“Mədəniyyət
haqqında” yeni qanunun
qəbulu gələn ilə qaldı
Milli Məclisin Mədəniyyət komitəsinin sədri
Nizami Cəfərov muğam və aşıq sənəti
haqqında qanun layihələrinin də
hazırlandığını deyib
Üzərində
xeyli vaxtdan bəri iş gedən «Mədəniyyət
haqqında» yeni qanun layihəsi Milli Məclisin yaz
sessiyasında müzakirəyə çıxarılacaq.
Xatırladaq ki, daha öncə
qanun layihəsinin parlamentin payız sessiyasında gündəmə
gələcəyi bildirilmişdi. Payız sessiyası
dekabrın 30-da başa çatır. Milli Məclisin Mədəniyyət
komitəsinin sədri, professor Nizami Cəfərov gecikmənin
bir sıra məqamlar, o cümlədən prosedur məsələləri
ilə bağlı olduğunu dedi: “Milli Məclisin yaz
sessiyasında qanun layihəsi Mədəniyyət komitəsində
qəbul ediləcək. Sonra onu Milli Məclisin plenar
müzakirəsinə təqdim edəcəyik. Yəqin ki, bu
proses 1-2 ay davam edəcək. Əlbəttə, belə bir
qanunun qəbuluna ehtiyac var”.
Hazırda mədəniyyətlə
bağlı ötən əsrin 90-cı illərinin
ortalarında qəbul olunan qanunun qüvvədə olduğunu
deyən komitə sədri bu illər ərzində mədəniyyətin
maddi təminatından başlamış idarə olunmasına
qədər xeyli yeniliklər baş verdiyini və bunun yeni
qanunda əksini tapacağını bildirib: “Prodüserlik
institutu hazırda bütün dünyada mədəniyyətin
idarə olunmasında böyük rol oynayır. Bu barədə
indi qüvvədə olan qanunda heç nə yoxdur. Başqa
məqamlar da var. Məsələn, yaradıcılıq
birliklərinin hüquqi mövqeyi hələ tam bəlli
deyil. Azərbaycan Yazıçılar Birliyi, Rəssamlar
İttifaqı, Bəstəkarlar İttifaqı sadəcə
qeyri-hökumət təşkilatıdırmı, QHT-lər haqqında
qanunla idarə olunmalıdır, yoxsa yaradıcılıq təşkilatlarının
öz spesifikası var? Axı Azərbaycan
Yazıçılar Birliyi sadəcə bir QHT deyil.
Yaradıcı insanların müdafiəsi ilə bağlı
yeni qanuna maddələr əlavə olunmalıdır. Bu məsələlərin
hamısı öz qanuni təsdiqini tapmalıdır”.
N.Cəfərovun sözlərinə
görə, 2012-ci ildə «Mədəniyyət haqqında”
qanunun qəbulu ilə yanaşı, “Muğam sənəti”
haqqında qanunun da müzakirəsi gözlənilir. Artıq
bu qanun layihəsi hazırlanaraq təqdim olunub. Bundan əlavə,
“Aşıq sənəti haqqında” qanun layihəsi də
hazırlanma mərhələsindədir.
Söhbət əsnasında adlar və
soyadlarla bağlı məsələyə toxunan komitə sədri
bu məsələnin artıq akademik təhlildən
keçdiyini və müəyyən ilkin təhlillərin
mövcudluğunu bildirdi: «Tezliklə soyad sonluqları ilə
bağlı məsələ tam şəkildə öz qanuni
həllini tapacaq. Adlar və soyadlarla bağlı geniş təhlillər
aparılır. Hər bir münasibəti, tendensiyaları,
maraqları nəzərə alaraq yaxın zamanlarda normal bir sənəd
ortaya çıxacaq. Bəzən deyirlər ki, bu məsələni
tez bitirmək lazımdır. Amma bu, kifayət qədər
mürəkkəb prosesdir. Cəmiyyətin hətta kiçik
bir hissəsi bununla razılaşmırsa, bu barədə
düşünmək lazımdır. Sabah kimsə desə ki,
mən “ov”, “yev” soyad sonluğunu saxlayıram, ona deyə bilmərik
ki, saxlama. Çünki bu, şəxsiyyətlə
bağlı məsələdir. Elə olmalıdır ki, bu təkcə
qanun kimi yox, yaşam üsulu kimi hər bir azərbaycanlıya
aid olsun. Qanun olarsa, bu, ancaq Azərbaycan Respublikasına aid
olacaq. Amma dünyada nə qədər azərbaycanlı var.
Elə metodlar tapmalıyıq ki, bu, bütünlükdə
azərbaycanlı şüuru üçün qəbul
olunsun. Bu məsələ ilə bağlı Nazirlər
Kabinetinin xüsusi qərarı olduqdan sonra adlar və
soyadlarla bağlı qanunu da qəbul edə bilərik”.
Gələcək qanunvericilik
planlarından danışan komitə sədri Azərbaycanın
Bakı, Gəncə, Naxçıvan, Şəki kimi tarixi
şəhərləri haqqında qanunlar
hazırlamağın mümkünlüyünü də dilə
gətirdi: “Bu şəhərlərin iqtisadi, sosial tarixi ilə
yanaşı, həm də mükəmməl etnoqrafik, mədəni
strukturu var. Onların mühafizəsi üçün
hüquqi baza olmalıdır. Türkiyənin Konya şəhəri
Mövlanə Cəlaləddin Rumisiz təsəvvür olunmur.
Bu şəhərin qazancının böyük bir hissəsini
də Ruminin məqbərəsinin ziyarət olunmasından əldə
edilən vəsait təşkil edir. Gəncəni biz tikib
quracağıq, amma bu şəhərdə dünyanın səcdəyə
gələ biləcəyi Nizami Gəncəvi kimi şəxsiyyətin
məqbərəsi var. Biz Gəncənin nüfuzunu Nizami Gəncəvinin
hesabına daha da yüksəldə bilərik”.
M.Sultanova
Mədəniyyət.- 2011.- 23
dekabr.- S. 4.