Azərbaycanda
mədəniyyətlərarası dialoqun
tarixən formalaşmış dərin kökləri var
Rəbiyyət
Aslanova: “Azərbaycançılıq” ölkəmizin bu sahədə
həyata keçirdiyi siyasətin cilalanmış
çıxış nöqtəsini təşkil edir”
Qloballaşan dünyada müxtəlif sivilizasiyaların
dialoqu günü-gündən daha da aktuallaşır.
Dünyanın bir parçası olan Azərbaycan da bu prosesə
öz töhfəsini verir. Ölkə rəhbərliyinin mədəniyyətlərarası
dialoq sahəsində təşəbbüsləri beynəlxalq
aləmdə geniş rezonans doğurub və bunun nəticəsidir
ki, bu ilin aprelində dünyanın beş qitəsinin 80-dək
ölkəsindən nümayəndələr dialoq və
anlaşma naminə Bakıya toplaşdı.
Bakı Forumu son bir neçə
ildə ölkəmizin bu sahədə həyata keçirdiyi
təşəbbüslərin məntiqi davamı oldu. Bundan
sonra hər iki ildən bir Bakıda keçiriləcək
Dünya Mədəniyyətlərarası Dialoq Forumu dünya
dövlətlərini bir araya gətirəcək. Artıq
növbəti foruma hazırlıqla bağlı tədqiqat
qrupu da fəaliyyətə başlayıb.
Dünyada sivilizasiyalararası
dialoqa yanaşma meylləri və Azərbaycanın bu məsələdə
mövqeyi ilə bağlı bir neçə sualla Milli Məclisin
İnsan hüquqları komitəsinin sədri, professor Rəbiyyət
Aslanovaya müraciət etdik:
- Rəbiyyət xanım, bu gün
dünyada gedən mədəniyyətlərarası əməkdaşlıq
prosesini ümumilikdə necə xarakterizə etmək olar? Bu
prosesin qlobal baxımdan hansı əhəmiyyəti və dəyəri
var?
- Mədəniyyətlərarası
əməkdaşlıq məsələsi uzunmüddətli və
mürəkkəb bir prosesdir. Tədqiqatçıların
fikrincə, hazırda lokal sivilizasiyaların yeni -
dördüncü nəslinin formalaşması meyli
müşahidə olunur. Qloballaşmanın unifikasiya, eyniləşmə
çağırışına qarşı lokal mədəniyyətlər
özlərinin fərqli xüsusiyyət və güclərini
diqqətə çatdırmaq istəyirlər. Qloballaşma
prosesində ən müxtəlif irq, mədəniyyət,
etnik qrup və dinlərin nümayəndələri bir-biri ilə
tez-tez üzləşir. İnsanlar indi daha çox başa
düşürlər ki, onların yaşam tərzi bir
çox mədəniyyətlərin təsiri altında
baş verir: eyni zamanda həm özünün, həm də
başqasının mədəniyyətinə həssaslıq
göstərmək zərurətə və məlumat mənbəyinə
çevrilir. Hər kəs öz inamı, keçmişi və
mədəniyyəti ilə fəxr edə bilər, lakin
başqasına nifrət bəsləməməlidir. Mədəniyyətlərarası
dialoqun əbədi humanist idealı, böyük siyasi və
praktiki potensialı, qlobal gələcək üçün əhəmiyyəti
də məhz buna əsaslanır.
- Qloballaşan dünyada
sivilizasiyalararası inteqrasiya və dialoqun əsas problemi nədir?
- Bu sahədə problemləri
ümumiləşdirsək üç istiqamət, yaxud
ssenarini qeyd etmək olar. Bunlar qarşıdurma (toqquşma),
dialoq və lokal mədəniyyətlərin qlobal hakim mədəniyyətdə
əriyib, ona qarışması prosesidir. Bu yöndə
müxtəlif qarşılıqlı təsir
strategiyalarının irəli sürülməsinə
baxmayaraq, bu gün Qərb elmində inteqrasiya probleminin
ümumi konsepsiyası, ziddiyyətsiz həlli mexanizmləri hələlik
formalaşmayıb. Söhbət mədəniyyətlərin
qarşılıqlı bəhrələnməsi və
davamlı inkişafı probleminin aktuallaşmasından gedir.
