“Vətənin
İlhamı. Ömürdən reportaj”
Ölkə başçısının həyat və
fəaliyyətinə həsr olunmuş kitab təqdim olundu
Dekabrın 24-də Milli İncəsənət Muzeyində
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
50 illik yubileyinə həsr edilmiş “Vətənin İlhamı.
Ömürdən reportaj” kitabının təqdimat mərasimi
keçirildi.
Tanınmış şair və
publisist, Əməkdar mədəniyyət işçisi, Mədəniyyət
və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili
və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənlinin
müəllifi olduğu kitab “Çağdaş” nəşriyyatında
yüksək poliqrafik tərtibatda çap olunub. Layihənin rəhbəri
və “Ön söz”ün müəllifi mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevdir.
Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən mədəniyyət və
turizm siyasətinin əsas yekunlarının əks olunduğu
kitabda ölkə başçısının 50 illik
ömür səhifələri də gözəl publisistik
üslubda, səmimiyyətlə qələmə
alınıb. Nəşrdə 2003-2011-ci illərdə həyata
keçirilən mədəniyyət və turizm siyasətinin
əsas istiqamətləri və əldə olunmuş nəticələrdən
söz açılır. 7 fəsildən ibarət kitabda yer
alan materiallar ölkə başçısının həyat
və fəaliyyətinin bir çox yaddaqalan anlarını əks
etdirən maraqlı foto nümunələri ilə
müşayiət olunur.
Kitabın təqdimat mərasimində
çıxış edən mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev İlham Əliyevin böyük
idealların daşıyıcısı kimi gördüyü
irimiqyaslı işlərdən, xalqa, millətə olan
böyük sayğı və ehtiramından söz
açdı. İlham Əliyevin 2003-cü ildə prezident
seçilərkən dediyi «Mən hər bir vətəndaşın
prezidentiyəm» sözlərini xatırladan nazir dövlət
başçısının ötən 8 illik fəaliyyəti
dövründə bu ideyanı daim rəhbər tutduğunu
vurğuladı. Azərbaycanın bu illərdə nail
olduğu dinamik inkişafı, ölkəmizin beynəlxalq aləmdə
artan nüfuzunu Prezident İlham Əliyevin həyata
keçirdiyi uğurlu daxili və xarici siyasətin nəticəsi
kimi dəyərləndirdi. Qeyd olundu ki, ümummilli lider Heydər
Əliyevin müəyyənləşdirdiyi inkişaf modelini,
azərbaycançılıq ideyalarını davam etdirən
dövlət başçısının fəaliyyəti nəticəsində
respublikamız keyfiyyətcə yeni inkişaf mərhələsinə
qədəm qoyub: “50 yaş adi bir insan üçün də
müəyyən bir mərhələ, həyatda əldə
etdiyi nəticələri götür-qoy etmək, geriyə
baxıb müəyyən təhlillər aparmaq
dövrüdür. Biz cənab prezidentin 50 ildə keçdiyi
yola, taleyüklü məsələlərin həllində
göstərdiyi səylərə və əldə olunan
nailiyyətlərə baxaraq bir sözü əminliklə deyə
bilərik ki, o, xalqına sadiq, xalqına bağlı liderdir.
Bu, şəxsiyyətin öz sözünə sadiqliyinin, həm
də onun bütöv xarakterinin göstəricisi kimi də qəbul
oluna bilər.
Bu gün hər birimiz bu ölkənin
vətəndaşı olmaqdan qürur duyuruq. Təbii ki, bu
qürurun da əsasında ölkəmizin keçdiyi yol, o
cümlədən son 8 ildə əldə olunan nailiyyətlər
dayanır. Bu illərdə görülmüş,
görülən və görüləcək işlərin
uğurlu təməli bizə daha möhtəşəm sabahların
müjdəsini verir. Bütün bunlar ondan xəbər verir
ki, son dövrdə bizim xalqımız, dövlətimiz, cəmiyyətimiz
öz inkişafının yeni mərhələsinə qədəm
qoyaraq artıq dünyanın nüfuzlu ölkələri
sırasında qətiyyətlə öz adını
yazdırmışdır».
Nazir vurğuladı ki, təqdim
olunan kitab ölkə başçısının fəaliyyətinin,
gördüyü genişmiqyaslı işlərin sadəcə
qısa xülasəsini əks etdirir: «Biz dövlət
başçısının gördüyü işlərə
qısaca nəzər salmaqla onları yenidən insanların
diqqətinə çatdırmaq istədik. Və bu layihənin
yüksək səviyyədə gerçəkləşməsinə
nail olduq. Ona görə də bu nəfis tərtibatlı
kitabın ərsəyə gəlməsində əziyyəti
olan bütün insanlara, kitabın müəllifi, gözəl
şairimiz Vaqif Bəhmənli başda olmaqla hər kəsə
dərin təşəkkürümü bildirirəm.
