“Pal küçəsinin oğlanları”
Ramil Səfərovun macar dilindən tərcümə
etdiyi kitabın təqdimatı
2004-cü ildən Macarıstanda məhbəs həyatı
yaşayan azərbaycanlı zabit Ramil Səfərov
tanınmış macar yazıçısı Ferens
Molnarın “Pal küçəsinin oğlanları” kitabını
dilimizə tərcümə edib. Dekabrın 26-da
”İrşad” hotelində kitabın təqdimat mərasimi
keçirildi.
Tədbiri nəşrin redaktoru və
ön sözün müəllifi, filologiya üzrə fəlsəfə
doktoru Asif Rüstəmli açaraq bildirdi ki, Ramil Səfərov
həbsxanada olsa belə, bu gün də haqq-ədalət
uğrunda mübarizə aparır, öz savadı, məntiqi,
dünyagörüşü, mərdliyi ilə insanların
hörmətini qazanıb: “Ona qarşı
çıxarılan hökm ədalətsiz olub. Biz
inanırıq ki, Ramil Səfərov yaxın zamanlarda ölkəmizə
gətiriləcək. O, bu gün bədii tərcümə ilə
məşğul olur. Bununla Azərbaycan-Macarıstan ədəbi-mədəni
əlaqələrinə öz töhfələrini verməkdədir.
Hazırda Ramil yeni kitab üzərində işləyir. Arzu
edərdim ki, o, yeni kitabının tərcüməsini Azərbaycanda
davam etdirsin”.
Tədbirdə
çıxış edən millət vəkilləri Sabir
Rüstəmxanlı, Mübariz Qurbanlı, Qənirə
Paşayeva, Zahid Oruc, professor Nizaməddin Şəmsizadə,
insan hüquqları üzrə müvəkkil Elmira
Süleymanova və başqaları Ramil Səfərovun
yüksək insani keyfiyyətlərindən
danışdılar, onunla görüşlərindən xatirələrini
bölüşdülər.
Ferens Molnarın “Pal küçəsinin
oğlanları” povesti dünyanın müxtəlif dillərinə
tərcümə olunub. Ramil tərcümə
üçün bu ədəbiyyat nümunəsini təsadüfən
seçməyib. Pal küçəsi təkcə
budapeştli məktəblilər üçün deyil,
bütün dünya gəncləri üçün azadlıq
uğrunda, işğalçılara qarşı mübarizədə
vətənpərvərlik meydanı, həyat universitetidir.
Ramil Səfərov bu əsərdən əvvəl
tanınmış macar yazıçısı Maqda Sabonun
“Qapı” romanını müvəffəqiyyətlə Azərbaycan
dilinə tərcümə edib və kitab Bakıda çap
olunaraq geniş rezonans doğurub.
Çıxış edənlər
vurğuladılar ki, Ramil Səfərov xalqına, millətinə
bağlı gəncdir. Onun vətənpərvərliyi, mərdliyi,
cəsurluğu, dəyanəti hər bir gəncə örnəkdir.
Sonda Ramil Səfərova həsr
olunmuş klip təqdim olundu.
Ceyhun
Mədəniyyət.-
2011.- 28 dekabr.- S. 12.