Yolunu azmış sərnişinlər” “Vahidsatira teatrından keçdi

 

   Yeni teatr ictimai problemləri satirik dillə tamaşaçılara təqdim edəcək

  

   Böyük ənənələrə malik olan Azərbaycan teatr həyatına yeni yaradıcı kollektiv daxil olub. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü ilə eksperimental «Vahid» satira teatrı yaradılıb. Əsasən Bakıətrafı qəsəbələrdə əhaliyə mədəni xidmət göstərmək məqsədilə təşkil edilən teatr maraqlı layihələrə imza atmaq niyyətindədir. Kollektiv artıq ilk tamaşasını - «Yolunu azmış sərnişinlər» adlı satirik-musiqili səhnə əsərini qəsəbələrdə nümayiş etdirib.

 

   Teatrın baş rejissoru Maarif Məmmədovdur. O, uzun illər Nizami adına Mədəniyyət Mərkəzinin teatr studiyasına rəhbərlik edib. Hazırda isə Azərbaycan Televiziyasının «Gənclik» redaksiyasında redaktor vəzifəsində çalışır. Baş rejissor bizimlə söhbətində bildirdi ki, teatr sentyabr ayında fəaliyyətə başlayıb: “İlk dəfə tamaşaçı qarşısına müəllifi olduğum «Yolunu azmış sərnişinlər» komediyası ilə çıxdıq. Tamaşa artıq Bakı qəsəbələrindəki 20-dək mədəniyyət evində oynanılıb».

   Qeyd edək ki, tamaşada aktyorlar Allahverdi Yolçuyev, Natiq Fərzəliyev, Sərvər Əliyev, Cümşüd Zeynalov, Məhərrəm Qurbanov, Naibə Allahverdiyeva, Nahidə Orucova və müğənni Aydın Əliyev çıxış edirlər. Tərbiyəvi mövzuda hazırlanan tamaşada insanların seçdiyi sənətə, yiyələndiyi peşəyə münasibətindən bəhs olunur: «Əsas ideyamız insanlara bacardıqları işdə çalışmağı, çalışdıqları işdə peşəkar olmağı tövsiyə etməkdir. Tamaşada bunu bir avtobus sərnişinlərinin timsalında göstəririk. Sərnişinlərin hərəsinin öz sənəti var. Lakin heç biri öz yerində, öz işində deyillər. Cəmiyyətimizdə belə insanlar çoxdur. Biri alverə, digəri də başqa işə qurşanır. Halbuki öz peşəsində çalışıb daha dəyərli ola bilərdi. Bu problem satira dili ilə tamaşaçıya çatdırılır».

   Baş rejissorun sözlərinə görə, teatr gələcək tamaşalarında da ictimai problemləri satirik dillə cəmiyyətə çatdırmağa çalışacaq: “Problemləri cəmiyyətə çatdırmağın ən əsas yolu satiradır. Teatr da cəmiyyətin bir aynası olaraq, bu məsələlərdən kənarda qalmamalıdır. Cəlil Məmmədquluzadənin, Mirzə Ələkbər Sabirin, Əbdürrəhim bəy Haqverdiyevin əsərləri əsasında tamaşalar hazırlamağı düşünürük. Əliağa Vahidin şeirlərini də səhnələşdirib tamaşa hazırlayacağıq. Hazırda bunun ssenarisi üzərində işləyirik. Bu tamaşanı mart ayında, Novruz bayramı günlərində təqdim etməyi planlaşdırmışıq. Onu da deyim ki, teatrımız artıq maraq cəlb edib, ilk tamaşamız rəğbətlə qarşılanıb».

   Yaradıcı heyətə gəlincə, baş rejissor bildirdi ki, tamaşalar üçün aktyorlar müqavilə ilə dəvət olunacaq: “Geniş aktyor heyəti ilə daimi işləmək imkanımız yoxdur. 2-3 daimi aktyorumuz olacaq. Qalanlarını tamaşadan-tamaşaya dəvət edəcəyik. Rejissorlar da dəvət əsasında tamaşa işləyəcəklər”.

   Sonda onu da qeyd edək ki, hazırda teatrın məşqləri H.Sarabski adına Mədəniyyət evində aparılır.

  

 

   Gülər Nizamiqızı

 

   Mədəniyyət.- 2011.- 30 dekabr.- S. 15