Koreyalı sənətçilərin sərgi və konserti

 

   Koreyanın Azərbaycandakı səfirliyi iki ölkə arasında diplomatik əlaqələrinin qurulmasının 20 illiyi münasibətilə silsilə tədbirlərə start verib. Dekabrın 21-də bu tədbirlər çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyində «Təbiət, Ekologiya və Yaşıl İnkişaf» adlı foto-incəsənət sərgisi keçirildi. Sərgidə Cənubi Koreyanın mənzərələrindən ibarət fotolar nümayiş olundu. Tədbirdə çıxış edən Koreya Respublikasının Azərbaycandakı səfiri Li Ji-Ha iki ölkə arasında münasibətlərin inkişaf etdiyini, o cümlədən təhsil və mədəniyyət sahəsində sıx əməkdaşlıq qurulduğunu bildirdi. Tədbirdə ictimai xadimlər, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun rəhbərləri iştirak edirdilər. Sonra sərgiyə baxış keçirildi. Qeyd edək ki, sərgi dekabrın 23-dək davam edəcək.

 

   * * *

 

   Dekabrın 21-də həmçinin Beynəlxalq Muğam Mərkəzində koreyalı musiqiçilərin ifasında konsert proqramı təqdim olundu. Koreya Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən Koreya Fondunun dəstəyi ilə təşkil olunan konsert bu ölkənin Nəqliyyat Nazirliyi və Koreyanın «SK C&C» şirkətinin Bakıda nəqliyyatın intellektual idarə olunması sisteminin yaradılması üzrə birgə layihəsinin başa çatmasına həsr olunub.

   Səfir Li Ci-Ha qeyd edib ki, gələn il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi münasibətilə səfirlik bir sıra mədəni tədbirlər təşkil edəcək.

   Sonra çoxsaylı müsabiqələr laureatı pianoçu Hyucoo Linin ifasında Şubertin «C Majorda Piano Fantaziyası» və skripkaçı Jiyun Pakın ifasında «Caprice en Form de Valse» əsərləri səsləndi. Solist Minseoq Kim «Mahur» muğamını və «Arirang» Koreya milli mahnısını ifa edib.

  

 

   Mehparə

 

   Mədəniyyət.- 2011.- 23 dekabr.- S. 4.