Müstəqillik
illərində kənd təsərrüfatı sahəsində
böyük uğurlar əldə olunmuşdur
Müstəqil
dövlət ideyası respublikamızın ən yeni tarixində
məhz dahi rəhbər Heydər Əliyevin adı və
şəxsiyyəti ilə bağlıdır. Ümummilli
liderimizin rəhbərliyinin 13 ili ərzində Azərbaycan
ittifaq tərkibində müasir iqtisadi potensiala malik respublikaya
çevrildi. Beləliklə,
həmin dövrdə elə bir tarixi bünövrə
yaradıldı ki, onun möhkəm dayaqları üzərində
indiki müstəqil Azərbaycanın qurulması
mümkün oldu.
XX əsrin
70-80-ci illərində ulu öndərimizin qətiyyəti sayəsində
keçmiş ittifaq rəhbərliyi respublikamızda iri
müasir maşınqayırma, kimya, neft kimyası, elektron sənayesi,
əlvan və qara metallurgiya, toxuculuq, yeyinti, emal müəssisələrinin
tikintisinə razılıq vermiş, energetika və nəqliyyat
kompleksi inkişaf etdirilmişdir. O dövrdə respublikada 125
sənaye müəssisəsi işə
salınmışdır.
Milli
iqtisadiyyatda neft sənayesinin prioritet rolunu müdrikliklə
müəyyənləşdirən ümummilli liderimiz bu sahənin
dinamik inkişafına xüsusi diqqət yetirmiş, neft-kimya
sənayesinin tamamilə modernləşdirilməsinə nail
olmuşdur. Ötən əsrin 70-ci illərinin əvvəllərindən
etibarən neft sənayesinin inkişafında yeni mərhələ
başlanmış, bu zəngin milli sərvətin Azərbaycanın
rifahına xidmət etməsi prosesinin əsası qoyulmuşdur.
Respublikanın neft maşınqayırma sənaye müəssisələri
keçmiş ittifaqın neft-mədən
avadanlığının üçdə birindən
çoxunu, neftçıxarma texnikasının isə 70
faizini istehsal edirdi.Həmin illərdə ittifaq miqyasında
yeni neft yataqlarının kəşfi, işlənməsi,
mütərəqqi texnologiyalar və üsullarla neft və qaz
quyularının qazılması və istismarı sahələrindəki
əsas yeniliklər də Azərbaycanın payına
düşürdü. Respublika rəhbərliyinin təşəbbüsü
və əzmkarlığı sayəsində ölkədə
neft sənayesinin inkişaf konsepsiyasının nəzəri əsaslarını
təmin edən elmi-tədqiqat institutları, istehsalat birlikləri
və digər müəssisələr
yaradılmışdır.
Həmin
dövrdə ittifaqdaxili ixtisaslaşma səbəbindən
müttəfiq respublikaların ərzaq müstəqilliyi təmin
olunmurdu. Həmin ziddiyyəti aradan qaldırmaq və
keçmiş ittifaqda əmək bölgüsünü dəyişdirmək
barədə təkliflər vermək respublika rəhbərliyindən
böyük siyasi qətiyyət tələb edirdi. Heydər Əliyev
Azərbaycanın kənd təsərrüfatında
ixtisaslaşmanın ərzaq təhlükəsizliyi
meyarına uyğun yenidən qurulmasına istiqamətlənmiş
tədbirlər həyata keçirdi. Bu isə kənd təsərrüfatının
prioritet sahələri kimi müəyyənləşdirilən
pambıqçılıq və üzümçülükdə
mühüm uğurlar qazanılmasına (1,015 min ton
pambıq, 2,100 min ton üzüm istehsalı), kəndlərdə
sosial və istehsal infrastrukturunun gücləndirilməsinə
və nəhayət, əhali gəlirlərinin
artırılmasında misli görünməmiş nəticələrə
səbəb oldu.
Dahi
şəxsiyyətin respublikaya rəhbərliyinin həmin
dövründə Azərbaycanda ümumi istehsalın həcmi
2,7 dəfə artmış, respublikamız milli gəlirin səviyyəsinə
görə ittifaq miqyasında ön mövqelərə
çıxmış, əmək məhsuldarlığı
1,8 dəfə yüksəlmişdir.Bu, o dövr idi ki,
"yenidənqurma" pərdəsi altında həyata
keçirilən siyasət əslində sosializmin iqtisadi
dayaqlarının sarsıdılmasına yönəldilmişdi.
