Bakı
Musiqi Akademiyasının 90 illiyi qeyd edildi
Dekabrın
26-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının 90 illik yubileyi münasibətilə təntənəli
tədbir keçirildi. Tədbirdə hökumət rəsmiləri,
millət vəkilləri, tanınmış musiqiçilər,
mədəniyyət və incəsənət xadimləri
iştirak edirdi.
Tədbirdə
çıxış edən təhsil naziri Misir Mərdanov
Bakı Musiqi Akademiyasının kollektivini yubiley münasibətilə
təbrik etdi. Musiqimizin inkişafında bu təhsil
ocağının mühüm rolunu vurğuladı. Qeyd ki, bu
yubiley respublikamızın musiqi, incəsənət xadimləri
üçün bir bayramdır.
Mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev yubiley tədbirində görkəmli
musiqiçiləri bir arada gördüyünə şad
olduğunu bildirdi: “Gördüyünüz işin bəhrəsi
odur ki, Azərbaycan musiqisinin, mədəniyyətinin səs-sorağı
bütün dünyadan gəlir. Qeyd edim ki, Bakı Musiqi
Akademiyası ilə Mədəniyyət və Turizm Nazirliyi
arasındakı geniş əlaqələr var. Layihələrdə
bərabər çalışmağımız onu sübuta
yetirir ki, bu təhsil ocağında hazırlanan kadrlar həqiqətən
böyük işlər görməyə qadirdirlər. Bu təhsil
ocağının yetirmələri Azərbaycan mədəniyyətinin
tarixini yazan insanlardır. Bu gün Azərbaycan mədəniyyəti
hüdudları aşaraq dünya mədəniyyətində
özünəməxsus yer tutur. Bu işlərin
görülməsində Heydər Əliyev Fondunun, ölkəmizin
birinci xanımı Mehriban xanım Əliyevanın müstəsna
rolunu qeyd etmək istərdim. Akademiyanın məzunları,
musiqiçilər bu layihələrdə mədəniyyətimizi
bacarıqla təmsil edirlər”.
Nazir Bakı Musiqi
Akademiyasının bu günlərdə ölkə
prezidentinin sərəncamları ilə təltif olunmuş əməkdaşlarını
təbrik etdi, əlamətdar yubiley münasibətilə
bütün kollektivə xoş arzularını
çatdırdı.
Üzeyir Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad
Bədəlbəyli yubiley tədbirinə gələnləri
“Üzeyir bəyin ocağına xoş gəlmisiniz!” sözləri
ilə salamladı. Prezident İlham Əliyevin sərəncamı
ilə BMA yubileyinin dövlət səviyyəsində qeyd
olunduğunu bildirən rektor bu sərəncamın
ümumilikdə musiqi mədəniyyətimizə yüksək
dövlət qayğısının nümunəsi olduğunu
vurğuladı. Vaxtilə bu təhsil ocağında
yetişmiş görkəmli musiqiçiləri xatırlayan
rektor Musiqi Akademiyasının fəaliyyətindən, Azərbaycanın
zəngin musiqi irsinin formalaşmasına verdiyi töhfələrdən
danışdı.
Daha sonra prezident İlham Əliyevin
sərəncamı ilə təltif olunan Bakı Musiqi
Akademiyasının əməkdaşlarına fəxri ad, orden
və medallar təqdim olundu.
Yubiley tədbiri Bakı Musiqi
Akademiyasının tələbə kamera orkestrinin ifası ilə
başa çatdı.
Reyhan
Mədəniyyət.- 2011.- 28
dekabr.- S. 3.