Qızıl kitabın qızıl beşliyi

 

   Müdriklərdən kimsə insanın istedadlı doğulduğunu, bu keyfiyyətin ona hələ ana bətnində ikən verildiyini deyib. Burada müəyyən qanunauyğunluq var. Çünki həqiqi qabiliyyət və fitri istedad zaman və məkandan asılı olmayaraq istənilən halda özünü büruzə verir, parlayır.

  

   Ona görə də məhz istedada və Tanrının bu keyfiyyətlə mükafatlandırdığı insanlara təkan vermək, müəyyən məqamlarda əllərindən tutmaq, önə çıxarmaq, dəstək olmaq gərəkdir. Çünki onun bilik və bacarığı, fitri istedadı ondan çox, onu əhatə edən cəmiyyətə lazımdır. Məhz bu prinsipin əsas götürüldüyü gənc istedadların «Qızıl kitabı» mütəmadi olaraq yeni adlar, istedadlarla zənginləşir.

   Prezident İlham Əliyevin dekabrın 19-da imzaladığı sərəncama əsasən, musiqi sahəsində xüsusi istedadı olan daha beş nəfər gənc adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılmaqla Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görüldü. Bunlar respublika və beynəlxalq müsabiqələr laureatı Nəriman Əmiraslanov (Bakı şəhər G. Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbi), Yasin Həsənov, Emin Hüseynov (hər ikisi Bakı şəhər T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbi), Mədinə Şahgəldiyeva və Aygül Həsənovadır (hər ikisi Bakı şəhər Q.Qarayev adına 8 nömrəli Onbirillik Musiqi Məktəbi). Bu istedadlı yeniyetmələrin sənət uğurları barədə qəzetimizin səhifələrində vaxtaşırı məlumat vermişik. Bu yazıda isə onları oxucularımıza bir qədər də yaxından tanıtmaq istəyirik.

   

   Şaroyev məktəbinin növbəti uğuru

  

   Bu məktəb daim paytaxtımızın qabaqcıl musiqi təhsili ocaqları sırasında yer alır. Prezidentin xüsusi aylıq təqaüdünə layiq görüldüyü üçün dövlət başçısına minnətdarlıq edən Nəriman Əmiraslanov əldə etdiyi sənət uğurlarına görə məktəbdəki müəllimlərinə borclu olduğunu deyir. Bu ilin həyatında çox uğurlu il olduğunu bildirən Nəriman ilk nailiyyətini mart ayında qazanıb, Estoniyada keçirilən İ.S.Bax adına gənc pianoçuların IV Beynəlxalq müsabiqəsində birinci dərəcəli diploma layiq görülüb. May ayında isə Alman-Azərbaycan mədəniyyət mərkəzi “Kapellhausda Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə solo konserti olub. Ardını onun öz dilindən eşidək:

   - Noyabrın 1-dən 5-dək İsveçin paytaxtı Stokholmda keçirilən II Beynəlxalq “Rondomusiqi festivalında iştirak etdim. Festivalda gənc musiqiçilər fortepiano, simli-nəfəs alətləri və vokal ixtisasları üzrə üç yaş qrupunda yarışırdılar. İki turdan ibarət festivalda II dərəcəli diploma layiq görülərək laureat adını qazandım. Noyabrın 22-24-də isə Moskvada keçirilən ənənəvi “Parlayan ulduzlar Kremldə” adlı klassik musiqi festivalına qatıldım. 20 ölkənin musiqiçilərinin qatıldığı festivalın ən gənc ifaçısı idim. Rusiya prezidentinin xanımı Svetlana Medvedevanın himayəsi ilə keçirilən festivalın son günü Böyük Kreml Sarayının “Aleksandrovski” zalında qala-konsert oldu. Konsertin 1-ci hissəsində solo nömrələr ifa olundu, 2-ci hissə isə maestro Vladimir Spivakovun rəhbərliyi ilə “Virtuozı Moskvı” kamera orkestrinin müşayiəti ilə keçirildi. Konsertdən sonra S.Medvedeva festival iştirakçılarının hər birini təbrik edərək, təşəkkürnamə, sertifikat və xatirə hədiyyələri təqdim etdi.