Bu gizli məqsədə nail olunması üçün
SSRİ-nin tərkibindəki respublikalar və millətlər
arasında ayrı-seçkilik yaratmaqla ölkədə
özünüdağıtma mexanizmi işə
salınmışdı. Məhz bu "münbit" şəraitdə
erməni separatçıları, XX əsrin əvvəllərində
olduğu kimi, yenidən dənizdən-dənizə
"Böyük Ermənistan" dövləti qurmaq niyyətlərini
reallaşdırmağa başlamışdılar.
O
zaman genetik yaddaşında milli dövlətçilik ənənələrinin
qoruyub saxlayan Azərbaycan xalqı ayağa qalxdı və
bütün çətinliklərə sinə gələrək
öz müstəqilliyini bərpa etdi. Müstəqilliyimizin
ilk illərində respublikamızda cərəyan edən xaotik
proseslər təsdiq edirdi ki, yalnız möhkəm siyasi iradəsi
olan bir rəhbər ölkənin başının
üstünü almış bütün təhlükələrdən
qurtarmaq, dövlət müstəqilliyini möhkəmləndirmək
kimi ağır bir missiyanın öhdəsindən gələ
bilər. Bu lider isə xalqın məhəbbətini
qazanmış Heydər Əliyev idi. Bu baxımdan 1993-cü
ildə Azərbaycanın bir dövlət kimi parçalanmaq təhlükəsi
ilə üzləşdiyi vaxtda xalqımızın
böyük oğlu Heydər Əliyevə üz tutması təsadüfi
deyildi. O zaman Heydər Əliyevə ünvanlanan müraciətlər
maddi-mənəvi iztirablara məruz qalan bir xalqın sadəcə
vəziyyətdən çıxış axtarması deyil, həm
də Azərbaycan dövlətçiliyinin yaşaması, hələ
kövrək olan müstəqilliyimizin qorunması
üçün tarixi ümumxalq
çağırışı idi.
Ümummilli
liderimiz dəyişən dünyada əvvəlki iqtisadi siyasətin
aparılmasının perspektivsiz olduğunu qəti surətdə
ortaya qoydu, xalqı inandıra bildi və beləliklə,
1991-ci ildə Naxçıvan MR-da başlanan özəlləşdirmə
təcrübəsi əsasında 1995-ci ildən etibarən
respublikanın aqrar sahəsini bütövlükdə əhatə
edən aqrar islahat kursuna start verildi.
İslahatların
ilkin olaraq aqrar sahədən başlanması heç də təsadüfi
deyildi. Çünki beynəlxalq təcrübəyə əsasən
aqrar sahənin və onun tərkib hissəsi olan kənd təsərrüfatının
inkişaf səviyyəsi ölkənin ümummilli iqtisadi
inkişafını xarakterizə edən əsas amil
sayılır. Əkinçilik mədəniyyəti isə
ölkə mədəniyyətinin təyinedici bir amili kimi
çıxış edir.
Ulu
öndər həmin illərdə çoxsaylı
çıxışlarında dəfələrlə
vurğulayırdı ki, aqrar islahatların həyata
keçirilməsi qısamüddətli tədbir deyil, tarixi
bir prosesdir. Bu prosesdə keçmiş təsərrüfatçılıq
sistemi yeni istehsal münasibətlərilə əvəz
olunmalı, kənd təsərrüfatının idarə
edilməsi bazar münasibətlərinə keçid prinsiplərinin
tələblərinə
uyğunlaşdırılmalıdır. Köklü struktur dəyişiklikləri
aparılmalı, dövlət mülkiyyəti özəlləşdirilməli,
yeni mülkiyyət münasibətləri inkişaf etdirilməli,
sahibkarlığın inkişafı üçün
hüquqi, iqtisadi, təşkilati və texniki şərait
yaradılmalı, müəssisələrarası, sahələrarası
və dövlətlərarası yeni istehsal-iqtisadi əlaqələr
qurulmaqla kənd təsərrüfatı məhsulları
istehsalçıları üçün əsil rəqabət
mühiti formalaşdırılmalıdır. Məhz bu məqsədlə
ulu öndərin təşəbbüskarlığı və
təşkilatçılığı ilə 1995-ci ildə
"Aqrar islahatların əsasları", "Sovxoz və
kolxozların islahatı haqqında", 1996-cı ildə isə
"Torpaq islahatı haqqında" qanunlar qəbul edilmiş
və aqrar sahədə bazar münasibətlərinə
keçidi reallaşdırmaq məqsədilə
çoxsaylı hüquqi-normativ aktlar qəbul edilmişdir.
