“Rauf Avşar adına kukla teatrı” yubiley
tamaşası hazırlayır
Estoniyada həmyerlimiz Rauf Avşar tərəfindən
yaradılan «Rauf Avşar adına kukla teatrı»nın 15 illik
yubileyi qeyd ediləcək.
Bu əlamətdar tarix teatrın bədii
rəhbəri R.Avşarın da 60 illik yubileyi ilə
üst-üstə düşür. Bədii rəhbər
ötən 15 ildə teatrın bir çox nailiyyətlər əldə
etdiyini bildirdi: «Bu illər ərzində mənə ən
çox dəstək həyat yoldaşım Xatirə
Avşarovadan olub. Layihələrin reallaşmasını o həyata
keçirib. Estoniyanın Mədəniyyət Nazirliyi bizə
dəstək verir və bizim teatr haqqında yüksək
fikirdədir. Ən əsası odur ki, Estoniyanın cəmiyyəti
bizim teatr vasitəsi ilə Azərbaycan mədəniyyəti
ilə yaxından tanış olur».
Bu ilin noyabrında Bakıda
keçirilən I Beynəlxalq Kukla Teatrı Festivalında
dahi bəstəkar Üzeyir Hacıbəylinin «O olmasın, bu
olsun» musiqili komediyası əsasında hazırlanan «Məşədi
İbad» tamaşası ilə iştirak edən teatr yenidən
Azərbaycana gəlmək arzusundadır. Teatr bu dəfə
«Üç keçi» tamaşası ilə kiçik sənətsevərləri
sevindirəcək: «2012-ci ildə teatrımız «Üç
keçi» Azərbaycan nağılı əsasında yeni
tamaşanı təqdim edəcək. Nağıl qısa
olduğuna görə tamaşaya yeni personajlar əlavə
etdim. Tamaşanın hazırlanmasında Azərbaycan Dövlət
Kukla Teatrının kukla üzrə rəssamı Rəvanə
Yaqubova bizə kömək edir. Azərbaycanın Əməkdar
rəssamı Rza Avşarov isə səhnə əsərinin
quruluşçu rəssamıdır».
Gülər
Mədəniyyət.-
2011.- 30 dekabr.- S. 12.