   Əldə etdiyim bütün nailiyyətlərə görə üzərimdə böyük zəhməti olan müəllimlərimə - Bakı Musiqi Akademiyasının professorları Siala Sinamdzqvarişviliyə və Oqtay Abasquliyevə minnətdaram. İnanıram ki, qarşıdan gələn festival və müsabiqələrdə də Azərbaycanın adını ucaldacağam. Ölkə prezidenti tərəfindən mənə göstərilən bu etimadı doğrultmağa çalışacağam”.

  

   Ənənələr ocağının yeni istedadları

  

   Bu il yüksək səviyyədə təmir-bərpa olunaraq şagird və müəllimlərin ixtiyarına verilən Q.Qarayev adına 8 saylı musiqi məktəbinin də uğur zənciri genişlənməkdədir. Məktəbin iki yetirməsinin adı gənc istedadların “Qızıl kitabı”na yazılıb.

   1995-ci ildə Bakı şəhərində anadan olan Mədinə Şahgəldiyeva uşaqlıqdan musiqiyə maraq göstərib. Meylini milli musiqi alətlərimizdən olan kamançaya salan Mədinə 2004-cü ildən bu ixtisas üzrə təhsil alır. Hazırda Xalq artisti Ağaverdi Paşayevin rəhbərlik etdiyi xalq çalğı alətləri üzrə Gənclər orkestrinin konsertmeysteridir.

   Onun tərcümeyi-halına nəzər salsaq bu orkestr «postu»nda heç də təsadüfən qərarlaşmadığını görərik. 2006-cı ildə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən keçirilən Bakı şəhəri üzrə «Qönçə» festivalında uğurla iştirak edib, 2008-ci ilin martında Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi xalq çalğı alətləri üzrə I Respublika müsabiqəsinin laureatı olub. Həmin ilin aprelində ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş I Respublika müsabiqəsində laureat adını qazanıb.

   2009-cu ilin mayında V.Spivakovun Beynəlxalq xeyriyyə fondu tərəfindən təşkil olunmuş «Moskva vstreçaet druzey» adlı VI Beynəlxalq festivalda uğurla çıxış edib. Həmin il Rusiyada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi Azərbaycan gənclər simfonik orkestrinin müşayiəti ilə MoskvaKazanda keçirilən konsertlərdə solist olaraq yüksək ifaçılıq səviyyəsi nümayiş etdirib. 2010-cu ilin dekabrında Tbilisidə təşkil olunan «Dostluq görüşü» adlı konsertdə fəxri fərmanla təltif olunub.

   Ötən il Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən xalq çalğı alətləri üzrə II Respublika müsabiqəsinin də laureatı olan Mədinə bu il dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr olunmuş Respublika festivalının da laureatı adını qazanıb.

   Ən böyük arzusunun Azərbaycan milli mədəniyyətini beynəlxalq müsabiqələrdə layiqincə təmsil etmək olduğunu deyən Mədinə onu xüsusi təqaüdə layiq görən ölkə başçısına və gənclərin potensiallarını üzə çıxmasına dəstək olan MədəniyyətTurizm Nazirliyinə təşəkkürünü bildirdi.

   Onun təşəkkürlərinə qoşularaq sözə başlayan Aygül Həsənova da bu etimadı doğruldacağını dedi. Hazırda məktəbin XI sinif şagirdi olan Aygül bir sıra yerli müsabiqələrin laureatıdır. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən (2008) Xalq çalğı alətləri üzrə I Respublika müsabiqəsinin I dərəcəli laureatı, ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş I Respublika müsabiqəsinin diplomantı, Xalq çalğı alətləri üzrə II Respublika müsabiqəsinin I dərəcəli laureatıdır. O, həmçinin Bakı-Tiflis şəhərlərarası bədii və musiqi görüşünün (2010) iştirakçısı, VII Beynəlxalq «Moskva dostları qarşılayır» festivalının iştirakçısıdır. Dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümü münasibətilə təşkil olunmuş milli musiqi alətləri ifaçılarının Respublika festivalında I dərəcəli diploma layiq görülüb. Bundan başqa müstəqilliyimizin 20 illiyi münasibətilə «Buta Palace»də rəsmi konsertdə iştirak edib. O həmçinin Azərbaycan Dövlət Xalq Çalğı Alətləri və Q. Qarayev adına Dövlət Kamera orkestrlərinin müşayiəti ilə bir sıra dövlət konsertlərində çıxış edib. 2010-cu ildə əsası qoyulan Dövlət uşaq-gənclər xalq çalğı alətləri orkestrinin solistidir.