Çünki bəşər mədəniyyətini
sivilizasiyaların çoxçalarlılığı təmin
edir.
Mədəniyyətlərin
toqquşması XX əsrin sonundan başlayaraq ən çox əks-səda
doğuran qlobal ssenarilərdən idi. Amerikadakı 2001-ci il 11
sentyabr olayları bu ssenarilərin həyatın
sınağından çıxmasını dövlətlərarası
səviyyədə, beynəlxalq müstəvidə görməyə
imkan verdi. Sivilizasiyalar həm milli, həm də ümumbəşəri
xüsusiyyətlərin əsas daşıyıcısı və
ifadəçisidir. Bu xüsusiyyətlərin ikili mahiyyəti
müvafiq olaraq qloballaşma fonunda bir-birinə əks olan iki
meyli doğurur. Bir tərəfdən, milli-mədəni intibah
və dirçəliş mədəniyyətlərin
diferensiasiyasını şərtləndirir, özünəməxsus
cizgilərin inkişafını önə çəkir, sabit
mədəni dəyərlərə kənar, yad təsirlərə
qarşı müqaviməti gücləndirir. Digər tərəfdən,
mədəni inteqrasiya, dialoq və əlaqələrin
intensivləşməsi prosesi gedir, “inteqral” bəşər mədəniyyəti
təşəkkül tapır. Bütün səviyyələrdə
məkanı və zamanı sıxlaşdıran qloballaşma
müxtəlif mədəniyyətləri də bir-birinin
“qoynuna” itələyir, onları üz-üzə qoyur.
Mədəniyyətlərarası
qarşılıqlı təsir probleminə dair
araşdırmalarda pozitiv və neqativ nəticəli
qarşılıqlı təsir növləri mövcuddur. Yəni
burada həm “bəhrələnmə-zənginləşmə”,
həm də “durğunluq-kasadlaşma-tənəzzül” kimi
gedən meyllər aşkar edilir. Buna misal kimi Avropanın
qarşılaşdığı mədəniyyətlərdən
bəhrələnməsini, istər yeni ölkələrin kəşfi,
istərsə də sonralar Şərqin mənəvi-mədəni
sisteminin nailiyyətlərini mənimsəməsini göstərmək
olar. Bu proseslər nəticəsində Qərb mədəniyyəti
öz məzmun çoxçalarlılığını və
müxtəlifliyini daha da artırıb. Bu baxımdan mədəniyyətlərarası
əməkdaşlıq mexanizminin mürəkkəb bir proses
olub, nəinki bütün XXI əsr boyu, hətta əsrlərlə
davam edəcək.
- Uzun əsrlər müxtəlif
din və mədəniyyətlərin əməkdaşlıq
məkanı kimi tanınmış Azərbaycan dövlət
müstəqilliyini bərpa edəndən sonra
sivilizasiyaların toqquşması ideyasına qarşı
özünün tarixən formalaşmış tolerantlıq
modelini dünyaya tanıtmaq imkanı qazandı. Ölkəmiz
xüsusilə son illərdə mədəniyyətlərarası
dialoq məkanı kimi çıxış edərək
mühüm təşəbbüslər irəli
sürür. Bu çətin missiyanı üzərimizə
götürməyi mümkün və zəruri edən
hansı şərtlər mövcuddur?
