması, nəhayət, universitetdə çalışan böyük sənətkarların və pedaqoji heyətin fədakarlıqları nəticəsində yetişdirdiyimiz kadrlar heç də yuxarıda qeyd etdiyim şəhərlərdə bədii təmayül üzrə təhsil alan mütəxəssislərdən geri qalmır.

   Bizi narahat edən başqa bir problem də var. Əvvəla, çox yaxşı haldır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2010-cu il 120 saylı «Ali təhsil müəssisələrində yeni maliyyələşdirmə mexanizminin tətbiq edilməsi haqqında» qərarında «Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavr və magistr səviyyəsində hər bir təhsil alana düşən təhsil xərclərinin miqdarı» göstərilmişdir. Bizi sevindirir ki, musiqi ixtisaslarının bir çoxunun illik maliyyələşdirilməsi 7000 manat miqdarında nəzərdə tutulmuşdur. Lakin nədənsə yuxarıda qeyd etdiyim, daha çox məsrəf tələb olunan rejissorluq, aktyorluq, kino operatoru, xoreoqrafiya sənəti ixtisaslarına kitabşünaslıq və digər bu tipli ixtisaslarda olduğu kimi, illik cəmi 1500 manat nəzərdə tutulmuşdur. Əlbəttə, bu paradoksal bir haldır. Çünki təkcə kino və televiziya şöbələrində oxuyan tələbələrin hər biri ildə 1000 metrdən artıq lent istifadə edir. Mən hələ başqa texniki avadanlıqlardan istifadə olunmasını demirəm. Və yaxud aktyorluq ixtisası üzrə təhsil alan tələbələrin tamaşa hazırlaması üçün (təhsil müddətində ən azı 30 tamaşa hazırlanır), görün, nə qədər paltar tikdirmək, rekvizitlər, qrim ləvazimatları almaq lazım gəlir! Mən inanıram ki, yaxın gələcəkdə bu məsələyə bir də baxılacaq və bu anlaşılmazlıq aradan qaldırılacaqdır.

   Başqa bir məsələni də vurğulamaq istərdim. Biz bu ilin may ayında Təhsil Nazirliyi rəhbərliyi ilə razılaşdırıldıqdan sonra beynəlxalq tələbə teatr festivalı keçirməyi planlaşdırmışdıq və 20-yə yaxın xarici ölkənin mədəniyyət təmayüllü universitetlərinin bu tədbirdə iştirak etməsi haqqında razılığa gəlmişdik. Respublikamızın bədii təhsilinin, ümumən Azərbaycan mədəniyyətinin dünyada təbliği baxımından vacib olan bu tədbirin reallaşdırılması üçün biz Təhsil Nazirliyinə rəsmi müraciət etdik. Təhsil Nazirliyi öz növbəsində bizimlə birlikdə tədbirin smetasını tutaraq Nazirlər Kabinetinə müraciət etdi. Nazirlər Kabineti də Maliyyə Nazirliyinə məktub göndərdi. Maliyyə Nazirliyi isə öz növbəsində Təhsil Nazirliyinə məktub göndərdi. Xeyli yazışmadan sonra, son nəticədə bizə rəsmi şəkildə bildirdilər ki, qoy bu beynəlxalq tələbə festivalını universitet öz vəsaiti hesabına keçirsin, çünki festivalın reallaşdırılması nazirliyin imkanı xaricindədir. Təbii ki, universitetin vəsaiti olmadığından biz bu festivalı keçirə bilmədik. Bizdən sonra isə belə bir tələbə teatrı festivalı Qazaxıstanın Almatı şəhərində baş tutdu. Maraqlıdır ki, bir çox ölkələrdən gəlmiş çoxsaylı tələbə teatr kollektivləri içərisində birinciliyi məhz bizin universitetimizin tələbələri əldə etdilər və Azərbaycana Qran-pri ilə döndülər. Məgər bundan öncə belə bir möhtəşəm teatr festivalını biz keçirsəydik, bədii təhsilimizin dünya miqyasında tanınması üçün daha yaxşı olmazdımı? Əlbəttə yaxşı olardı. Lakin ümid edirik ki, gələcəkdə belə tədbirlərin keçirilməsində müvafiq təşkilatlar öz köməklərini əsirgəməyəcəklər.

   - Timuçin müəllim, yeni, 2012-ci ilə hansı arzularla gedirsiniz?

   - Təbii ki, ən böyük arzum Qarabağ torpaqlarının düşmən işğalından azad olunması, qaçqınlarımızın öz doğma torpaqlarına qayıtmasıdır. Arzu edərdim ki, işğal edilmiş tarixi şəhərlərimiz, mili tarixi-memarlıq abidələrimiz bərpa edilsin. Və nəhayət, qədim mədəniyyət mərkəzimiz olan gözəl Şuşanın Cıdır düzündə möhtəşəm Muğam Festivalı keçirməyimizi arzu edirəm.

  

 

   Söhbətləşdi: İntiqam Mehdizadə

 

   Mədəniyyət.- 2011.- 23 dekabr.- S. 10-11.