Beynəlxalq ekspertlərin qiymətləndirmələrinə
və yekdil rəyinə görə o illərdə Azərbaycanda
MDB respublikalarında analoqu olmayan radikal aqrar islahatlar kursu
seçilmiş və cəsarətlə
reallaşdırılmışdır.
Aqrar
sahədə dayanıqlı inkişafın ən
mühüm parametrlərindən biri isə kəndin sosial səviyyəsinin
yüksəldilməsilə bağlı zəruri tədbirlərin
həyata keçirilməsidir. Buna da ilk növbədə kənd
təsərrüfatı istehsalının qurulması, kənd
əhalisinin gəlirlərinin artırılması,
yaşayış səviyyəsinin
yaxşılaşdırılması, sosial infrastrukturun
yaxşılaşdırılması yolu ilə nail
olunmalıdır. Dayanıqlı inkişaf elmi-texniki tərəqqinin
son nailiyyətlərinin tətbiqinin maliyyələşdirilməsindən
və mütərəqqi texnologiyaların tətbiqi vasitəsilə
məhsul istehsalının həcminin artırılmasından
bilavasitə asılıdır. Bunu nəzərə alan
ölkə başcısı aqrar siyasətin
formalaşdırılmasını və inkişaf
strategiyasının müəyyənləşdirilib həyata
keçirilməsini bir məqsəd kimi qarşıya qoydu. Bu
siyasətin əsas meyarları iqtisadi tənəzzülün
qarşısının alınması, əhalinin kənd təsərrüfatı
məhsullarına tələbatının yerli istehsal
hesabına ödənilməsi, ümumi və əmtəəlik
məhsul istehsalı tempinin artımı, kənd təsərrüfatı
maşınqayırma sənayesinin və emal sənayesinin
yaradılması, müxtəlif mülkiyyət
formalarının inkişafı, ayrı-ayrı məhsul
növlərinin istehsalı və satışının
inhisarlaşma dərəcəsinin tənzimlənməsi və
s. məsələləri özündə ehtiva edir.
Müstəqilliyin
ilk illərində respublikanın məhdud maliyyə
imkanları və zəif büdcəsi ilə qarşıya
qoyulmuş strateji məqsədlərin yaxın gələcəkdə
reallaşdırılmasının
qeyri-mümkünlüyünü nəzərə alan,
sosial-iqtisadi inkişaf prosesində xarici kapital və sərmayə
amilinin təkanverici rolunu düzgün olaraq önə çəkən
Heydər Əliyev transmilli korporasiyalarla Xəzərin Azərbaycan
sektorundakı zəngin neft ehtiyatlarının mənimsənilməsi
məqsədilə müştərək müqavilələrin
imzalanmasına ən ümdə məqsəd kimi
yanaşırdı. İqtisadi inkişafın, səmərəli
sosial-iqtisadi islahatlar aparılmasının, investisiya layihələrinin
həyata keçirilməsinin əsas şərti kimi müstəqil
Azərbaycanın yeni neft strategiyası işlənib
hazırlanmış və mərhələlərlə həyata
keçirilmişdir.
Bunun
ən bariz nümunəsi ümummilli liderimiz Heydər Əliyevin
bilavasitə rəhbərliyi altında bağlanan "Əsrin
müqaviləsi" qədim neft diyarı kimi Azərbaycanın
keçmiş şöhrətini özünə qaytardı,
neft-qaz sənayesinin dinamik inkişafının təməlini
qoydu, respublikada karbohidrogen hasilatının səviyyəsini
yüksəltməyə imkan yaratdı. Ölkəyə
böyük həcmdə investisiyalar, ən yeni texnika və
texnologiyalar, əməyin təşkilinin mütərəqqi
üsulları gətirildi.
Ümummilli
lider respublika iqtisadiyyatının keyfiyyətcə yeni mərhələsində
məhz özəl sektoru sosial-iqtisadi inkişafın
başlıca təminatçısı kimi dəyərləndirmiş,
güclü sahibkarlar təbəqəsinin
formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin
güclənməsinə çalışmışdır.
