Şahmar Əkbərzadənin 70 illiyinə həsr
olunmuş xatirə gecəsi
Dekabrın 29-da Azərbaycan
Yazıçılar Birliyinin “Natəvan” klubunda tanınmış şair,
istedadlı qələm sahibi Şahmar Əkbərzadənin (1941-2000) anadan olmasının 70 illiyinə həsr olunmuş xatirə gecəsi keçirildi.
Qələm dostları və ailə üzvlərinin iştirak etdiyi tədbirdə Şahmar Əkbərzadə yaradıcılığından, onun Azərbaycan poeziyasındakı yerindən, mətbuatımızın və publisistikamızın inkişafındakı xidmətlərindən söz açıldı, qaynar poeziyasının məhsulu olan lirik nümunələr səsləndirildi.
Tədbiri giriş sözü ilə açan Yazıçılar Birliyinin katibi Rəşad Məcid Şahmar Əkbərzadə ilə bağlı kövrək xatirələrini dilə gətirdi, yaradıcılıq məziyyətlərindən danışdı: ”Şahmar müəllimin özündən əvvəl onun şeirlərini tanımışam, sevmişəm. Ölümündən 10 ildən artıq vaxt keçməsinə baxmayaraq, o sanki öz şeirləri kimi diridir, canlıdır. Çünki Şahmar Əkbərzadə insan sevgisi, vətənpərvərlik kimi həmişəyaşar və bəşəri duyğuları şeiriyyata gətirə bilib, ondan gözəl nümunələr yaradıb. Sonra “Mədəniyyət” qəzeti vasitəsi ilə şəxsən özü ilə tanış oldum. Onun görkəmi, baxışı və fikirləri heç vaxt yadımdan çıxmır. Şahmar Əkbərzadə özü elə şeir kimi adam idi. Duyğulu, həlim, həssas. Məhz elə o keyfiyyətlərinə görə də daim xatirələrdə yaşayacaq və Azərbaycan poeziyasındakı yerini qoruyacaq”.
Şair Musa Yaqub isə Ş.Əkbərzadəni Azərbaycan ədəbiyyatının şəhidlərindən hesab etdiyini bildirdi, onun ədəbiyyata vurğunluğundan danışdı: “Şahmar başdan ayağa poeziya idi. Bəxtiyar Bahabzadə ilə yaxın dost idilər. Bəxtiyar Bahabzadə nə qədər çılğın, üsyankar idisə, o, bir o qədər sakit, hər şeyi ürəyində saxlayan idi. Şahmar qəribə, incə qəlbə sahib insan, dostluqda mərd və təmiz ürəkli bir şair idi. İndi düşünürəm ki, kaş bu 70 yaşını onunla birgə qeyd edərdik. Heyf ki, əcəl aman vermədi və onu bizdən ayırdı. Artıq bir neçə ildir ki, aramızda yoxdur. Amma buna baxmayaraq, əsərləri yenə də böyük məhəbbətlə oxunur. Deməli, o yaşayır».
Millət vəkili Musa Urud Şahmar Əkbərzadənin “Mədəniyyət” qəzetindəki fəaliyyəti və bu illərdə onunla bağlı xatirələrini danışdı. Naxçıvanda Hüseyn Cavidin məqbərəsinin açılışı zamanı mərhum şairin nitqini xatırlatdı. “Şahmar Əkbərzadəni, adı çəkiləndə fikrimdə millətsevər, xeyirxah və insanpərvər obraz yaranır”, deyə fikrini ifadə etdi.
Ş.Əkbərzadə mükafatının ilk laureatlarından olan şair Qulu Ağsəs isə onun insani kefiyyətlərindən danışdı, qəzet redaktoru kimi xüsusən gənc yazarlara meydan verdiyini, onların ədəbiyyata gəlişini dəstəklədiyini bildirdi. Ş.Əkbərzadənin onu tanıyanların hamısının dostu olduğunu dedi: «O azsaylı şairlərdən idi ki, təkbaşına ədəbi mühit yarada bilirdi. Bəzən şairlər oxucularını şair ruhlu eləsələr də, ailələrinə gücü çatmır. Şahmar Əkbərzadə isə ailəsini də şair eləyə bilmişdi. Azərbaycanda bir neçə adam var ki, artıq “Qarabağ” sözünün simvoluna, sinoniminə çevrilib. Xudu Məmmədov, Şahmar Əkbərzadə, bir neçə gün əvvəl vəfat edən Qədir Rüstəmov da məhz “Qarabağ” sözünün sinonimlərinə çevriliblər”.
Xatirə gecəsində şair-həkim Paşa Qəlbinur, yazıçı Nahid Hacızadə, “Kredo”qəzetinin baş redaktoru Əlirza Xələfli, yazıçı Mustafa Çəmənli və başqaları çıxış edərək şairlə bağlı xatirələrinin bölüşdülər.
Mərasimdə Şahmar Əkbərzadə adına mükafatın yeni laureatlarının adları açıqlandı. Bu mükafata AYB-nin mətbuat katibi Ədalət Əsgəroğlu, şair Kəmaləddin Qədim və millət vəkili Musa Urud layiq görülüblər.
Tədbirin sonunda şairin oğlu Əkbər çıxış edərək xatirə gecəsinin təşkilatçılığına görə Yazıçılar Birliyinə minnətdarlığını bildirdi.
Lalə Azəri
Mədəniyyət.- 2011.- 30 dekabr.-
S. 5.