“Turizm ili”ndə yeni layihələr
Gədəbəydə Turizm Muzeyi və “Siemenslər Gədəbəydə” sərgi-muzeyi
açıldı
Azərbaycanın dilbər
guşələrindən olan
Gədəbəy rayonunun
füsunkar təbiəti,
zəngin maddi-mədəni
irs nümunələri
bölgənin geniş
turizm potensialından xəbər verir. 2011-ci ilin Azərbaycanda
“Turizm ili” elan olunması ilə bağlı rayonda bir sıra
tədbirlər keçirilib.
Bu silsilədən növbəti tədbirlər
Gədəbəy rayon Mədəniyyət
evində baş tutdu. Dekabrın 22-də rayon Mədəniyyət
və Turizm Şöbəsinin nəzdində
yaradılan Turizm Muzeyi və “Siemenslər Gədəbəydə”
sərgi-muzeyin açılış
mərasimi keçirildi.
Tədbiri giriş sözü ilə açan Gədəbəy Rayon Mədəniyyət
və Turizm Şöbəsinin müdiri
Fazilə Məmmədova
bildirdi ki, il ərzində rayonda müxtəlif tədbirlər keçirilib,
sərgilər təşkil
olunub, bölgənin turizm potensialı təbliğ edilib. Ölkəmizdə turizm sektorunun ildən-ilə inkişaf etdiyini deyən şöbə müdiri 27 sentyabr - Dünya Turizm Günündə açılan
sərginin böyük
maraqla qarşılandığını,
bu sərgi əsasında Turizm Muzeyinin yaradıldığını
diqqətə çatdırdı.
Sonra söz Mədəniyyət
evinin direktoru Etibar Əliyevə verildi. Siemens qardaşlarının
Gədəbəydə fəaliyyətindən
ətraflı bəhs
edən tədqiqatçı
bu tarixi əks etdirən muzeyin yaradılmasının
əhəmiyyətini vurğuladı:
“Siemens qardaşları Gədəbəydə
1864-1914-cü illərdə fəaliyyət göstəriblər.
Tədqiqatlar göstərir
ki, o dövrdə Gədəbəydə qış
və yay turizmini özündə ehtiva edən istirahət, qış idman növləri, yay gəzintiləri və s. mövcud olub. Bu sərgi
Siemens muzeyinin yaradılması
istiqamətində önəmli
bir addımdır.
Düşünürəm ki, belə bir muzey yaradılarsa,
turistlərin marağını
cəlb edəcək”.
Sonra Alman-Azərbaycan Cəmiyyətinin sədri
Çingiz Abdullayevin sərgi-muzeyin təşəbbüskarlarına
və iştirakçılara
ünvanlandığı məktubu
oxundu.
Gədəbəy Turizm Muzeyi
Gədəbəy Turizm Muzeyinin
yaradılmasına hazırlıq
sentyabrda başlanıb.
Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşəbbüsü
və təşkilatçılığı
ilə ərsəyə
gələn muzey dörd guşədən ibarətdir. Təbiət abidələri, tarixi abidələr, turizm istirahət mərkəzləri
və mətbuat guşələrində regionun
turizm potensialını
təbliğ edən maraqlı eksponatlar var. Hələlik rayon mədəniyyət
evinin bir otağında yerləşən
muzeydə 200-ə qədər
fotoşəkil və
sənədlər qorunub
saxlanılır. Burada arxeoloji
və memarlıq abidələri ilə zəngin olan Gədəbəyin qalaları,
qalaçaları, kurqanlar,
yaşayış yerləri,
kilsələr, məbədlər,
mağaralar haqqında
ətraflı məlumatlar
yer alıb. Muzeyə gələn ziyarətçilər
Gədəbəyin turizm
potensialı haqqında
da ətraflı məlumat əldə edə bilərlər.
Gələcəkdə muzeyin fəaliyyətinin
genişləndirilməsi nəzərdə
tutulur.
Rayonda memarlıq abidələri
olan körpülər
çoxdur. Muzeydə XIX əsrə aid edilən
10-dan artıq körpünün
fotoşəkili və
haqqında məlumatlar
qeyd olunur. Muzeyin mətbuat guşəsində Gədəbəy
rayonunun turizm potensialını təbliğ
edən müxtəlif
dillərdə çap
məhsulları ilə
tanış olmaq mümkündür. Turizm istirahət mərkəzləri
guşəsində isə
rayonun məşhur istirahət mərkəzləri,
təklif olunan xidmətlər əks olunub.