1997-2003-cü illərdə respublikada sahibkarlığın
inkişafı üçün zəruri maliyyə təminatı
yaradılmış, süni maneələrin aradan
qaldırılması üçün mükəmməl
qanunvericilik bazası formalaşdırılmışdır. Nəticədə
bazar iqtisadiyyatının tələblərinə uyğun
liberal iqtisadi münasibətlərin inkişaf etdirilməsi və
dövlət strukturlarının iqtisadi fəaliyyət sahələrinə
nəzarəti mexanizminin təkmilləşdirilməsi nəticəsində
azad bazar prinsiplərinin daha geniş vüsət alması
özəl sektorun inkişafına təkan vermişdir. Bu tədbirlərin
mahiyyəti və konseptual məzmunu iqtisadiyyatın sərbəst
bazar prinsiplərinin dərinləşdirilməsindən ibarət
olmuşdur.
Beləliklə,
Azərbaycan öz dövlət müstəqilliyini iqtisadi cəhətdən
möhkəmləndirməklə dünya birliyinə müvəffəqiyyətlə
inteqrasiya olunurdu. Ulu öndərin tövsiyəsi ilə cənab
İlham Əliyevin 2003-cü ildə Azərbaycan xalqı tərəfindən
ölkə Prezidenti seçilməsi müstəqilliyin qorunub
saxlanılması baxımından yeganə və çox
uğurlu bir addım oldu.
Cənab
İlham Əliyevin 8 illik prezidentlik dövründə
atılan məqsədyönlü addımlar, imzalanan
çoxsaylı dövlət proqramları, fərman və sərəncamlar
dövlət başçısının xalqın mənafeyinin
daim qorunmasını öz fəaliyyətinin başlıca
prinsipi olduğunu bir daha təsdiqləmişdir.
Qazanılan
sosial-iqtisadi nailiyyətlərdən söhbət gedərkən,
cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin ilk
aylarına təsadüf edən 24 noyabr 2003-cü il tarixli
"Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın
sürətləndirilməsi tədbirləri haqqında"
Fərmanın əhəmiyyətini xüsusi qiymətləndirmək
lazımdır. Çünki keçid dövrünə xas
bir sıra köklü problemlərin həlli prosesinə məhz
bu sənədlə start verilmişdir. Sözügedən fərman,
sonrakı mərhələlərdə imzalanaraq hazırda
uğurla icra edilən dövlət proqramları
üçün baza rolunu oynamış, qısa zaman ərzində
ölkə iqtisadiyyatında mütərəqqi inkişaf
meyllərinə böyük təkan vermişdir. Bu çərçivədə
atılan ardıcıl addımlar Azərbaycanda işsizlik
probleminin həlli, regionların proponsional inkişafı,
qeyri-neft sektoruna, o cümlədən aqrar sahəyə diqqətin
artırılması, yeni iş yerlərinin
açılması istiqamətində konkret nəticələrlə
müşayiət olunmuşdur.
Həyata keçirilən birinci və ikinci regional Dövlət proqramları Azərbaycan regionlarının tarazlı və davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, mərkəzdə, eləcə də regionlarda özəl sektorun inkişafı və iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun inkişafı hesabına azalmasında mühüm rol oynamaqdadır. Bu proqramlar çərçivəsində görülmüş işlər indiyə qədər regionların sosial-iqtisadi tərəqqisinə mane olan problemləri aradan qaldırmışdır. Kənd təsərrüfatının inkişafına diqqətin artırılması, hər regionun malik olduğu təbii resurslardan məqsədyönlü istifadə, sərmayələrin qeyri-neft sektoruna cəlb edilməsinin sürətləndirilməsi, yeni, müasir emal müəssisələrinin yaradılması, xidmət və digər infrastruktur obyektlərinin salınması, turizmin inkişafı bölgələrdə yüz minlərlə yeni iş yerlərinin açılmasına imkan vermişdir.
Ölkədə qeyri-neft sektorunun payının artırılmasına yönəldilmiş siyasət artıq öz bəhrəsini verməkdədir.Belə ki, hazırda ÜDM-də bu sektorun xüsusi çəkisi 47 faizi ötür.Təbii ki, bu, son hədəf deyildir.Aqrar sahədə bu gün 2336 kənd təsərrüfatı müəssisəsi, 2618 fərdi sahibkar təsərrüfatı, 551 emal müəssisəsi və on minlərlə ailə-kəndli və ev təsərrüfatları fəaliyyət göstərir.
