Xalq dilinin abidəsi
- Əli Vəliyev
Dekabrın 26-da Akademik
Milli Dram Teatrında Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndələrindən
biri, Xalq yazıçısı Əli
Vəliyevin 110 illik yubileyi qeyd olundu. Mədəniyyət və Turizm
Nazirliyinin təşkilatçılığı
ilə keçirilən
tədbirdə əvvəlcə
yazıçının həyat
və yaradıcılığını
əks etdirən videomaterial nümayiş etdirildi.
Xalq şairi Sabir Rüstəmxanlı, AMEA-nın
müxbir üzvü Nizami Cəfərov, yazıçı-publisist Aqil
Abbas, professorlar Nizaməddin Şəmsizadə,
Qulu Məhərrəmli,
yazıçı-publisist Flora Xəlilzadə, filologiya elmləri doktoru Şirindil Alışanov,
yazıçı Nahid
Hacızadə çıxış
edərək Əli Vəliyevin özünəməxsus
ədəbi irsindən,
bütöv şəxsiyyətindən
söz açdılar.
Qeyd olundu ki, keşməkeşli və məşəqqətli
həyat yolu keçən Əli Vəliyev tanınmış
nasir, publisist, yazıçı kimi mənsub olduğu xalqın böyük bir dövrünün salnaməsini yazmış,
“Zəngəzur qartalları”,
“Budağın xatirələri”,
“Qarabağda qalan izlər” əsərlərində
ulu yurd yerlərimizi əbədiləşdirmişdir.
Xalq yazıçısı, akademik
Mirzə İbrahimov Əli Vəliyev barədə yazırdı:
“O, xeyirxah, qeyrətli bir vətəndaş, həyatla,
xalqla canlı əlaqəsi olan bir yazıçı idi, vəfalı dost idi. Sinəsində bütün həyatı boyu doğma xalqına, vətəninə,
bədii ədəbiyyata,
həqiqətə, düzlüyə
məhəbbətlə dolu
olan və rahatlıq bilməyən bir ürək döyünürdü...”
Əli Vəliyevin yaradıcılığı
ilə şəxsiyyəti
bir-birini tamamlayırdı.
Xalq şairi Mirvarid Dilbazi ədib barədə yazırdı: ““Kişi” kəlməsi dilimizdə ən yüksək məna daşıyır.
Mərdliyi, cəsarəti, doğruluğu
tərənnüm edir.
Bu keyfiyyətlərə malik
olduğu üçün
Əli Vəliyevə
də xalqımızın
kişi oğlu desək, yerinə düşər.
O, həqiqət naminə
danışmaq lazım
gələn yerdə,
ən çətin, ən çıxılmaz
məqamlarda dönə-dönə
bu kişi ləyaqətini göstərirdi...”
Əli Vəliyev bütün
varlığı ilə
xalqa bağlı olmuş, dilimizin gözəlliyi, xalqımızın
adət və ənənələrini, tarixini
yüksək sənətkarlıqla
qələmə almışdır.
Nəsrin bütün janrlarında
özünü sınayan
Əli Vəliyev ancaq gördüklərini,
duyduqlarını, şahidi
olduqlarını qələmə
aldığından onun
yaradıcılığı ölümsüz ədəbi
nümunələrdəndir.
“Nənəmin cəhrəsi”, “Madarın dastanı”, “Qarlı dağlar”, “Budağın xatirələri, “Qəhrəman”, “Sovqat”, “Gülşən”, “Çiçəkli”, “Ürək dostları”, “Zamanın ulduzları”, “Turaclıya gedən yol”, “Anaqız”, “Bir cüt ulduz”, “Samovar tüstülənir”, “Durna qatarı”, , “Zəngəzur qartalları”, “İşığa doğru” kitablarındakı hekayələr, povestlər və romanlar həyatın bir parçası olduğundan oxucunun qəlbinə yol tapır, onu real hadisələrin, olmuş əhvalatların axarına alıb aparır.
Gecədə çıxış edənlər Əli Vəliyevin II Dünya müharibəsində sovet ordusunun tərkibində Krım cəbhəsində yazıçı-jurnalist kimi çalışmasından, “Kommunist” qəzetində redaktor kimi fəaliyyətindən və ən əsası şəxsiyyət kimi ağır repressiya illərində ziyalılara qahmar çıxan, onları ölümün pəncəsindən xilas edən xidmətlərindən danışdılar.
Gecədə çıxış edənlər Əli Vəliyevin dünyasını vaxtsız dəyişmiş oğlu - ədəbi tənqiddə sərt və obyektiv yazı müəllifi kimi tanınmış Məsud Əlioğlundan da söz açdılar.
Yubiley gecəsində Əli Vəliyevin əsərlərindən parçalar səsləndirildi, tanınmış xanəndələrin ifasında maraqlı musiqi nömrələri təqdim olundu. Ədibin ailəsi adından nəticəsi Leyla Ağayeva çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi.
Təranə Vahid
Mədəniyyət.-
2011.- 28 dekabr.- S. 5.