Yusif,
Yusif Səməd oğlu, Yusif Səmədoğlu
Yəni;
yar-yaraşıqlı uşaqlıq, bəxtli cavanlıq, məşhur
ahıllıq...
“İkibaşlı” münasibətdən, “ikili
standart”dan tam uzaq olan bu “üçbaşlı” başlıq
- bu məlum, dəyişilməz, əbədi atalar sayı -
sözügedən mahir redaktorun, görkəmli ədibin, məharətli
ssenaristin həyat və yaradıcılığını mətbubamətbu
kitabbakitab, ekranbaekran izləyib. Bu məqamda ənənəvi
“qarabaqara” zərfi üçün qəribsəyənlərin
xatirinə, uzaq başı, “arabaara” felini də xatırlada
bilərəm...
Bəli, söz-söhbətdə,
yazı-pozuda, dilçilikdə tez-tez işlətdiyimiz “və
sair”, “və başqaları”, “və ilaxır” tutumlu nümunələrini
- yəni, onun onlarca digər media-biblio-filmo-qrafiyalarını
istisna etsək, Yusif Səmədoğlunu publisistika-ədəbiyyat-kinematoqrafiya
üçbucağının üç ən güclü
ismindən biri kimi dəyərləndirmək olar. Məsələ
burasındadır ki, o, elə həmin sahələrin özlərində
də “trio”ları ilə seçilir: Baş redaktorluğu -
“Azərbaycanfilm” kinostudiyasının ssenari redaksiyasında
(1965-69), “Ulduz” (1976-87) və “Azərbaycan” (1987-...)
jurnallarında (sonuncu mötərizədəki “xronoloji”
nöqtələr “ömrünün son aylarınadək” deməkdir).
Kitabları - “Qalaktika” (1973), “Qətl günü” (1987), “Deyilənlər
gəldi başa” (1999). Ssenariləri - “Yeddi oğul istərəm”
(1970), “Səmt küləyi” (1973), “Qətl günü” (1990).
Yusif Səmədoğlu “alt” sovetin
bir qədər üst olmaqda olan dövrünün - “60-cı
illər” sərlövhəli Azərbaycan ədəbi
Zamanının ən seçkin xüsusi şəxs (və məxsusi
işarə) əvəzliklərindən - ayrıca
“O”-larından idi. O, o dövrün ədəbi-ictimai təsəvvüründə
ayrı-ayrı özəl üslub, milli manera, aura-arena, ədəbi
yeniyetmələri cəzb edən qəyyumluq, gəncliyə
örnək “janr”ları komandirlərindən
sayılırdı. O, indiki “canlı yayın” rahəthulğumluqlarından
məhrum bir dövrün daim gündəmdə olan sayın
“qələm əhli”lərindən,, səsləri öz ədəbiyyatımızın
bütün canına-qanına, sədaları “sovet ədəbiyyatı”(?!)nın
ən ucqarlarına yayılmış “beş-on”lardan (lətifəsi
müasir bir teleproqramda SMS-lə şöhrətlənən
“onlar”dan iraq!), “qlavlit-senzura”larda qaralarına, bəzən də
üzlərinə barmaq silkələnsə də,
bütün ölkə içrə -Barmaqla sayılanlardan
biri idi. Öz qələmləri ilə ayrıca bir ədəbi-bədii
xalq yaratmağa girişib, müstəqil bir ədəbiyyat
ölkəsi, mədəniyyət məmləkəti qurmaq istəyən
ziyalı-ədiblərdən idi.
“İdi”, “biri idi”, “idilər”
dediyim o “qaymaq”ları, “mini-toplumu” o vaxtlar - az, ya çox - hərə
bir sayda görüb-hesablayırdı, mənsə, “yeddilər”
kimi.
Ürəklərinin “ən dərin
guşələrində” “ədəbi liderlik” iddiaları olsa
da, o yeddilər “mətbu-“mitinq”lərdə “sən mumla, mən
gumbuldayacağam!” kimi anti-xarizmatik
çığır-bağırlara, ədəbi gecələrdə
“Aya - sən çıxma, mən çıxacağam!” kimi
anti-təvazö nağıllara yol vermirdilər. Bir az o
vaxtkı, bir çox da bu vaxtkı “bəziləri” kimi,
öz həmkarı olan “nay”lara “sən tərifləmə, mən
mədhiyyələyəcəyəm!”, öz taylısı
olan “nanay-nanay”lara “siz qoxumayın, mən oxuyacağam!” - deyə,
“mətbu-şötdəmə”lərə, “tele-qalmaqal”lara qol
qoymurdular.