Ölkə Prezidentinin kənd təsərrüfatına daim diqqət göstərməsi bu sahənin inkişafına prioritet münasibətdən irəli gəlir. Məhz buna görə də dövlət başçısının müvafiq sərəncamı ilə 2004-cü ildə "Aqrolizinq" ASC-nın yaradılması, texnikanın alınması, gübrə və yanacaq üçün hər il böyük həcmdə vəsait ayrılması kənd təsərrüfatının inkişafına göstərilən qayğının bariz ifadəsidir. Şübhəsiz ki, aqrar sahəyə göstərilən bu diqqət regionların sosial-iqtisadi inkişafında həlledici rol oynayır. 2005-ci ildən etibarən "Aqrolizinq" ASC-yə ayrılmış ümumi vəsaitin məbləği 26 milyon manat təşkil etmişdir. O cümlədən, 2008-ci ildə 37,5 milyon manat, 2009-cu ildə 48,2 milyon manat, 2010-cu ildə isə 35 milyon manat ayrılmışdır. Hazırda "Aqrolizinq"in bölgələrdə 55 "Aqroservis" fılialı və onların nəzdində 107 mexanikləşdirilmiş dəstə fəaliyyət göstərir. Həmin qurumların istifadəsində 4234 kənd təsərrüfatı texnikası, o cümlədən 588 kombayn, 1051 traktor, 49 ekskovator və 2546 müxtəlif kənd təsərrüfatı texnikası vardır.
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaydalar əsasında kənd təsərrüfatı məhsulları istehsalçılarına mineral gübrələr 50 faiz güzəştlə satılır. Bundan başqa, Azərbaycan Prezidentinin 21 avqust 2008-cu il tarixli sərəncamına əsasən, dövlət vəsaiti hesabına idxal olunan yüksək reproduksiyalı buğda toxumu da toxum istehsalçılarına dəyərinin 50 faizi qədər güzəştlə satılır. Eyni zamanda, 2008-ci ildə 1000 baş, 2009-cu ildə 770 baş, 2010-cu ildə isə 3 milyon manatlıq cins damazlıq heyvan ölkəyə gətirilərək, müqaviləyə əsasən dəyərinin 50 faizi qədər güzəştlə 3 il müddətinə lizinq qaydasında kənd təsərrüfatı məhsulları istehsalçılarına satılmışdır.
Respublikada kənd təsərrüfatında tənəzzülün qarşısı alındıqdan sonra 2005-2010-cu illərdə və 2011- ci ilin 9 ayı ərzində dövlət büdcəsi vəsaitləri hesabına qəbul edilmiş qaydalara uyğun olaraq, lizinqə 12 min 357 ədəd kənd təsərrüfatı texnikası, o cümlədən, 990 ədəd taxılyığan kombayn, 3 min 584 ədəd traktor, 73 komplekt texniki avadanlıq və soyuducu kamera, süd zavodu, yem istehsalı zavodu, istilik avadanlıqları və digər avadanlıqlar, 300 min ton mineral gübrə, 300 ton pestisid alınaraq satılmışdır.
Həyata keçirilən tədbirlər
nəticəsində 2008-ci ildə kənd təsərrüfatında
1 milyon 77 min ton kartof, 1 milyon 228 min ton tərəvəz
yığılmışdır. 2009-cu ildə taxıl
istehsalı 2 milyon 988 min tona, o cümlədən buğda
istehsalı 2 milyon 140 min tona çatmışdır. 2010-cu ildə 433 min ton bostan
bitkisi, 729 min ton meyvə və 129 min ton üzüm istehsal
edilmişdir. Bu ilin dekabrın 1- nə kimi isə
qarğıdalı da daxil olmaqla 2 milyon 457 min ton taxıl, 938
min ton kartof, 1 milyon 196 min ton tərəvəz, 761 min ton meyvə
və giləmeyvə, 235 min ton şəkər
çuğunduru toplanmışdır.
