Stend Atıcılığı Kompleksində gələcəyin olimpiyaçıları yetişir

 

Atıcılıq qədim idman növlərindən hesab olunur. Azərbaycanda bu növün böyük ənənələri vardır. Təsadüfi deyil ki, atıcılıq üzrə idmançılarımız müxtəlif dövrlərdə bir çox uğurlara sahib olublar. Bu sahədə ən böyük nailiyyətlər isə Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra qazanılıb. Stend atıcılığı üzrə Zemfira Meftəhətdinova Sidney Yay Olimpiya Oyunlarında qızıl, Afina Olimpiadasında bürünc, güllə atıcılığı üzrə isə İradə Aşumova Afina Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. Sidney Olimpiadasından sonra ümummilli lider Heydər Əliyevin göstərişinə əsasən, Stend Atıcılığı Kompleksinin tikintisinə başlanılıb. Müasir avadanlıqla təchiz edilmiş və gözəl arxitekturaya malik kompleksin açılışı 2003-cü ilin oktyabr ayında olub. Hazırda atıcılıq kompleksində stend atıcılığı ilə yanaşı, atıcılığın digər növlərinin inkişafı üçün də lazımi şərait yaradılıb və bu iş davam etməkdədir. Kompleksin fəaliyyəti barədə geniş məlumat əldə etmək üçün Stend Atıcılığı Kompleksinin direktoru Rasim Rzayevlə görüşdük. Rasim müəllim burada son illər görülən quruculuq işləri barədə bizə məlumat verdi, qarşıdakı planlardan danışdı.

 

- Rasim müəllim, atıcılıq kompleksinin fəaliyyəti barədə bir qədər məlumat verərdiniz.

- Dövlətin diqqət və qayğısı sayəsində idman qurğularımızın sayı günü-gündən artır. Hətta dünyanın ən inkişaf etmiş ölkələrinin bəziləri müasir standartlara cavab verən belə bir Stend Atıcılığı Kompleksinə görə bizə qibtə edə bilərlər. Biz də buna cavab olaraq, çalışırıq ki, bu gözəl idman qurğusundan səmərəli istifadə edək, idmanımızın daha da sürətlə inkişaf etməsinə nail olaq. Bildiyiniz kimi, kompleks təhvil verilərkən, burada yalnız stend atıcılığı üçün meydançalar var idi. Hazırda kompleksdə stend atıcılığı ilə yanışı, olimpiya idman növü olan güllə atıcılığı və sportinqin inkişafı üçün də şərait yaradılıb və bu iş davam edir. Kompleks öz fəaliyyətini getdikcə genişləndirir. Yığma komandalarımız burada təlim məşqlər keçirlər. Gənclər və İdman Nazirliyi, Atıcılıq Federasiyası idmançıların məşq keçmələri, onların məşq zamanı hər bir şəraitlə təmin olunmaları üçün lazımi kömək göstərir.

- Atıcılığın kütləviləşməsi və geniş yayılması üçün kompleksdə hansı işlər görülür?

