Dövlət qayğısı nailiyyətlərimizin rəhnidir

 

    Uşaq musiqi və incəsənət təhsili sahəsində ilin yekunları

  

   Yetişən nəslin mənəvi-estetik tərbiyəsinin əsasını təşkil edən incəsənət, musiqi təhsili daim dövlətimizin diqqət mərkəzindədir. Uşaq musiqi və incəsənət məktəbləri təmir-bərpa olunur, yeniləri inşa edilir, maddi-texniki bazaları yaxşılaşdırılır, uşaqların istedad və bacarıqlarını nümayiş etdirmələri üçün yerli və xarici müsabiqələrdə iştirakları təmin edilir.

  

   Mədəniyyət və Turizm Nazirliyinin Elm və təhsil şöbəsinin müdiri Yaşar Əliyev nazirlik sistemindəki incəsənət profilli məktəblərin fəaliyyəti, bu sahədə ilin yekunları barədə məlumat verdi. Onun sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyi sistemində 238 uşaq musiqi, incəsənət və rəssamlıq məktəbi fəaliyyət göstərir ki, onlardan da 39-u Bakı şəhərində, 172-si respublikanın şəhər, rayon və kəndlərində, 27 məktəb isə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərir. İlin əvvəlinə olan məlumata görə, bu məktəblərdə 70772 şagird təhsil alır ki, onların da tədrisi ilə 16581 müəllim məşğul olur.

  

   Keyfiyyətli tədris üçün hər cür şərait yaradılır

  

   Şöbə müdiri bildirdi ki, Nazirlər Kabinetinin “2009-2013-cü illər üçün Azərbaycan Respublikasında uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin fəaliyyətinin yaxşılaşdırılması üzrə İnkişaf Proqramı”, “2009-2013-cü illər Bakı şəhəri və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair tədbirlər Proqramı” və “2009-2013-cü illər üçün Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın tədbirlər planına əsasən uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində əhəmiyyətli işlər görülür: “Bu mənada uşaq musiqi və incəsənət məktəblərində aparılan təmir-bərpa işlərini xüsusilə qeyd etmək istərdim. Bu il Bakı şəhər 24 saylı onbirillik musiqi məktəbi Binə qəsəbəsində yeni istifadəyə verilmiş Mədəniyyət mərkəzində fəaliyyətə başladı. Abşeron rayon Ceyranbatan qəsəbəsi Uşaq incəsənət məktəbi Ceyranbatan qəsəbəsində yeni tikilmiş Mədəniyyət mərkəzinə köçürüldü. Siyəzən rayon Uşaq incəsənət məktəbi üçün yeni bina tikildi, Bakı şəhər Q.Qarayev adına 8 saylı onbirillik musiqi məktəbinin binasında təmir və yenidənqurma işləri aparıldı, yeni tədris ili ərəfəsində Yardımlı rayon Uşaq musiqi məktəbinin yeni binası, habelə Gəncə şəhər Z.Qayıbov adına 5 saylı Uşaq musiqi məktəbinin binası əsaslı təmirdən sonra istifadəyə verildi. Hazırda Şamaxı rayon Nəsimi adına Uşaq incəsənət məktəbi üçün yeni binanın tikintisi davam edir”.

   Şöbə müdirinin sözlərinə görə, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda mədəniyyət sahəsi üzrə bir sıra obyektlərdə, o cümlədən 12 uşaq musiqi və incəsənət məktəbində yenidənqurma və təmir-tikinti işlərinin aparılması, məktəblərin texniki təchizatı nəzərdə tutulub.

   Respublikanın uşaq musiqi və incəsənət məktəblərinin əsas etibarı ilə 5 və 7 illik təhsil sistemi ilə fəaliyyət göstərdiyini xatırladan şöbə müdiri böyük pedaqoji iş təcrübəsinə və zəruri maddi-texniki bazaya malik bir neçə uşaq musiqi və incəsənət məktəbinin 11 illik təhsil sisteminə keçirildiyini dedi. Hazırda Bakı şəhərində 11 illik təhsil sistemi üzrə 10 məktəb fəaliyyət göstərir.

  

   Kənd məktəblərinə xüsusi diqqət

  

   Kənd yerlərində uşaqların incəsənətə cəlb edilməsi məsələsinə də böyük önəm verildiyini deyən Y.Əliyev nazirlik sisteminə daxil olan uşaq musiqi və incəsənət məktəblərindən 78 tədris müəssisəsinin kəndlərdə fəaliyyət göstərdiyini bildirdi. Bu ilin iyununda Göygöl rayonunun Xəqani kəndində yeni uşaq musiqi məktəbi açılıb.

   Şöbə müdiri Bakı şəhərinin uşaq musiqi və incəsənət məktəbləri ilə rayon və kənd məktəbləri arasında yaradıcılıq əlaqələrinin yaradılması, təcrübə mübadiləsinin də daim diqqət mərkəzində olduğunu vurğuladı. Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin zəngin pedaqoji iş təcrübəsinə malik müəllimlərinin iştirakı ilə rayon, şəhər və kənd uşaq musiqi və incəsənət məktəblərinin müəllimləri üçün ustad dərsləri də keçildiyini xatırlatdı.