  

   Onlar 12 saylı məktəbin fəxridir

  

   Yasin Həsənov 2000-ci ildə Bakıda dünyaya göz açıb. 2008-ci ildən Tofiq Quliyev adına 12 saylı uşaq musiqi məktəbinin vokal sinfində təhsil alır. Fərqli səs və ifa manerası ilə seçilən Yasin 2009-cu ildən başlayaraq müxtəlif müsabiqə və festivallara qatılaraq diplomlar qazanıb. 2010-cu ildə "V&V Company" tərəfindən keçirilən tədbirdə “Gənc istedadlar” nominasiyasında Qran-priyə layiq görülərək ilin “ən gənc müğənnisi” adına layiq görülüb. Həmin il R. Behbudov adına Mahnı Teatrında keçirilən "Zirvədəkilər" müsabiqəsinin diplomantı olub.

   Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə müxtəlif beynəlxalq müsabiqə və festivallara qatılan Yasin bu il Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən XII "Prazdnik detstva" Beynəlxalq uşaq müsabiqəsində 27 ölkədən gələn 700 iştirakçı arasında Qran-priyə layiq görülüb. Belarusun Mozır şəhərində təşkil olunan VII "Zemlya pod belımi krılyami" adlı Beynəlxalq vokal müsabiqəsində də 25 ölkədən 600 iştirakçı arasından Qran-pri ona nəsib olub. Növbəti Qran-prini isə 2011-ci il mayında Rumıniyanın Oneşti şəhərində keçirilən XVI Beynəlxalq "Tİ AMO" pop müsabiqəsində qazanan Yasin Belarusun Klimov şəhərində gerçəkləşən "Zolotaya pçyolka" Beynəlxalq uşaq müsabiqəsində də uğurla iştirak edərək xüsusi diploma və II yerə layiq görülüb. Bundan əlavə, bu ilin yayında Belarusun Vitebsk şəhərində keçirilən “Slavyan bazarı” IX beynəlxalq uşaq müsabiqəsindən II yer, noyabrın 24-29-da Almaniyanın paytaxtında keçirilmişBerliner Perle-2011” beynəlxalq musiqi müsabiqəsində də I yerxüsusi mükafatla qayıdıb.

   Onunla bir məktəbdə oxuyan Emin Hüseynov 1996-cı ildə Bakıda doğulub. 2005-ci ildən 12 saylı uşaq musiqi məktəbində təhsil alır. Simli alətlər şöbəsinin VII sinfində oxuyan Emin şəhər və respublika səviyyəli müsabiqələrdə dəfələrlə iştirak edib. Mədəniyyət və turizm Nazirliyinin təşkil etdiyi Uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin simli alətlər üzrə respublika müsabiqəsində (2007) II dərəcəli diploma layiq görülüb. Q. Qarayevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar olaraq keçirilən «Gənc musiqiçilər təhlil və ifa edir» elmi ifaçılıq müsabiqəsinin diplomantı olub. 2008-ci ildə Rusiyanın Suzdal şəhərində keçirilən «Yeni adlar» XVI yay yaradıcılıq məktəbində təhsil alaraq diploma layiq görülüb.

   Ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar keçirilən I Respublika müsabiqəsinin diplomantı olan Emin 2009-cu ildə M. Rostropoviç adına Gənc ifaçıların I Bakı müsabiqəsinin qalibi (III dərəcəli diplom) adını qazanıb. 2010-cu ildə Uşaq musiqi və incəsənət məktəblərinin II Respublika müsabiqəsində simli alətlər şöbəsi üzrə II dərəcəli, Sankt-Peterburqda keçirilən «Gümüş kamerton» beynəlxalq müsabiqəsində laureat adı və I dərəcəli diplom da yeniyetmə skripkaçının təltifləri sırasındadır.

  

 

   Həmidə Nizamiqızı

 

   Mədəniyyət.- 2011.- 28 dekabr.- S. 7.