Tariximizdə
iz qoymuş insan
“Ziya Bünyadov
xalqımızın XX əsrdə yetirdiyi ən görkəmli
alimlərdən biri idi. O, təkrarsız bir insan idi. Ziya
Bünyadov adi bir tarixçi deyildi, mübariz bir tarixçi
idi. Onun mübarizəsi də Azərbaycanın milli mənafelərinin
müdafiəsi ilə bağlı olmuşdur. Azərbaycan
xalqının milli mənafelərini qorumaq nöqteyi-nəzərindən
və tarixi həqiqəti bugünkü nəsillərə və
gələcək nəsillərə, dünya tarixinə
çatdırmaq baxımından onun əsərləri əvəzsizdir”
- ulu öndər Heydər Əliyev görkəmli alim və
böyük vətəndaş Ziya Bünyadov haqqında bu dəyərli
sözləri onun dəfn mərasimində, 1997-ci il
fevralın 23-də deyib.
Ziya Bünyadov sözün
bütün mənalarında tariximizdə iz qoymuş insan
idi. İstər şəxsi həyatı, rəşadəti,
müharibədə göstərdiyi igidlik nümunəsi ilə,
istərsə də dərin zəka sahibi olan alim kimi tarix
elmimizə verdiyi müstəsna töhfələrlə.
Ziya Musa oğlu Bünyadov 1921-ci il
dekabrın 24-də Astarada anadan olmuşdu. Orta məktəbdə
rus dilini mükəmməl öyrənmiş, atası isə
ona ərəb dilini, Quranı öyrətmişdi. Gələcəyin
böyük tarixçi və şərqşünasının
həyat yolu od-alovdan, döyüş səngərlərindən
keçib. 1939-cu ildə Bakıda hərbi məktəbə
daxil olub. 1941-1945-ci illərin Böyük Vətən
müharibəsini taqım və bölük komandiri kimi Berlinədək
döyüş yolu keçib. 1945-ci ildə Sovet
İttifaqı Qəhrəmanı adına layiq
görülüb.
1946-cı ildə ordudan tərxis
olunduqdan sonra döyüş silahını qələmlə
əvəz edib.
Elm yoluna qədəm qoyub.
1946-1950-ci illərdə Moskvada Şərqşünaslıq
İnstitutunda oxuyub. 1954-cü ildə “Afrikada italyan
imperializmi” mövzusunda dissertasiya müdafiə edərək
tarix elmləri namizədi adını alıb. 1954-1964-cü
illərdə Azərbaycan EA Tarix İnstitutunda baş elmi
işçi işləyib.
Ziya Bünyadovun 1964-cü ildə
müdafiə etdiyi “Azərbaycan VII-IX əsrlərdə”
mövzusunda doktorluq dissertasiyası elmi dairələrdə
böyük rezonans doğurub. 1965-ci ildə kitab şəklində
çap olunan bu tədqiqatında alim ermənilərin Qafqaza
gəlmə xalq olduqlarını, bu diyarda tarixən erməni
dövlətçiliyinin olmadığını elmi dəlillərlə
sübut etmişdi.
1964-cü ildə tarix elmləri
doktoru, 1965-ci ildən professor adını alan alim 1967-ci ildə
Azərbaycan SSR EA-nın müxbir üzvü, 1976-cı ildə
isə akademiyanın həqiqi üzvü seçilib. O,
1964-1981-ci illərdə Yaxın və Orta Şərq
Xalqları İnstitutunda Orta əsrlər tarixi şöbəsinin
rəhbəri olub. 1981-ci ildən isə EA Şərqşünaslıq
İnstitutuna rəhbərlik edib. 1990-cı ildə EA
vitse-prezidenti seçilib.
O, Azərbaycanın VII-XIII əsrlər
tarixinin görkəmli tədqiqatçısı və
tanınmış şərqşünas idi. 1960-cı ildə
alban tarixçisi Mxitar Qosun “Alban xronikası” əsərini
ingilis dilindən, Əbdürrəşid Bakuvinin “Abidələr”
xülasəsi və “Qüdrətli hökmdarların
möcüzələri” və Nəsəvinin “Sultan Cəlaləddin
Mankburəninin həyatının təsviri” əsərlərini
ərəb dilindən rus dilinə tərcümə
etmişdi. Ziya Bünyadovun “Azərbaycan Atabəylər
dövləti (1136-1225-ci illər)” monoqrafiyası 1980-ci ildə
Dövlət mükafatına layiq
görülmüşdü.
Onun əsərləri İraq,
Fransa və Türkiyədə nəşr olunmuşdu. Alim
SSRİ-nin Ərəb ölkələri ilə Dostluq Cəmiyyətinin
Rəyasət Heyətinin vitse-prezidenti seçilmişdi.
1982-ci ildə Azərbaycan SSR Əməkdar elm xadimi fəxri
adını almış, Türkiyədə Türk Tarix
Qurumunun müxbir üzvü seçilmişdi. Sovet
İttifaqın Qəhrəmanı Ziya Bünyadov “Lenin” ordeni,
“Qırmızı Ulduz”, “Qırmızı Bayraq” və s.
orden və medallara, həmçinin müstəqil Azərbaycanın
ən yüksək mükafatı olan “İstiqlal” ordeninə
layiq görülmüşdü.
Görkəmli alim 1990-cı ildə
“Qurani-Kərim”i Azərbaycan dilinə çevirmiş,
1993-cü ildə A.Bakıxanovun “Gülüstani-İrəm” əsərini
elmi təfsir və şərhlərlə nəşr
etdirmişdi. Azərbaycanın müstəqillik uğrunda
başladığı mübarizə şəraitində,
Qarabağ münaqişəsinin
qızışdığı bir dövrdə alim əsl vətəndaş
və vətənpərvər mövqeyi ilə
tanınmışdı. 1995-ci ildə Milli Məclisin
deputatı seçilmişdi.
Z.Bünyadov ümumilikdə 500-dən
çox elmi əsər - monoqrafiya, məqalə və s.
yazmış, tərcümələr etmişdi. Onun rəhbərliyi
altında 35 dissertasiya müdafiə olunmuşdu. Böyük
alim və dəyərli ictimai xadim 1997-ci il fevralın 21-də
yaşadığı evin qarşısında cinayətkarlar
tərəfindən vəhşicəsinə qətlə
yetirildi.
Bakı şəhərindəki
küçələrdən biri və AMEA-nın Şərqşünaslıq
İnstitutu Ziya Bünyadovun adını daşıyır.
Onun əziz xatirəsi yaddaşlarda daim yaşayacaq.
Əfqan
Rzayev,
Astara rayonu Ərçivan kəndi
4
saylı məktəbin müəllimi
Mədəniyyət.-
2011.- 28 dekabr.- S. 14.