- Qədim vaxtlardan Azərbaycanda atıcılığa böyük maraq olubşifahi xalq ədəbiyyatı nümunələrində də bu barədə çoxlu məlumatlar var. Ölkəmizdə hazırda bu idman növü populyardır və atıcılığa böyük maraq var. Kompleksdə bu növün kütləviləşməsi istiqamətində də çoxlu işlər görülür. İdmançılarla yanaşı, həvəskar atıcılar da bizə tez-tez müraciət edirlər. Atıcılığa maraq göstərənlər arasında gənclər daha çoxdur. Onlar boş vaxtlarında, xüsusən şənbə, bazar günlərində kompleksə gələrək, həm atıcılığın sirlərinə yiyələnir, həm də vaxtlarını mənalı keçirirlər. Gənclərlə yanaşı, orta və yaşlı nəslin nümayəndələri də kompleksin xidmətindən mütəmadi yararlanırlar. Biz əhalinin daha çox buraya gəlməsi və atıcılıqla məşğul olması üçün şərait yaradır, lazım gələrsə, müəyyən endirimlər edirik. Onu da qeyd edim ki, kompleksdə kütləvi şəkildə daha çox sportinqlə (idman ovçuluğu) məşğul olmaq üçün bizə müraciət edirlər. Stend və güllə atıcılığından fərqli olaraq sportinqdə daha çox sərbəstlik var. Sportinqdə hədəflər müəyyən qaydalar əsasında yox, ov quşlarının, dovşanın və yaxud digər heyvanların hərəkətlərini təkrar edir, bu həm idman, həm də ovçuluq vərdişlərinin öyrənilməsinə kömək edir. Bu idman növü ölkəmiz üçün yeni olsa da, onu artıq kifayət qədər inkişaf etdirə bilmişik.

- Sportinq üzrə yığmanın baş məşqçisi kimi komandamızın hazırlıq səviyyəsini necə qiymətləndirirsiniz? Bu növ üzrə mütəxəssislər hazırlanırmı?

- 2000-ci ildən başlayaraq sportinqi inkişaf etdirməyə başlamışıq. Sevindirici haldır ki, sportinqlə məşğul olmaq üçün təkcə paytaxtdan yox, regionlardan da yeniyetmələr buraya gəlirlər. Onların bu növün sirlərinə yiyələnməsi üçün hər bir şərait yaradılır. Ötən müddət ərzində bu növ üzrə 6 nəfər idman ustalığına namizəd yetişdirilib. Sportinq üzrə hakimlərin hazırlanması istiqamətində də gedir. Bu günlərdə FİTASC-ın qərarı ilə mənə beynəlxalq dərəcəli hakim adı verilib. Qeyd edim ki, bu idman növü üzrə beynəlxalq dərəcəli hakim dərəcəsini alan ilk hakiməm. Sportinqçilərimiz artıq bir sıra beynəlxalq turnirlərdə müəyyən nailiyyətlər əldə ediblər. Atıcılıq tariximizdə ilk dəfə irimiqyaslı beynəlxalq turnir ölkəmizdə, məhz sportinq üzrə keçirildi.

- Bəlkə bu barədə bir qədər geniş məlumat verəsiniz.

- 2010-cu ilin oktyabr ayında Azərbaycanda ilk dəfə kompleksimizdə sportinq üzrə Qran-pri yarışları keçirildi. Qran-prini izləmək üçün gəlmiş rəsmi qonaqlar arasında Avropa Atıcılıq Konfederasiyasının prezidenti, Rusiya Atıcılıq İttifaqının rəhbəri Vladimir Lisin, Beynəlxalq Sportinq Federasiyasının (FİTASC) prezidenti Jan-Fransua Palinkas, Rusiya Milli Olimpiya Komitəsinin fəxri prezidenti Vitali Smirnov, Mixail Qusman da var idi. Yarışlarda Azərbaycanla yanaşı, Rusiya, Fransa, İngiltərə, Estoniya, Belarusiya, Ukrayna və digər ölkələrin atıcıları iştirak edirdilər. Beynəlxalq Sportinq Federasiyasının prezidenti Jan-Fransua Palinkas da turnirdə qüvvəsini sınadı. Yarış iştirakçıları qonaqlar yarışların səviyyəsini yüksək qiymətləndirdilər. Turnirdə komandamızın üzvləri öz qüvvələrindən maksimum istifadə etdilər. Yeniyetmələrimiz yarışlarda xüsusilə fərqləndilər. Sportinq üzrə Qran-prinin hər il Stend Atıcılığı Kompleksində təşkil edilməsi qərara alınıb. Bu il ikinci dəfə bu yarış kompleksimizdə keçirildi, Azərbaycan atıcılarından İbrahim Həsənov birinci, İlham Mahmudov ikinci yeri tutdular. Həmin gün axşam kompleksdə ilk dəfə olaraq "Gecə atəşləri" yarışı təşkil etdik. Yarış böyük marağa səbəb oldu. Bundan başqa, sportinq üzrə bir sıra yarışların keçirilməsi artıq ənənə halını alıb. Hər il Novruz bayramı ərəfəsində keçirilən "Novruz atəşləri" belə turnirlərdəndir. Sportin üzrə "Qızıl patron" yarışı hər il payızda təşkil edilir turnirin iştirakçılarının sayı ildən-ilə artır. Bu yarışın gələn ildən beynəlxalq miqyasda keçirilməsi nəzərdə tutulur.