O yeddilərdən Məmməd
Araz deyirdi: “Görüm ayılmasın - gec ayılanlar!”. Anar
yazırdı: “Qəzetimizdə səhv getmişdir: “Hər
şey zəhləmgetmişlərindir!” əvəzinə,
oxunmalıdır: “Hər şey zəhmətkeşlərindir!”
Əkrəm Əylislinin qələm-qanı ilə
böyüməkdə olan sütül bir bacoğlu, ona qədər
yazısına pozu olmayan əlmuzdu(r)
yazıçıları”mız”ın yaratdıqları əmək-zirək-xərək
və çəpik qəhrəmanlarından olan
bığlı-saqqallı dayısına pasibanlıq edirdi:
“Dayı, ağlama, ay dayı...” Elçin Stalin məşumluğundan
yenicə çıxmış, Beriya aşiq-məşuqluqlarından
yaxasını təzəcə bağlamış sevgisiz, məhəbbətsiz
böyük ölkənin Azərbaycan “kilkə”sindəki
cayıl vətəndaş “Baladadaşın ilk məhəbbəti”nə
üzdə toy tutub, içdə “vay” edirdi. Yusif Səmədoğlu:
“Get, komsomol... get, Sarı Şəmistana de ki,
öldürdüm Gəray bəyi... Qanına qəltan
elədim!” gülüşləri, sarkazmları
çıldırırdı. Vaqif Səmədoğlu
öz məzarına başdaşı əvəzinə,
ayaqqabılarının qoyulmasını vəsiyyət edirdi
ki, “dünyanın ən ağır qantelindən ağır”
telefon dəstəyindən bəd xəbər eşidəsi
ayağıyalınlar onu geyib, hadisə yerinə gedə (“iri
addımlarla irəliləyə”) bilsinlər. Ətrafındakı
“lilpar-lilpar” qaqaş-qaravaşlıqlardan,
löyün-löyün “okey-lakeylik”lərdən pisikən,
türkicə “kəndi”nə gəlib, azəricə
çıxıb kəndinə gedən Musa Yaqub isə, o
sarıqulaq-qarabaş, dara-baradaş aləmə
baxıb-baxıb, belə bir eks-təbii qərara və öz
həmkarlarından birinin “...karandaşı, naşı,
oğrubaşı, daşı göyərdi” rədiflərinə
rəğmən, əks-təbdili bir hökmə gəldi ki,
yox, qardaş, “Bu dünyanın qara daşı göyərməz!..”
İkisi rəhmət-cənnətdə,
70-80-inə yetmiş qalan beşi isə hələ də fəal
sənətdə olan o “60-cı illər” yetkililəri o vaxtlar
alayı bir “yeddi yoldaş”, ikisi bir, o biriləri isə
başqa-başqa, sona-sona anaların doğduğu yeddi
qardaş, çağdaşı olduqları tikanlı məftillər
lagerinin - “gündoğandan-günbatana” ölkəsinin mərkəzinə
qarşı əleyhdaş, bu bala-ballıca Vətənin
növbəti onilliyinin başçısıyla isə
müqəyyəd-“separat” sirdaş olub, mənən əlil-zəlil
edilməkdə olan bu milləti bəyazlı-istiqlallı,
üçrəng bayraqlı bir yola düzəldirdilər...
Daha
yalnız Sənə dair...
Sənin “Qətl günü”ndəki
imam Əli timsallı baş Şairə, şairliyə Yəzzid
misallı badalaq gələn ayaq “şair”lərə - öz bənzətmənlə
desək - “dılğırlar”a dair, ustad! İnkir-minkir qiyafəli
Kirlikir - o zir-zibillik, dəlmə-deşik “terror”çusundan
geri qalmayan şər fikir-zikir, ev-eşik personajlarına aid, ərdəmli
ədib! “Yeddi oğul istərəm”indəki Gəray bəy bəyliyi,
“ürəyimdən nişan al” təvəqqesində
olduğu düşmənə belə “əmi” xitabı tərbiyəsindən
çıxış edən Cəlal bəyzadəliyi, Kələntər
kələ-kötürlüyü obrazlarına şamil, əfəndim!