“Siemenslər Gədəbəydə”
Rayon Mədəniyyət
və Turizm Şöbəsinin təşəbbüsü
ilə açılan
“Siemenslər Gədəbəydə”
adlı sərgi-muzey də iştirakçıların
böyük marağına
səbəb oldu.
Rayon Mədəniyyət evinin foyesində təşkil olunan sərgi-muzeydə 200-dək sənəd,
şəkil və s. nümayiş olunur.
Sərginin ilk bölməsində Azərbaycan-Almaniya əlaqələrindən
bəhs edən sənədlər, qəzet
və jurnal materialları nümayiş
edilir. 1865-ci ildə Gədəbəydə,
1883-cü ildə isə
rayonun Qalakənd kəndində misəritmə
zavodları tikilib.
Sərgi-muzeyin ikinci bölməsində
mədən-zavod kompleksinin
fəaliyyəti, habelə,
çuqun, dəmir, kərpic, taxta emalı mini zavodlarının
istehsal nümunələri
əks olunur. Burada Azərbaycanın rayonları
sırasında Gədəbəydə
Avropa tipli şəhərsalma mədəniyyətini
sübut edən fotoşəkillər də
yer alıb.
Elektrokimya sənayesi üzrə
mütəxəssis və
fəlsəfə doktoru
olan Valdemar Berk Siemens vaxtilə Gədəbəydə arxeoloji
qazıntılar aparıb.
Tapılan əşyaları Almaniyanın müxtəlif
şəhərlərində muzeylərə təqdim edib. Bu barədə
məlumatlar, həmçinin
arxeoloji qazıntı
aparılan ərazilərin
fotoşəkilləri “Siemens dövründə aparılan
arxeoloji qazıntılar”
bölməsində nümayiş
olunur.
Sərgi-muzeyin
maraqlı bölmələrindən
biri də “Zavodun iş alətləri“ bölməsidir.
Dəmir
baş örtüyü,
əleyhqaz avadanlığı,
külüng, çəkic
və digər eksponatlar iştirakçıların
böyük marağına
səbəb oldu.
Siemens qardaşlarının Gədəbəydə
fəaliyyəti dövründə
təhsil, turizm, mədəniyyət və
səhiyyə təyinatlı
bir sıra ünvanlar mövcud olub. Təhsil istiqamətində rus-alman ibtidai məktəbi, yay və qış turizm marşrutları, mədəniyyət üzrə
teatr salonu, rəqs meydançası,
kitabxana, ambulator və stasionar xidmət göstərən
xəstəxana və
təcili yardım xidməti fəaliyyət göstərib. Sərgi-muzeyin daha bir bölməsi
bu barədə müxtəlif dillərdə
əks etdirən bilgiləri əks etdirir.
“Siemenslər
mətbuatda və kitablarda” bölməsində
“Siemensı na Kavkaze”, “Həyatımızda
Siemens izləri” və
s. kitablar, Siemens qardaşlarının
fəaliyyətindən bəhs
edən nəşrlər
yer alıb.
* * *
Bu gün
“Siemens qardaşları” şirkətinin
Gədəbəydə fəaliyyətini
əks etdirən muzeyinin yaradılması üçün baza mövcuddur. Bunu Gədəbəy
Rayon Mədəniyyət Evinin
foyesində təşkil
olunan sərgi bir daha göstərdi.
Məxsusi bina olarsa, sərgi-muzey sırf muzey kimi də
fəaliyyət göstərə
bilər. “Siemens qardaşları” şirkətinin
Gədəbəydə yerləşən
ofisinin təmir olunduqdan sonra sərgi-muzeyin bazası və eləcə də əlavə yığılmaqda olan eksponatlar əsasında muzey binası kimi fəaliyyət göstərə biləcəyi
təklif olunub. Rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən
Gədəbəylə Almaniyanın
hər hansı bir şəhərinin qardaşlaşması məsələsi
də təklif kimi irəli sürülüb.
Ceyhun Zərbəliyev,
Gədəbəy
Mədəniyyət.-
2011.- 23 dekabr.- S. 8.