NizamiKino Mərkəzi fəaliyyətə başladı

 

   Dekabrın 27-də Bakıda “Nizami” Kino Mərkəzi qapılarını kinosevərlərin üzünə açdı. Bununla bağlı Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə paytaxt ictimaiyyətinin, tanınmış kino xadimlərinin iştirakı ilə təqdimat mərasimi keçirildi.

  

   Mərasimə gələnləri Kino Mərkəzinin girişində məşhur kino personajlarının geyimində sənətçilər qarşılayırdılar. Mərkəzin foyesində quraşdırılmış böyük ekranda milli kinomuzun qızıl fonduna daxil olan filmlərdən slaydlar nümayiş olunurdu.

   Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Nizami” Kino Mərkəzinin fəaliyyətə başlamasını Azərbaycan kino tarixi üçün əlamətdar hadisə kimi qiymətləndirdi: “Bu gün bu mədəniyyət müəssisəsi Kino Mərkəzi statusunda fəaliyyətə başlayır. Sabahdan Kino Mərkəzində filmlərin nümayişi başlanlacaq. Hələlik gün ərzində bir dəfə kino nümayiş etdiriləcək və bu sırada uşaq filmləri də olacaq. Mərkəzin çox uğurlu şəkildə fəaliyyət göstərəcəyinə inanıram. Ümidvaram ki, mərkəz öz fəaliyyəti ilə Azərbaycan kinosunun inkişafına, təbliğinə mühüm töhfə verəcək”.

   Nazir 2011-ci ildə kino sahəsində əldə olunan uğurlardan da ətraflı söz açdı. Qeyd olundu ki, bu il milli kinomuz üçün bir sıra mühüm hadisələrlə yadda qalıb. Bu il əldə olunan nəticələrə əsaslanaraq demək olar ki, Azərbaycan kinosu artıq dünyada tanınan məkanlara inamla qədəm qoyub, müxtəlif beynəlxalq müsabiqələrdə, festivallarda uğur qazanıb: “Bu il kino sahəsində əldə olunan iki mühüm hadisəni xüsusilə qeyd etmək istərdim. Bu il Azərbaycanın tarixində ilk dəfə olaraq Kann kinofestivalında Azərbaycan pavilyonu quruldu. Festivalda Azərbaycan kinosu haqqında dolğun və ətraflı məlumat verildi. Növbəti il biz orada daha geniş proqramla iştirak etməyi nəzərdə tuturuq. Digər mühüm hadisə isə toplaşdığımız Kino Mərkəzinin açılışıdır”.

   2012-ci ildə kino sahəsində bir sıra layihələr həyata keçiriləcəyini deyən nazir bu sırada İtaliya və Fransanın film festivallarının keçirilməsinin planlaşdırıldığını bildirdi. Kino sahəsində qarşılıqlı mübadilə aparılması da nəzərdə tutulub. Gələn il həmçinin İtaliya və Fransada Azərbaycan kino həftələrinin keçirilməsi planlaşdırılır. 2012-ci ildə “Azərbaycanfilm” kinostudiyasının əsaslı yenidən qurulması başlanacaq: “Biz artıq bu istiqamətdə müəyyən tədbirlər görmüşük”.

   Nazir kino işçilərinə yeni yaradıcılıq uğurları arzuladı, bu il filmləri müxtəlif beynəlxalq festivallarda qalib olmuş rejissorları təbrik etdi.

   Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin təbliği və qeydə alınması sektorunun böyük məsləhətçisi Almaz Sultanzadə 2011-ci ildə müxtəlif festivallarda qalib olmuş, diplom və mükafatlara layiq görülmüş filmlər barədə məlumat verdi. Qeyd olundu ki, bu il noyabrın 24-də Avstraliyanın Kvinslend şəhərində keçirilən V Asiya-Sakit Okean Kino Akademiyasının “Ən yaxşı uşaq filmi” nominasiyasında “Azərbaycanfilm” kinostudiyası və “Butafilm” Prodüser Mərkəzinin birgə istehsalı olan “Buta” filmi qalib olub. Filmin ssenari müəllifi və quruluşçu rejissoru İlqar Nəcəfdir.

   “Nərimanfilm” Prodüser Mərkəzinin istehsalı olan “Sahə” filmi (ssenari müəllifi və quruluşçu rejissoru İlqar Safat) müxtəlif nominasiyalar üzrə mükafatlar alıb, “Nadejda” Beynəlxalq kinofestivalında (Sankt-Peterburq) baş mükafata layiq görülüb.

   “Bu meydan, bu ekran” müsabiqəsinin qalibi olmuş “Bir addım” filmi (rejissor Fariz Əhmədov) VIII İrpen Beynəlxalq kinofestivalında “Ən yaxşı qısametrajlı film” nominasiyasında qalib olub. “Salnamə“ studiyasının istehsalı olan “Top həm düşər, həm qalxar” və “Çövkən” filmləri də müxtəlif festivallarda mükafat alıb. “Qafqaz qartalının uçuşu” filmi isə “Zolotoy vityaz” XX Beynəlxaq kinofestivalının “Böyük Vətən müharibəsinin qəhrəmanlıq səhifələrini əks etdirdiyinə görə” xüsusi diplomuna layiq görülüb.

  

   * * *

 

   Sonra tədbir iştirakçıları Kino Mərkəzi ilə tanış oldular. Daha sonra mərasim Kino Mərəzinin akt zalında davam etdi. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Nizami” Kino Mərkəzinin fəaliyyətə başlaması münasibətilə tədbir iştirakçılarını, kino ictimaiyyətini və bütün kinosevərləri bir daha təbrik etdi, mədəniyyət müəssisəsinin tarixindən danışdı. Qeyd olundu ki, son illər kinoteatrın fəaliyyəti ürəkaçan olmadığından burada əsaslı yenidənqurma işləri həyata keçirilərək müvafiq şərait yaradılıb. Artıq mərkəz müəyyənləşmiş fəaliyyət üzrə işini davam etdirəcək. Kino Mərkəzində Azərbaycanda son illərdə istehsal olunmuş filmlər də nümayiş olunacaq.

  

   * * *

 

   Daha sonra “Salam Nizamiadlı informativ videoçarx nümayiş olundu. Azərbaycan kinosunun unudulmaz ekran əsərlərindən fraqmentlər göstərildi. Tədbirdə maraqlı musiqili proqram da təqdim olundu. Tanınmış musiqiçilər Azər Zeynalovun, Sərxan Sərxanın, Ənvər Sadıqovun, Qara Qarayev adına Kamera Orkestrinin ifasında milli kinofilmlərdən musiqi parçaları səsləndirildi. Sonda Kino Mərkəzinin zalında 3D formatında “Konan barbarfilmi nümayiş etdirildi.

  

 

   Ceyhun Zərbəliyev

 

   Mədəniyyət.- 2011.- 28 dekabr.- S. 3.