Başçılıq etdiyin ədəbi dərgilərdəki
qayğıkeşlik, fağır yazarlara “uğurlu yol”luq, həyata
nagümanların vərə-virdlərini bagümanlıqlara
yozumluq, sənətdəki sayğı-salğarlıq, həyatdakı
ağır-batmanlıq, sabitqədəmlik və sair bu sayaq
yaxşılıqlar cizgilərilə xəyallarımıza
yaratdırdığın şəxsi portret-obrazına dair,
Yusif Səmədoğlu!
O ədəbi obrazlarınla ədəbiyyatımıza,
kinomuza yeni bitkin surətlər, öz obrazınla cəmiyyətimizə,
ədəbi ictimaiyyətimizə yeni yetkin şəxsiyyət
kredo-kodeksi gətirirdin. Haçansa, sosial-məişət
tariximizin hansı konkret ailəvi situasiyasındasa bir
qardaşın bir bacıya “Dərd də gələndə -
batmanla gəlir, bacım!” deyimini, Sən, o universal
ictimai-siyasi-sosial dərd-sərlər dövründə uman
zümrə olan bütün bacılara güman yeri olan
bütün qardaşların xitabəti dərəcəsinə
qaldırdın. Yəqin, bir də ona
görə ki, Sən uşaqlıqda cavanlıq, gənclikdə
ahıllıq ömrü yaşamışdın. Bəs necə, bir məmləkət
paytaxtının ədəbiyyat-sənət mərkəzi
olmuş bir evdə dəxi nə tövr böyüyüb,
hancarı olmaq olarmış ki?
Bu suala - nə cavab gözlənilir,
nə savab...
...Sadəcə, eyhamlı “İblis”lər,
qalxanlı Elxanlar, “polad”lı Korçaginlər, ekskovatorlu
Sarvanlar, “Oyan, Mironıç, oyan!”lar, “Ələmdən nəşəyə”lər,
Adıgeyli sarban-karvanlar - irili-xırdalı zamanlar gəlib-gedir,
bu “köhnə qəlyan” sayalı, “yuxu tənbəli”
ayamalı istedad mücəssəməsi isə öz “ey
dadi-bidad” karvansarasında hər şeyi “qolay-noqolay”layıb
süzgəc-güzgəcdən keçirir, bütün
olayları özəl-gözəlləyirdi.
Ailə,
köklü-köməcli əqrəba, görklü-görkəmli
ata, ədəbi-“rəsmi-bədəvi” əmi-dayılar
aurası timsalında bitirdiyi həyat “orta məktəb”i onu sənət
“ali məktəb”inə əla hazırlamışdı.
O vaxtlar təkcə ona yox, bütün millətə (üzdə
İosif Vissarianoviç, içdə Səməd Yusif
oğlu) “ata” hesab edilən atasının o “herti-pertisinə lənət!”
dünyanın siyasi gərdişinə rəğmən,
xalqdan və qələmindən gizləyib, evdə
açdığı “bəzi-bəzi həqiqətlər”i də,
bala-bala, keçmiş mütaliə boşluqlarına
boşaldırdı. O həqiqətlərdən birini elə
o atanın özü - çıxışlarının
birində “çaşıb” dilə gətirmişdi: “Eh...
“kiçik” xalqın böyük şairi olmaqdansa,
“böyük” xalqın kiçik şairi olmaq daha yey!..”
Yenə “sən” deyə
xitab. Bir daha Sən! Necə ki Vurğun da
tez-tez birbaşa xitablar edirdi (“Oxucum, etiraf edirəm - qəlbən”,
“Yenə “Zabul-segah” - yenə o nalə!” və s.).
Sən cavanca yaşlarından
ağır-ağsaqqal bir yazar olub, “köhnə və yeni nəsil”,
“klassika və müasirlik”, “atalar və oğullar” tandemlərinə
tamam yeni rakursdan baxdın; nə arxaikə arxa çevirmək,
nə yeniliyə “ləbbeh” demək. Sənin
nihilizmində də bir əndazə vardı, “modernizm”ində
də. Astaca-ustaca - oxucuların
hamısı ilə bir “proloq-müqavilə” bağlayıb,
epiloqa qədər çəkib aparırdın.
