Qarabağda sənət və sənətkarlar
Yazıçı-jurnalist Ənvər Çingizoğlu
və memarlıq doktoru Rizvan Qarabağlının
“Qarabağda sənət və sənətkarlar” adlı
kitabı işıq üzü görüb.
Azərbaycan Milli Elmlər
Akademiyasının Memarlıq və İncəsənət
İnstitutunun elmi şurasının qərarı ilə
çap olunan kitabın elmi redaktoru AMEA-nın müxbir
üzvü, professor Ş.Fətullayev-Fiqarov, redaktoru Vasif
Quliyev, rəyçiləri sənətşünaslıq
doktoru, professor Kübra Əliyeva, sənətşünaslıq
üzrə fəlsəfə doktoru İmaş Hacıyev və
memarlıq üzrə fəlsəfə doktoru Rahibə Əliyevadır.
Kitabda ilkin olaraq Qarabağda sənət
və sənətkarlar geniş təhlil edilib, memarlıq, xəttatlıq,
metalişləmə, misgərlik, dəmirçilik, zərgərlik
toxuculuq, xalçaçılıq və s. tədqiq olunub. Nəşrdə
Qarabağ Azərbaycanın qədim sənət, həm də
mədəniyyət mərkəzi kimi göstərilib. Orta əsrlər
dövrü dekorativ-tətbiqi incəsənət
ustalarından beyləqanlı dulusçular Əli ibn Əzizi,
Fədlun Beyləqani, Əhməd ibn Fədlunu, Xəttabi, Nəsiri,
Yusifi, Təbrizi, ağac və döymə üzrə usta
İzəddin İbrahimi və başqaları barədə məlumat
verib.
Kitabda “Qarabağ”
sözünün mənası ilə bağlı Azərbaycanın
və digər ölkələrin görkəmli alimlərinin
maraqlı fikirləri də verilib. Bəzi tədqiqatçıların
fikrinə görə, Qarabağ tarixi-etnoqrafik əyaləti
adını qədim Qarabağ şəhərindən
alıb. Toponimçi R.Yüzbaşov Qarabağ şəhərinin
VII əsrdən mövcud olduğu və XVIII əsrdə
süqut etdiyi fikrində olduğu verilir. Alman səyyahı
(XVII) A.Olearinin tərtib etdiyi xəritədə Qarabağ
şəhəri indiki Füzuli rayonunun Horadiz dəmir yol stansiyasından
şərqdə, cənubi Azərbaycanda, Aslanduz kəndi
yaxınlığında Qarasu çayının Araz
çayına tökülən mənsəbinə yaxın ərazidə
olduğu göstərilib.
Kitabda nəticə olaraq bildirilir
ki, Qarabağda ən qədim zamanlardan müxtəlif sənət
sahələri təşəkkül tapıb. Zaman
keçdikcə isə inkişaf edib və təkmilləşib.
Nəşrdə o da qeyd edilib ki, Qarabağ sənətkarları
Şərq, İslam və türk mədəni dəyərlərinin
bənzərsiz örnəklərini yaradıblar. Qarabağda
sənət Azərbaycan üçün ümumi olan “müsəlman
sənəti” sisteminin daxilində inkişaf edib, həmin sənət
xəzinəsini özünəməxsus və nadir dəyərlərlə
zənginləşdirib... O da göstərilir ki, Qarabağ ərazisi
“şimal imperiyası”na ilhaq olunduğu vaxtdan siyasi müstəqillik
imkanları itib. Bununla da, həmin vaxtdan ictimai-iqtisadi, həm
də mədəni inkişaf istiqamətləri müəyyən
dərəcədə dəyişib...
S.Fərəcov
Mədəniyyət.-
2011.- 28 dekabr.- S. 12.