   Bildiyimiz kimi, xor sənətinin geniş təbliği, uşaqlarda kiçik yaşlarından xor ifaçılığına marağın oyadılması, vokal-xor ifaçılığı sahəsində kadrların yetişdirilməsində uşaq xor məktəblərinin müstəsna əhəmiyyəti var. Şöbə müdirinin sözlərinə görə, Bakı şəhər Ə.Bədəlbəyli adına 23 saylı onbirillik musiqi məktəbinin bazasında xor məktəbinin yaradılması məqsədilə məktəbdə cari tədris ilindən xor şöbəsi açılıb, gələn tədris ilindən isə Bakı şəhər R.Babayev adına 25 saylı Uşaq musiqi məktəbinin bazasında nəfəsli və simli alətlər məktəbinin yaradılması planlaşdırılır: “Ölkədə xor mədəniyyətinin inkişaf etdirilməsi, uşaq musiqi və incəsənət məktəblərində xor fənninin tədrisinin səviyyəsinin yüksəldilməsi, xormeysterlərin yaradıcılıq fəaliyyətinin aktivləşdirilməsi məqsədilə 2011-ci ilin aprelində uşaq xor kollektivlərinin VII Respublika müsabiqəsi keçirildi. Müsabiqədə respublikanın şəhər və rayonlarından 200-dən artıq xor kollektivi, 10 mindən çox şagird iştirak edirdi”.

  

   Uğurların sorağında

   

   Şöbə müdiri başa çatan ilin gənc istedadlarımızın qazandığı uğurlarla da yadda qaldığını vurğuladı: «Bunlardan sadəcə bir neçəsini qeyd etmək istərdim. 3 saylı Uşaq incəsənət məktəbinin V sinif şagirdi Fərhad Qarayusifli (fortepiano) 2011-ci ilin martında Türkiyənin Ədirnə şəhərində XIV beynəlxalq kamera musiqisi müsabiqəsində III dərəcəli diplomla təltif olundu. G.Şaroyev adına 35 saylı onbirillik musiqi məktəbinin fortepiano ixtisası üzrə V sinif şagirdi Nəriman Əmiraslanov 23-27 mart tarixlərində Estoniyanın Rakvere şəhərində keçirilmiş İ.S.Bax adına gənc pianoçuların Beynəlxalq müsabiqəsində I dərəcəli diploma layiq görüldü. 29 iyun-5 iyul tarixlərində Macarıstanın Balatonfüred şəhərində keçirilmiş “İncəsənət vadisi” Balaton-Budapeşt-Vyana XI Beynəlxalq festival-müsabiqəsində Bakı şəhər F.Əmirov adına 6 saylı onbirillik incəsənət məktəbinin şagirdi Eldar Tahirov Qran-Pri mükafatını qazandı. 2010-cu il 3-8 noyabr tarixlərində Sankt-Peterburq şəhərində keçirilmiş “Gümüş kamerton” V Beynəlxalq müsabiqəsində Bakı şəhər T.Quliyev adına 12 saylı Uşaq musiqi məktəbinin şagirdi Emin Hüseynov laureat oldu.

   Bundan başqa, 2010/2011-ci tədris ilində nazirliyin dəstəyi ilə Bakı şəhər Q.Qarayev adına 8 saylı, L. və M.Rostropoviçlər adına 21 saylı, 24 saylı onbirillik musiqi və F.Əmirov adına 6 saylı onbirillik incəsənət, Abşeron rayon Xırdalan şəhər uşaq musiqi və Ağdam rayon Xan Şuşinski adına uşaq muğam məktəblərinin şagirdləri Rusiyanın Moskva şəhərində, “Slava Maestro” ustad siniflərin II Beynəlxalq festivalında və "Moskva dostlarını qarşılayır" adlı VIII Beynəlxalq festivalda, Omsk şəhərində, Y.İ.Yankeleviç adına II Beynəlxalq skripkaçılar müsabiqəsində, Samara, Tolyatti və Nookuybışevsk şəhərlərində Yuri Başmetin himayəsi altında keçirilən MDB ölkələri I Uşaq Musiqi Akademiyasında, Türkiyənin Kocaeli şəhərində, Beynəlxalq uşaq festivalında, Gürcüstanın Batumi şəhərində, “Qolden Dolfin-2011” Beynəlxalq xalq yaradıcılığı festivalında uğurla iştirak ediblər”.

   Bütün bu uğurların dövlət rəhbərliyinin daim diqqət mərkəzində olduğunu deyən Y. Əliyev ölkə başçısının 19 dekabr 2011-ci il tarixli sərəncamı ilə beş yeniyetmə ifaçının adının Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılmaqla Prezidentin xüsusi aylıq təqaüdünə layiq görüldüyünü bildirdi: “Bu, məktəblərimizdə çalışan müəllimlərin və onların istedadlı yetirmələrinin əməyinə verilən ən yüksək qiymət, digər tərəfdən böyük məsuliyyətdir və bizi öz işimizi bundan sonra daha yüksək səviyyədə qurmağa sövq edir».

  

 

   Həmidə Nizamiqızı

 

   Mədəniyyət.- 2011.- 30 dekabr.- S. 6.