Prezident Kuboku uğrunda VI çövkən milli
oyunu başa
çatdı
Şəki komandası qalib oldu
Şəki
rayonunun Daşüz kəndində yerləşən Respublika
Atçılıq Turizm Mərkəzində beş gün
davam edən Prezident Kuboku uğrunda VI çövkən milli
oyununa dekabrın 22-də yekun vuruldu. Keçirilən hər
oyunun ən gözlənilən məqamı finaldır. Bu dəfə
finalda Şəki və Ağdam rayonlarının
komandaları mübarizə apardı.
Final oyununun başlanmasına
sayılası dəqiqələr qalmış hər iki
komandanın həyəcanı artırdı. Ağdam
komandasının kapitanı Cəfər Zəvvarlı Qax
(1:0) və Ağstafa (2:1) komandalarına qalib gəldikdən
sonra finalda da qələbə əzmi ilə
oynayacaqlarını vurğuladı: “Ötən il kuboku biz
almışdıq. Bu dəfə də birinciliyə
iddialıyıq. Oyunçularımız güclüdürlər.
Atlarımız da xüsusi olaraq seçilib”.
Şəki rayon komandasının
kapitanı Xəyal Abdurrəhmanov da İsmayıllı (9:1) və
Balakən (2:1) komandalarına qalib gəldiklərini söylədi:
“Şəki komandası bir neçə il dalbadal
çövkən oyununun qalibi olub. Ötən il itirdiyimiz
kuboku geri qaytarmaq istəyirik. Oyunçularımız təcrübəli,
atlarımız isə çox güclüdür. Ona görə
də oyuna yalnız qələbə əzmi ilə
çıxacağıq”.
Biz də hər iki komandaya
uğurlar arzulayıb oyun meydançasına yan aldıq. “Cəngi”
sədaları altında komandalar meydançaya daxil olur. Kameralar
ən maraqlı anları lentə köçürmək
üçün hazır vəziyyət alır. Günəşli
və mülayim hava deyəsən hər kəsin ürəyincədir.
Final oyunu başlandı
Şəki komandasının
aktivliyi ilk dəqiqələrdən özünü göstərir.
Oyunun birinci hissəsində (20 dəqiqə) Ağdam
komandası qapısından bir top buraxır. Hər iki
komandanın mübarizəsinə azarkeşlərin səs-küyü
daha da ruh verirdi.
Fasilədən sonra Ağdam
rayonunun komandası bir neçə cəhd edib irəli
keçmək istəsə də, buna nail olmadı. Əvəzində
Şəki rayonunun komandası rəqib komandanın
qapısına daha iki qol vura bildi. Hər halda peşəkarlıq
və təcrübə göz qabağında idi. Həm
atları düzgün istiqamətləndirmə, həm də
komanda oyunu bacarığı özünü göstərdi.
Oyunun son dəqiqələri, azarkeşlərin həyəcanı...budur,
Şəki komandası rəqib qapıya daha bir top vurur.
Meydançadakı səs-küy, qışqırıq,
zurnanın sədası qulaq batırır. Beləliklə,
final oyununda Şəki rayon komandası 4:0 hesabı ilə
qalib gəlir.
Oyun meydançasına atılan
Şəki Rayon Mədəniyyət və Turizm Şöbəsinin
müdiri Aydın İbrahimxəlilov və komandanın məşqçisi
Məmməd Əliyev oyunçuları qucaqlayıb təbrik
edir. Aydın İbrahimxəlilov: “Oyunçulara təşəkkür
edirəm ki, kuboku geri qaytardılar. Arzu edirəm ki, oyunlar bu
gündən sonra da bu cür yüksək səviyyədə
davam etdirilsin. Hər kəsə təşəkkürlər”.
Çövkən üzrə
üçüncü yer uğrunda mübarizədə isə
Balakən və Ağstafa komandalarının
qarşılaşması 1:0 hesabı ilə başa
çatdı.
Qaliblər təltif olundu
Final oyunundan sonra qaliblərin təltifolunma
mərasimi oldu. Ötən sayımızda qeyd etdiyimiz kimi, 16
rayon komandasının qatıldığı yarışda
oyunçular çövkən milli oyunu ilə yanaşı,
papaq, sürpapaq, yaylıq oyunlarında da qüvvələrini
sınamışdılar. Nəticələri sizə təqdim
edirik.
Papaq oyunu üzrə finalda Zaqatala
və Goranboy komandaları qarşılaşdı və
Zaqatala 5:0 hesabı ilə qalib gəldi. 3-4-cü yerləri Qəbələ
və Yevlax komandaları bölüşdü.
Sürpapaq oyunu üzrə finalda
Oğuz - Qax qarşılaşması 6:2 hesabı ilə
yekunlaşdı. 3-cü yeri İsmayıllı, 4-cü yeri
Ağcabədi komandaları tutdu.
Yaylıq oyunu üzrə Bərdə
1-ci, Göygöl 2-ci, Daşkəsən 3-cü, Tovuz 4-cü
oldu.
Mədəniyyət və Turizm
Nazirliyi, həmçinin rayon mədəniyyət və turizm
şöbələri tərəfindən bütün
komandalar diplom və mükafatlarla təltif olundular.
Sonda VI çövkən milli
oyununun əsas mükafatı - Prezident Kuboku təntənəli
şəkildə qalib komandaya təqdim edildi. Kuboku təqdim
edən Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbərinin
müavini Cavanşir Cəfərov bütün
iştirakçı komandalara növbəti illərdə
qalibiyyət və peşəkarlıq arzuladı. Şəki
Şəhər İcra Hakimiyyəti
başçısının müavini Zərinə Cavadova da
qalib komandanı təbrik etdi və onları
mükafatlandırdı.
Beləliklə, Prezident Kuboku
uğrunda VI çövkən milli oyunu başa
çatdı. Səs-küyü, həyəcanı,
alqışları, ən əsası qələbə arzusu
ilə ötən bu 5 gün milli irsimizi yaşatmağa xidmət
edən növbəti addım kimi tarixə düşdü. Qələbə
daim bizimlə olsun!
Reyhan
İsayeva,
Şəki
Mədəniyyət.-
2011.- 23 dekabr.- S. 9.