Onların ayıq-sayıqları üçün adsız
baş qəhrəman - “məliküşşüəra”
yaradıb irfani nəf elətdirirdin, köhnə “stilizə-üslub”
bazarına təzə “İfləmə Qasım”,
“zındıqlar”, “dılğırlar” nırxı gətirib
“Araz aşığından, Kür topuğundan”, millət
lopuğundan olanlarçün məccani kef...
Sənin qələm-təxəyyülünün
məntiqi, sənət “fətva”sı ilə - tarixin və
tarixən ədiblərin yaratdıqları
(günahlı-günahsız) boyunvuran cəllad da edam edilir. Sənin - ən adlı-sanlı
şairlər qədər məşhurlaşdırdığın,
bütün “adsız şeir”lərdən daha yaddaqalan
adsız və sonda dili kəsilən Şairin qətli
islamın məlum “qətl günü” qədər məşum,
burada qurduğun hökmdar-vəzir dialoqu isə onların
heç bir döyüş və teatr səhnələrində
yığa bilməyəcəyi maraq dividentli:
“Hökmdar: - Vəzir, şair
heç ağzını açıb kəlmeyi-şəhadətini
də demədi!..
Vəzir: - Yəqin qorxusundan dilini
udubmuş, kafir oğlu kafir!
Hökmdar: - Gördün?!
Vəzir: - Nəyi, qibleyi-aləm?
Hökmdar: - “Nəyi”, “nəyi”!
Deyirdin, işi məxfi tutaq, camaat qalxa bilər! Gördün, bir kimsə cınqırını
çıxarmadı, gördün?! Bilin və agah olun;
nə qədər ki bəşər övladının
qarnında qorxu ağrısı, ürəyində
şöhrət azarı var, bir gündə yüz şair
başı kəsilsə də, heç kəs və
heç bir zaman hökmdarın üzünə ağ ola bilməz!..”
Tarix qədər uzun “sənət-rəyasət”
qarşılıqlarının təsvir “fərmanı”nı bir abzas həcmində verməyin
özü də bir ədibi-şahlıq deyilmi?
Bu məqamda
Anarın “Adamın adamı” kitabına yazdığın
yarım səhifəlik möhtəşəm “ön
söz”ün yadıma düşdü. Bu da xatirimə gəldi
ki, o vaxt o “Adamın adamı”ndakı o yazını oxuyanda tələbə
yoldaşlarıma dedim: “Adamın yazanı!..”
Sən təkcə qısa və
yığcam deyil, həm də - bir az
obyektiv, daha çox isə subyektiv səbəblərdən az
yazırdın. Deyirlər, bunun “niyə”sini
heç Sən özün də - nə konkret, nə
uzun-uzadı cavablandırmayıbsan. Yeri gəlmişkən,
görəsən niyə, Yusif Səmədoğlu? Nədən
və:
Söz düşmüşkən
deyəsən, mən də - Sənin
kimi “mürəkkəb”, aydın-açıq
yazılarına nisbətdə “qapalı” sənətkar haqda
hələ az və bir qədər emosional, sentimental
yazdım. Özü də - elmi-metodoloji aspektdə
yox, helmi-mənsuranə taktda bəhs etdim. Neynək,
qadam, indiyədək Səndən yuxarı-aşağı sənətkarlarımız
haqda yazılan ciddi üslublu monoqrafiyalardan, tərif dolu “tənqid
və bülbüloqrafiya”lardan, “üç badam, bir qoz”
qramafonologiyalardan ortalığa nə çıxıb ki, mənim
də bu “yeddi Adam - biz Söz” “patetika”logiyamdan nə
çıxa?
Yəni, qəmin kəm, “Qətl
günü” kimi ədəbi hadisə törədicisi!
Rahat uyumağında ol, əbədi
Qalaktikanın ədəbi törənişini yaratmış
“Qalaktika” müəllifi, “Deyilənlər gəldi başa”nın canlı avtoportreti!
Beləliklə, “Astana”dakı və
“220 saylı otaq”-odandakı həmişəyaşar bir
neçə obrazına salamlar, Fəxri xiyabandakı məzarına
ehtiram, ruhuna dualar!..
Tahir
Abbaslı
Mədəniyyət.-
2011.- 28 dekabr.- S. 13.