Sevgi dünyası

 

   FidanXuraman Qasımovalar konsert proqramı ilə çıxış etdilər

  

   Başa çatmaqda olan ilin yaddaqalan musiqi tədbirlərindən biri dekabrın 23-də Azərbaycan Dövlət Filarmoniyasında gerçəkləşdi. Həmin gün Azərbaycanın görkəmli opera müğənniləri FidanXuraman Qasımova bacıları «Sevgi dünyası» adlı möhtəşəm konsert proqramı ilə bu ilin mədəni həyatına yeni bir rəng qatdılar. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən konsert FidanXuraman Qasımovaların səhnə fəaliyyətinin 30 illik yubileyinə həsr olunmuşdu.

   Tədbiri millət vəkili, AMEA-nın müxbir üzvü, professor Rafael Hüseynov açaraq sənət bayramına toplaşanları salamladı: “Bu bayramı isə sizə məşhur sənətçilərimiz FidanXuraman Qasımova bacıları yaşadacaq». O, görkəmli müğənnilərlə ilk tanışlığının tarixçəsindən də söz açdı: «Mən hər iki sənətçini 70-ci illərdən tanıyıram və onların sənətə necə böyük zəhmət sərf etmələrinin şahidi olmuşam. Həyatda yüksəkliyə qalxmaq liftdəki kimi bir düyməni basmaqla başa gəlmir. Bunun üçün zəhmət çəkmək lazımdır. FidanXuraman Qasımovalar 70-ci illərdən başlayaraq ən məşhur festivallarda, müsabiqələrdə iştirak edib, böyük uğurlar qazanıblar. Bu günonlar Azərbaycanı dünyanın müxtəlif ölkələrində uğurla təmsil edirlər. Bu sənətçilər ölkəmizin fəxridirlər».

   Konsertdə FidanXuraman Qasımova bacılarını Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət etdi. Orkestrə Xalq artisti Rauf Abdullayev rəhbərlik edirdi. Konsertdə ifaları ilə bütün dünyaya səs salan sənətkarlar Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini ifa etdilər. Eyni zamanda tələbələri Nəzrin Zərbəliyeva və Aytac Şıxəlizadənin, Günay Mirbabayevanın da ifaları səsləndi. Konsert proqramının sonunda Fərid Axund-Qasımovun “Sevgi dünyası” əsəri bütün iştirakçılar tərəfindən ifa olundu. Maraqlı konsert proqrammı alqışlarla qarşılandı.

   Tədbirdə hökumət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri də iştirak edirdilər.

  

 

   Mehparə

 

  Mədəniyyət.- 2011.- 28 dekabr.- S. 5.