Prezident
İlham Əliyevin 2008-ci il 25 avqust tarixli
sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci
illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq
məhsulları ilə etibarlı təminatına dair Dövlət
Proqramı" qarşıdakı illərdə
respublikanın ərzaq təhlükəsizliyinin təmin edilməsi
baxımından müstəsna əhəmiyyətə
malikdir. Dövlət Proqramında 2008-2015-ci illərdə
Azərbaycan əhalisinin ərzaq məhsulları ilə
etibarlı təminatına dair Tədbirlər Planı öz əksini
tapmışdır. Dövlət Proqramına görə,
2015-ci ilədək dənli bitkilərin əkin sahələrinin
900 min hektara, məhsuldarlığı 32 sentnerə, ümumi
istehsalı 2,8 milyon tona, ət məhsulu istehsalını 340
min tona, süd və süd məhsullarının
istehsalını 2,4 milyon tona, sənaye üsulu ilə illik
quş əti istehsalını 80 min tona, yumurta
istehsalını 1,12 milyard ədədə, tərəvəz
və bostan bitkilərinin istehsalını 1,72 milyon tona, meyvə
istehsalını 800 min tona, yağlı bitkilərin əkin
sahəsini 135 min hektara, şəkər çuğundurunun əkin
sahəsini 20 min hektara, çay yarpağı
istehsalını 3 min tona, yem bitkilərinin əkin sahələrini
500 min hektara çatdırmaq nəzərdə tutulmuşdur.
Ölkə Prezidentinin aqrar sahəyə göstərdiyi diqqət
və qayğısı sayəsində bu məqsədə
nail olunacağını əminliklə söyləmək
olar.
Aparılan təhlillər göstərir ki, ölkədə
istehsal həcmləri əhalinin ərzaq ehtiyaclarını
kifayət səviyyədə ödəməyə imkan verir. 2000-ci illə müqayisədə
2010-cu ildə taxıl istehsalı 30 faiz, kartof 103 faiz, tərəvəz
52 faiz, meyvə 53 faiz, şəkər çuğunduru 5,3
faiz, ət məhsulları 33 faiz, süd 49 faiz, yumurta
istehsalı 117 faiz artmışdır.
Qeyd etmək lazımdır ki, son illərdə
bütün növlər üzrə ərzaq məhsulları
istehsalı bütün növlər üzrə, qismən də
olsa məhsuldarlığın artımı hesabına baş
vermişdir. Lakin məhsuldarlığın artım templəri
istehsal həcmlərinin artımı ilə müqayisədə
hələlik aşağıdır. Bu
fakt hazırda aqrar sahənin əsas problemlərindən biri
olaraq qalır. Dünya ölkələri üzrə
taxılın məhsuldarlığının yüksək
göstəricisi 80 sentner, orta göstərici isə 30 sentner
olduğu halda, ölkəmizdə taxılın ən yüksək
məhsuldarlığı 27 sentner (2009-cu il) olmuşdur. Digər bitkiçilik və heyvandarlıq məhsulları
üzrə də vəziyyət oxşardır. Lakin bütün növ ərzaq məhsulları
istehsalında son 10 ildə məhsuldarlıq göstəricilərində
davamlı artım dinamikasının olmasını nəzərə
alaraq sahədə əsaslı nəticələrin əldə
olunması baxımından nikbinliyə əsas vardır.
Son illər ölkə rəhbərliyi tərəfindən
aqrar sahəyə göstərilən davamlı yardımlar da
bunu deməyə əsas verir. Hazırda
ölkədə istehsal olunan kənd təsərrüfatı
məhsulunun 95 faizə qədəri özəl sektorun
payına düşür.
Beləliklə,
ötən 20 ildə keçilən yolun mürəkkəbliyinə
və ağırlığına baxmayaraq, ölkə
Prezidentinin fədakar fəaliyyəti və qətiyyəti sayəsində
Azərbaycan Respublikası siyasi, iqtisadi və hərbi cəhətdən
qüdrətlənə bildi, dünya iqtisadiyyatına və
siyasi həyatına inteqrasiya etdi, dünyəvi sivil bir
dövlətə çevrildi. İqtisadiyyatın
bütün sahələrində əldə olunan müsbət
dəyişikliklər aqrar sahə timsalında da
özünü daha aydın şəkildə göstərdi.
Bu, sahənin rəqabətədavamlığının
artırılması istiqamətində yaxın və uzaq
perspektivə hesablanmış və uğurla həyata
keçirilən ölkənin ərzaq təhlükəsizliyinin
tam təmin olunması kimi hədəfə nail
olunacağına əminlik yaradır.
Sadıq SALAHOV,
iqtisad elmləri doktoru,
professor
Mədəniyyət.- 2011.- 30
dekabr.- S. 8.