- Azərbaycanda mədəniyyətlərarası
münasibət modelinin özəlliyindən və örnək
xüsusiyyətlərindən danışarkən üç
əsas arqument diqqəti cəlb edir: birincisi, sizin də qeyd
etdiyiniz kimi, Azərbaycanda polietnik və polikonfessial cəmiyyətin
tarixən formalaşmış və əsrlərin
sınağından çıxmış təcrübəsi
mövcuddur. Azərbaycanda heç vaxt etnik-dini zəmində
qarşıdurma olmamışdır. İkincisi, müstəqillik
dövründə ölkəmizdə tolerantlıq və
dialoq ənənələrinin yeni keyfiyyət mərhələsinə
yüksəlməsi, bu sahədə uğurlar göz
önündədir. Üçüncü arqument isə Azərbaycanda
mədəniyyətlərarası münasibətlərdə
hər bir mədəni birliyin obyektiv təbii haqqı və
özünü reallaşdırma ehtiyaclarına dövlət
qayğısının olmasıdır. \"Azərbaycançılıq\"
bu mövqenin cilalanmış çıxış nöqtəsini
təşkil edir. Azərbaycan bir çox ölkələr
kimi “immiqrant dövlət” deyil. Azərbaycanda etnoslar və
konfessiyalararası dialoq tarixən formalaşdığı
üçün dərin köklərə malikdir və
bütün xalqların tarixi yaddaşı kimi təmələ
əsaslanır. Azərbaycançılıq müxtəliflik
və vəhdətin həqiqi fəlsəfəsi, dialoq və
tolerantlıq fəlsəfəsidir. Belə dinamik modeldə mədəniyyətlərin
mozaikasının hər bir elementi “donmuş eksponat” vəziyyətində
deyil, canlı “çələng” kimi dialoqdadır, inkişaf
və sintezdədir.
Qloballaşma şəraitində
müasir dövrün tələblərinə ən çox
uyğun gələn və həm də arzu olunan strategiya
müxtəlif mədəniyyətlərin
qarşılıqlı inteqrasiyası, mövcud
reallığa cavab verən dialoq və anlaşmanın
qurulması yoludur. Azərbaycanda bu sahədə zəngin milli
təcrübə var. Bu gün Şərqdə bəzi
dövlətlər dini və mənəvi identiklik
böhranı yaşayırlar. Müxtəlif qlobal güclərin
də marağı olan qeyri-sabitlik vəziyyəti bu cəmiyyətlərdə
vətəndaş konsensusuna nail olunmasına mane olur. Ölkəmiz
də ötən əsrin 90-cı illərində bu problemlə
üzləşib. Bu vəziyyətin aradan
qaldırılması üçün, qeyd etdiyimiz kimi, «azərbaycançılıq»
ideyası misilsiz rol oynadı.
Bu gün Azərbaycan dünyaya
nümunə ola biləcək bəşəri bir
tolerantlıq məkanıdır. Müqəddəs İslami
dəyərlərdən bəhrələnib,
qarşılıqlı hörmət, faydalı ünsiyyət
və sarsılmaz əməkdaşlığa söykənən
tolerantlıq Azərbaycanda çox qədim ənənələrə
malikdir. XII əsrdə dahi Nizami öz məşhur «Xəmsə»sində
30-dan çox millətə mənsub zəngin obrazlar silsiləsi
yaradıb. Bu gün bəzi dövlətlərin öz ölkələri
daxilində tolerantlıq mühiti yaratmaq üçün
yollar aradıqları bir dövrdə Azərbaycan
tolerantlığın sarsılmaz təməl
sütunlarına söykənib, dərin dayaqlara istinad etdiyi,
gündəlik həyatı reallığa çevrilib ölkəmizdə
hakim mövqe tutması dünyanı heyrətdə qoyub. Azərbaycanın
beynəlxalq problemlərin müzakirəsi ilə bağlı
geniş formatlı tədbirlərin keçirilməsində
də təcrübəsi var. Dialoq prosesi yaşı min illərlə
hesablanan tarixə malikdir. Bununla belə, onun indiki, belə demək
olarsa, «məcburi intensiv fazası» nisbətən yeni hadisə
olub, başlanğıcını əsasən keçən əsrin
80-ci illərindən götürür. Bu vəziyyətin
aradan qaldırılmasında müxtəlif ölkələrin,
xüsusilə də son bir neçə əsr müddətində
dini zəmində heç bir qarşıdurmanın baş
vermədiyi Azərbaycanın bu sahədə
potensialının öyrənilməsi böyük önəm
kəsb edir.