- Siz həm Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidentisiniz. Atıcılıq növünün inkişafı istiqamətində görülən işlər barədə deyə bilərsiniz?

- Stend atıcılığı güllə atıcılığı olimpiya növləridir bunların inkişafına xüsusi diqqət yetirilir. Gənclər İdman Nazirliyinin, Atıcılıq Federasiyasının diqqət qayğısı sayəsində bu növlər üzrə çoxlu potensiallı idmançılar yetişiblər. Kompleksimizdə güllə atıcılığı üçün əvvəllər meydança olmayıb. Bir neçə il bundan əvvəl, burada 10 metrlik tir inşa edilib. Tirdə yığma komanda hazırlıq keçir. 10 metrlik məsafə üzrə gənclər arasında Avropa çempionatının mükafatçısı Nigar Bağırovanın London Olimpiadasına lisenziya əldə etmək şansı var onun bu tirdə hazırlığı üçün lazımi şərait yaradılır. Burada ölkədaxili yarışlarla yanaşı, beynəlxalq turnirlər təşkil etmək olar. 50 metrlik atıcılıq tirinin inşası davam edir . Burada, eyni zamanda, 20 nəfər məşq edə bilər. 15 nəfərin eyni zamanda məşq edə biləcəyi 25 metrlik tir demək olar ki, hazırdır. Bundan sonra yığma komandamız, eləcə , xarici ölkələrin yığma komandaları bu növ üzrə , burada təlim məşqlər keçə bilərlər. Bildiyiniz kimi, İradə Aşumova Belqrada keçirilmiş Avropa çempionatında kiçik çaplı tapançadan məhz bu məsafə üzrə - 25 metr məsafəyə atəşaçma yarışlarında London Olimpiadasına lisenziya qazanıb. İradə xanım da London Olimpiadasına hazırlığını xarici ölkələrin təmsilçiləri ilə yanaşı, burada təlim məşqlərdə davam etdirə biləcək. Stend atıcılığının daha da inkişafı üçün burada kompleks tədbirlər həyata keçirilir. 2008-ci ilin aprel ayından kompleksdə Stend Atıcılığı Məktəbi fəaliyyət göstərir. Məktəbin şagirdləri bu idman növünün sirlərinə atıcılıq kompleksində yiyələnirlər. Atıcılıq məktəbində potensialı olan idmançılar çoxdur. Onların yüksək səviyyədə məşq etmələri üçün lazımi şərait yaradılıb. Yeniyetmə atıcılarımızın sorağı artıq beynəlxalq arenalarda keçirilən yarışlardan gəlir. Əminəm ki, onlar gələcəkdə Olimpiya, dünya Avropa çempionatında böyük qələbələr əldə edəcəklər. Sportinqi regionlarda inkişaf etdirməyi planlaşdırırıq. Qubada səyyar sportinq meydançalarını quraşdırmaq müəyyən müddət ərzində həmin rayonda məşqlər həvəskar atıcılar arasında yarışlar keçirmək olar. Bu kimi tədbirləri Azərbaycanın digər rayonlarında da keçirmək olar.

- Dünyanın digər kompleksləri ilə əməkdaşlıq sahəsində hansı işlər görülür?

