Fəal mədəniyyət müəssisələri və əməkdaşları mükafatlandırıldılar

 

  Təltif olunanlar arasında «Mədəniyyət» qəzeti də var

  

   Dekabrın 23-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında 2011-ci ilin yekunları ilə bağlı ən fəal mədəniyyət müəssisəsinin və mədəniyyət işçisinin müəyyən edilməsi məqsədi ilə keçirilən müsabiqənin qaliblərinin təqdimat mərasimi oldu.

  

   Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının Respublika Komitəsi ilə birgə həyata keçirdiyi tədbir artıq 4-cü ildir ki, keçirilir. Mükafatlandırma mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak edirdi.

   Mədəniyyətin yerlərdə təbliği və inkişafı istiqamətində fəaliyyət göstərən insanların əməyini yüksək qiymətləndirən, bu il ərzində görülən işləri razılıqla qeyd edən nazir qarşıdakı ildə daha böyük və məsuliyyətli işlərin olduğunu vurğuladı: «Mədəniyyət sahəsində görülən işlərin həcmi və miqyası çox böyükdür. Biz bu proseslərin iştirakçıları və təşkilatçıları olaraq bəlkə də bunu hiss etmirik. Amma bütövlükdə götürsək, Azərbaycan nə qədər böyük, mötəbər tədbirlərə ev sahibliyi edib. Qarşıdakı ildə də Azərbaycan yenə də dünyanın diqqət mərkəzində olacaq. Ölkəmizdə «Eurovision» müsabiqəsi keçiriləcək və Bakı bir neçə gün də olsa Avropanın musiqi paytaxtı missiyasını həyata keçirəcək. Bütün bu işlərin yüksək səviyyədə təşkili üçün hər kəs var qüvvəsi ilə çalışmalıdır. Bu tədbiri elə təşkil etməliyik ki, gələn hər kəs bilməlidir ki, biz təkcə musiqinin yox, böyük, zəngin mədəniyyətin sahibləriyik. Ona görə də istər paytaxtdakı mədəniyyət müəssisələri, istərsə də Bakı kəndlərindəki mədəniyyət ocaqları buna tam hazır olmalıdırlar. Onlar Bakının tam cəlbedici məkan kimi təqdimatında səylərini göstərməlidirlər, var qüvvələri ilə çalışmalıdırlar. Onu da nəzərinizə çatdırım ki, gələn il bu sahədə müəyyən islahatlar aparılacaq. Bu islahatlar həm struktur, həm də kadr potensialını əhatə edəcək».

   2011-ci lin «Turizm ili» kimi bir sıra irimiqayslı layihələrlə də yadda qaldığını qeyd edən nazir il ərzində ölkədə təşkil olunan mühüm tədbirlərdən, beynəlxalq forumlardan, festivallardan söz açdı. Qeyd olundu ki, bu tədbirlərin təşkilində və uğurla həyata keçirilməsində mədəniyyət işçilərinin xidməti əvəzsizdir.

   Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının Respublika Komitəsinin sədri Cəmilə Səttarova da mədəniyyət işçilərinə qarşıdakı ildə uğurlar arzuladı.

   Sonra müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi başlandı. İlin yekunlarına əsasən “Ən fəal məktəb”, “Ən fəal mədəniyyət evi”, “Ən fəal xalq kollektivi”, “Ən fəal mədəni-maarif işçisi” - ümumilikdə 21 nominasiya üzrə mükafatlar təqdim olundu.

   Mərasimdə 42 mədəni-maarif işçisinə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi, Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının Respublika Komitəsi ilə birlikdə Fəxri Fərman və pul mükafatı, 31 mədəni-maarif işçisinə isə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən Təşəkkürnamə və mükafat təqdim olundu.

   Şəbəkəyə daxil olan müəssisələrdən başqa “Ən fəal əməkdaş“ nominasiyasında bir sıra şirkət və təşkilatlar da mədəniyyətin inkişafında göstərdiyi xidmətlərə görə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən xüsusi diplom və mükafatlara layiq görüldü. Bu nominasiyada təltif olunan kütləvi informasiya vasitələri arasında «Mədəniyyət» qəzeti də var. Ümumilikdə müsabiqənin yekunlarına əsasən 73 mədəni-maarif işçisi və 28 mədəni-maarif müəssisəsi xüsusi diplom və mükafatlara layiq görülüb.

   Mükafatların təqdimatından sonra Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev çıxış edərək təltif olunanları təbrik etdi. Bu rəmzi mükafatlandırmanın mədəniyyət işçilərinə stimul verdiyini, onlarda işə müəyyən maraq oyatdığını xatırladan Ə. Əliyev görüləcək işlərin qarşıda olduğunu dedi.

   O, sonra Bakı şəhərinin mədəniyyət işçiləri adından Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 50 illik yubileyi münasibətilə təbrik etdi və prezidentə ünvanlanmış təbrik məktubunu tədbir iştirakçılarının nəzərinə çatdırdı.

   Təqdimat mərasimində “Bakı gecələri” estrada orkestrinin ifasında Azərbaycan və dünya estrada mahnı musiqiləri səsləndirildi. Orkestrin bədii rəhbəri Cəlal Abbasov, musiqi rəhbəri isə İgid Sənərdir.

  

 

   Həmidə

 

   Mədəniyyət.- 2011.- 28 dekabr.- S. 5.