Düşünürəm ki, cənab prezidentin həyat və
fəaliyyətinin ən müxtəlif məqamlarını
ustalıqla qələmə alındığı kitab hər
kəsin xoşuna gələcək. Böyük sevgi ilə qələmə
alınmış nəşr oxucuda ölkə rəhbəri,
onun şəxsiyyəti, xarakteri barədə müfəssəl
fikir formalaşdırmış olacaq. Biz kitabın təqdimatı
ilə yanaşı cənab prezidentin son illər
gördüyü işlərin müəyyən fraqmentlərini,
böyük işlərin fotoobyektivdə əks olunan bir
sıra məqamlarını toplayaraq fotosərgi də
hazırladıq. «Prezidentin həyatının 50 anı»
adı verdiyimiz bu sərgidə dövlət
başçısının gördüyü işlərin
müəyyən bir hissəsinin 50 anına, 50 foto nümunəsinə
nəzər salacaqsınız. Əslində o anlar
saysız-hesabsızdır və biz istəsək də, o
anları tam əhatə edə bilmərik».
Kitabda əsas diqqətin mədəniyyət
və turizm sahəsinə ayrıldığını
xatırladan nazir bir neçə fəslin məhz bu fəaliyyətə,
görülən işlərə həsr olunduğunu dedi:
«Ölkə rəhbərinin fəaliyyətində
böyük məna daşıyan söz mədəniyyətdir.
Bu mədəniyyətin formalaşması, xalqın mənəvi
zənginləşməsi, Azərbaycanın gerçəklikləri,
zəngin və qədim köklərə malik mədəni sərvətlərimizin
beynəlxalq miqyasda tanınması üçün
görülən işlər hər kəsin gözləri
önündədir. Cənab prezidentin, onun xanımı, Azərbaycan
mədəniyyətinin təəssübkeşi olan hörmətli
Mehriban xanım Əliyevanın Azərbaycanı beynəlxalq
səviyyədə təbliğatı, mədəniyyətimizin
ən yüksək tribunalardan təqdim olunması hər
birimizi sevindirir, qürurlandırır. Kitabda bu məqamlara
müəyyən prizmalardan baxılmaqla gələcəyə
ünvanlanmış işlərin vətənə, millətə
olan böyük sevgi və ehtiramdan qaynaqlandığı bir
daha öz əksini tapıb. Əminəm ki, illər keçəcək
və biz növbəti görüşləri, yubileyləri
qeyd edərək yenə də onun böyük işlərindən,
xalqı qarşısındakı xidmətlərindən
danışacağıq. Fürsətdən istifadə edərək
sizlərin də adından cənab prezidenti təbrik edir, ona
uzun ömür, cansağlığı, yeni uğurlar, daha
böyük zirvələri fəth etməsini arzulayıram».
Tədbirdə
çıxış edən Milli Məclisin Mədəniyyət
komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov,
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı
Fərhad Xəlilov, Xalq yazıçısı Çingiz
Abdullayev, Rusiyanın İTAR-TASS agentliyinin baş direktorunun
birinci müavini Mixail Qusman Azərbaycan prezidentinin fəaliyyətinin
bir sıra məqamlarından maraqla söz açdılar, nəfis
tərtibatla nəşr edilən kitabı yüksək qiymətləndirdilər.
Prezident İlham Əliyevin Azərbaycanın
inkişafındakı xidmətlərinin müstəsna
olduğunu vurğulayan natiqlər qeyd etdilər ki, bu
kitabı oxuyan hər kəs 50 yaşı tamam olan dövlət
başçısının olduqca maraqlı
avtobioqrafiyasının əlamətdar səhifələrini
çevirərək, uğurları təmin etmək elminin nədən
ibarət olduğunu duyacaq. Kitabın oxucuları öz vətənini
sevən bir insanın yorulmaz fəaliyyətinin, onun
inkişafı yolundakı səylərinin bir daha şahidi
olacaqlar.
Kitabın ön səhifələrində
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
İlham Əliyev haqqında dediyi dəyərli fikirlər yer
alıb. Nəşrdə həmçinin Azərbaycanın
birinci xanımı Mehriban Əliyevanın həyat yoluna və
onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun uğurlu
layihələrinə də ayrıca yer ayrılıb.
Nəşrin müəllifi Vaqif Bəhmənli
tədbir iştirakçılarına təşəkkürünü
bildirərək qeyd etdi ki, bu kitab bitməyəcək, hər
gün yenilənəcək, hər gün təzədən
yazılacaq. Bu kitabın əsl müəllifi Prezident
İlham Əliyevdir. Ona görə ki, Prezidentin səyi və
təşəbbüsü ilə ölkəmizin hər yerində
müxtəlif mədəniyyət obyektləri
açılır, yeni-yeni uğurlu layihələr
reallaşdırılır.
Çıxış edənlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi 50
illik yubileyi münasibətilə təbrik edərək, ona Vətənimizin
və xalqımızın xoşbəxt gələcəyi
naminə şərəfli fəaliyyətində uğurlar
arzuladılar.
Sonda tədbir
iştirakçıları “Prezidentin həyatının 50
anı” adlı sərgi ilə tanış oldular. Dövlət
başçısının iştirakçısı
olduğu müxtəlif mədəniyyət tədbirlərində
çəkilən və simvolik olaraq 50 rəqəmi ilə məhdudlaşan
fotosərgi maraqla qarşılandı.
Həmidə
Nizamiqızı
Mədəniyyət.-
2011.- 28 dekabr.- S. 4.