- Azərbaycanın beynəlxalq problemlərin
müzakirəsi ilə bağlı geniş formatlı tədbirlərin
keçirilməsində təcrübəsi olduğunu qeyd
etdiniz. Sizcə, bu tədbirləri keçirməklə,
sivilizasiyalararası dialoq məkanı olduğumuzu isbatlaya
bilirikmi? Və bu təcrübə ümumilikdə öz bəhrəsini
necə verir?
- Bu gün Azərbaycanın
tolerantlıq mühiti, mədəniyyətlərarası
dialoq məkanı kimi əhəmiyyəti bütün
dünyada tanınır və qəbul olunur. Təsadüfi
deyil ki, dünyanın ən müxtəlif ölkələrinin
nümayəndələri dialoq naminə forumlara məhz bizim
ölkəmizdə toplaşır, burada dinlərin, mədəniyyətlərin
əməkdaşlıq formatları, imkanları müzakirə
olunur, sivilizasiyaların qarşılıqlı
anlaşması istiqamətində iş aparılır.
Bakı 2009-cu ildə bütövlükdə İslam Mədəniyyətinin
Paytaxtı elan olunmuşdu. Şərq ilə Qərbi birləşdirən
İpək yolunun bərpası işinin təməli
Bakıda qoyulduğu kimi, şəhərimiz «Şərq-Qərb»
mövzusunda festivallar, incəsənət bayramları, beynəlxalq
elmi konfranslar üçün də mühüm məkana
çevrilib. Mənəvi sağlamlıq güclü və
sarsılmaz dövlətçiliyin əsas sütunudur.
Yalnız mənəvi təməl və oriyentasiyaya malik
dövlət bütün problemləri həll etməyə,
öz firavan gələcəyini qurmağa, müasir
dünyanın inkişaf və tərəqqi karvanına
qoşulmağa qadirdir. Bu gün Azərbaycan xalqının zəngin
milli-mənəvi irsinin himayədarı olan dövlətimiz
bu irsin dünyaya tanıdılması yönündə
örnək sayılacaq fəaliyyətlərini ortaya qoyub.
Mədəniyyətlərarası
dialoqun müxtəliflik və plüralizmlə səciyyələnən
müasir cəmiyyətlərdə yerli, regional və qlobal səviyyələrdə
gücləndirilməsi və təsdiq edilməsində
prezident İlham Əliyevin şəxsi təşəbbüskarlığı
dünyanın diqqət mərkəzindədir. Təkcə bu
il ölkəmizin ev sahibliyi etdiyi Dünya Mədəniyyətlərarası
Dialoq Forumu və Beynəlxalq Humanitar Forum bunun bariz təsdiqidir.
Məlum olduğu kimi, dövlət
başçısının sərəncamı ilə Mədəniyyətlərarası
dialoq üzrə Bakı Forumu ənənəvi olaraq iki ildən
bir keçiriləcək. Bu isə o deməkdir ki, ölkəmiz
İslam dünyası ilə Qərb sivilizasiyası və eləcə
də digər mədəniyyətləri təmsil edən
xalqlar arasında dialoqun və etimadın möhkəmləndirilməsində
bundan sonra daha mühüm rol oynamaq əzmindədir. Bu eyni
zamanda, Azərbaycan xalqının tolerant mədəniyyətinin,
tarixi ənənələrinin beynəlxalq aləmə
tanıdılması yönündə bizim üçün əlavə
fürsətdir.
Mehparə
Mədəniyyət.-
2011.- 28 dekabr.- S. 6.