- Bu sahədə işlər görülür bunların miqyası getdikcə genişləndirilir. 2011-ci ildə Beynəlxalq Atıcılıq Federasiyasının vitse-prezidenti, Asiya Ölkələri Atıcılıq Konfederasiyasının prezidenti, Küveyt Atıcılıq Federasiyasının prezidenti Şeyx Salman al Sabahın dəvəti ilə Küveytə getmişdim səfər çərçivəsində Küveyt Atıcılıq Mərkəzi ilə tanış oldum. Küveyt Atıcılıq Mərkəzi, həm Asiya ölkələrinin atıcılıq mərkəzi hesab olunur. Tədbirdə bir sıra ölkələrin milli olimpiya komitələrinin atıcılıq federasiyalarının rəsmiləri iştirak edirdilər. Şübhəsiz, mən tədbir iştirakçılarına kompleksimiz, onun imkanları barədə ətraflı məlumat verdim. Bu ölkəyə səfər etməkdə məqsəd həm , ölkələrimiz arasında atıcılığı inkişaf etdirmək istiqamətində işlər görmək, bu sahədə əməkdaşlığı daha da genişləndirmək idi. Beynəlxalq Atıcılıq Federasiyasının vitse-prezidenti, Asiya Ölkələri Atıcılıq Konfederasiyasının prezidenti olan Şeyx Salman al Sabah ilə görüş zamanı gələcəkdə həm stend, həm güllə atıcılığı üzrə birgə yarışların təşkili barədə söhbət etdik, yeni böyük bir layihə barəsində danışıqlar apardıq. Nəticədə, "İpək yolu" adlandırılacaq Asiya-Avropa miqyaslı beynəlxalq yarışın təşkili barədə ilkin danışıqlar baş tutdu. Onu Azərbaycan Atıcılıq Federasiyası adından Bakıya dəvət etdik. Ümumiyyətlə, Avropanın və dünyanın bir sıra atıcılıq mərkəzləri ilə sıx əlaqə yaratmışıq. Təsadüfi deyil ki, artıq kompleksimizdə bir sıra ölkələrin yığma komandaları təlim məşqlər keçirlər. Gürcüstanda atıcılıq üzrə baza olmadığından, bu ölkənin yığma komandası mütəmadi olaraq, kompleksimizdə təlim məşqlər keçir. Rusiyanın atıcılıq bazası var, lakin bu ölkənin yığma komandası da kompleksimizə üstünlük verirlər. Ölkəmizin iqlim şəraiti də məşqlərin keçirilməsi üçün çox yararlıdır. Demək olar ki, bütün fəsillərdə burada məşqlər keçmək olar. Hazırda Nigeriya yığması kompleksdə təlim məşq keçməyə hazırlaşır. Bir neçə gündən sonra onlar burada olacaqlar.

- Qarşıdakı planlar barədə nə deyə bilərsiniz?

- Planlarımız çoxdur. Paytaxtla yanaşı, regionlarımızda da atıcılığı inkişaf etdirmək üçün bir sıra tədbirlər həyata keçirməyi planlaşdırırıq. İstedadlı yeniyetmələrimiz var və onları üzə çıxarmaq lazımdır. Bu istiqamətdə işlər davam etdirilir. 2012-ci il olimpiya oyunları ilidir. Atıcılıq üzrə artıq 1 lisenziyamız var. Snayperlərimizin kompleksdə daha yaxşı şəraitdə məşq etmələri üçün lazımi tədbirlər görüləcək. Düşünürəm ki, növbəti ildə lisenziyalarımızın sayı artacaq və idmançılarımız Londondan yüksək nəticələrlə qayıdacaqlar. Bu bizim ən böyük arzumuzdur. Fürsətdən istifadə edib xalqımızı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edirəm.

 

 

Leyla QURBANOVA

 

Mədəniyyət.- 2011.- 30 dekabr.- S. 10.