2011-ci
il: uğurlar, nəticələr
Mədəniyyət
və Turizm Nazirliyinin ilin yekunlarına həsr olunmuş
kollegiya iclası keçirildi
Dekabrın
28-də Rəşid Behbudov adına Azərbaycan Dövlət
Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyinin
2011-ci ilin yekunlarına dair kollegiya iclası keçirildi.
İclası mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev açaraq müzakirə olunacaq məsələləri
diqqətə çatdırdı. İclasda Mədəniyyət
və Turizm Nazirliyinin 2011-ci il üçün
hesabatının və 2012-ci ilin birinci yarımilliyi üçün
iş planının təsdiq ediləcəyini bildirdi.
Sonra nazir ayrı-ayrı
şöbələr üzrə kollegiyada müzakirə ediləcək
məsələləri diqqətə çatdırdı. Bu
sırada “Turizm ili”nin yekunları, ölkə prezidentinin
dövlət orqanlarında elektron xidmətin təşkili sahəsində
bəzi tədbirlər haqqında 23 may 2011-ci il tarixli fərmanının
icrası, Azərbaycan Dövlət Filarmoniyası və Azərbaycan
Dövlət Uşaq Filarmoniyasının 2008-2011-ci illər ərzindəki
fəaliyyəti, Şəki şəhərinin sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair
ölkə prezidentinin sərəncamına əsasən Şəkinin
tarixi-mədəni irsinin qorunması və bərpası barədə
məsələlər qeyd olundu. Bundan əlavə, mədəniyyət
və turizm müəssisələrinin 2011-ci il üzrə
maliyyə-təsərrüfat fəaliyyətinin yekunları,
Şəmkir rayon mədəniyyət və turizm şöbəsinin
və tabeliyində olan müəssisələrin fəaliyyəti,
cizgi filmləri sahəsində işin
yaxşılaşdırılması, 2012-2017-ci illərdə
Azərbaycan Respublikasında nəşriyyat-poliqrafiya və
kitab sənətinin inkişaf etdirilməsinə dair fəaliyyət
planı, Muzey Mərkəzinin fəaliyyəti, Mədəniyyət
və Turizm Nazirliyinin 2010-2014-cü illər üçün
“Xalq yaradıcılıq paytaxtları” proqramının
icrası və s. mövzular müzakirə olunacaq məsələlər
sırasında idi.
Qeyd olundu ki, 2012-ci ilin birinci
yarımilliyinin iş planında 68 tədbirin keçirilməsi
nəzərdə tutulub. İş planının kollegiya tərəfindən
təsdiq edilməsindən sonra nazir 2011-ci ilin yekunlarına
dair hesabatla çıxış etdi.
Dinamik inkişaf ili
2011-ci ilin mədəniyyət və
turizmdə əsas uğurlarından danışan nazir bu nəticələrin
əldə olunmasında ölkə rəhbərliyinin bu sahələrə
diqqət və qayğısının başlıca amil
olduğunu vurğuladı. Nazir il ərzində mədəniyyətimizin
təbliği sahəsində görülən işlərdə
Heydər Əliyev Fondunun layihələrinin xüsusi rolunu
qeyd etdi: “İlin ən mühüm uğurlarından biri budur
ki, 2011-ci il prezident tərəfindən «Turizm ili» elan olundu və
bu sahənin inkişafı, infrastrukturun yenilənməsi, yeni
turizm obyektlərinin açılması nəticəsində
ilin 9 ayı ərzində ölkəmizə gələn
turist sayı 14 faiz artıb. Bu, turizmin ölkəmizin
iqtisadiyyatı üçün vacibliyini bir daha sübut etdi”.
İncəsənətimizdə qazanılan uğurlar
Hesabatın ayrı-ayrı bölmələrinə
keçən nazir incəsənət sahəsində
qazanılan nəticələrdən söz açdı. Qeyd
olundu ki, prezident İlham Əliyevin “Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin bərpasının
iyirminci ildönümü haqqında” 21 yanvar 2011-ci il tarixli sərəncamı
ilə təsdiq edilmiş tədbirlər planına uyğun
olaraq ölkəmizdə və dünyanın bir çox
ölkələrində silsilə tədbirlər
keçirilib. Parisdə UNESCO-nun qərargahında, Moskvada
Kreml sarayında, Berlin, Vatikan və Romada Azərbaycan incəsənət
ustalarının konsertləri anşlaqla keçib. Bakıda
Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm
Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən
“Muğam aləmi” II Beynəlxalq Muğam Festivalı təşkil
edilib. Qara Qarayev adına IV Beynəlxalq Müasir Musiqi
Festivalı keçirilib. “Azərbaycan Teatrı 2009-2019-cu illərdə”
Dövlət Proqramı çərçivəsində Lənkəran
şəhərində II “Yeni Teatr” respublika Festivalı
gerçəkləşib. Ölkəmiz Venesiya Biennalesində
təmsil olunub. Qəbələdə pianoçuların II
Beynəlxalq müsabiqəsi və III Beynəlxalq Musiqi
Festivalı, “Bakıda batika həftəsi” sərgisi,
Ü.Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı
ilin uğurlu tədbirlərindəndir. Beynəlxalq Caz
Festivalı ənənəvi olaraq hər il keçirilir və
ildən-ilə genişlənir. Bu il Bakıda I Beynəlxalq
Kukla Teatrı Festivalı və I Bakı Beynəlxalq Kukla
Biennalesi baş tutdu. V Beynəlxalq Rostropoviç Festivalı
uğurla gerçəkləşdi.
Xaricdə keçirilən tədbirlərdən
də bəhs edən nazir bu sırada ABŞ-ın Hyuston,
Los-Anceles, Santa-Monika, San-Fransisko və Vaşinqton şəhərlərində
ilk dəfə olaraq Azərbaycan mədəniyyətinin rəngarəng
elementlərini özündə birləşdirən mədəniyyət
tədbirlərinin keçirildiyini qeyd etdi.
Almaniyanın Berlin şəhərində
Xocalı faciəsinə həsr olunmuş “Müharibə əleyhinə,
sülh, dostluq zorakılığa qarşı demokratiya”
adlı monumental heykəltəraşlıq
kompozisiyasının yaradılması, Serbiyanın paytaxtı
Belqradda dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin
büstünün açılışı yaddaqalan hadisələrdəndir.
Nazir hesabat dövründə Azərbaycanın
görkəmli mədəniyyət xadimlərinin yubileylərinin
keçirildiyini də diqqətə çatdırdı. Bu il
Cabbar Qaryağdıoğlu, Bəhram Mənsurov, Şəmsi
Bədəlbəyli, Hüseyn Əliyev, Adil İsgəndərov,
Ələsgər Ələkbərov, Sabit Rəhman, Mirzə
İbrahimov, Əli Vəliyev, Nəsir İmanquliyev, Oqtay
Sadıqzadə və digər görkəmli şəxsiyyətlərin
yubiley tədbirləri keçirilib. Həmçinin “Azərbaycan
Dövlət Rəqs Ansamblının” 40, “Qaya” Dövlət
Ansamblının 50 illik yubileyləri qeyd olunub.
Mədəniyyət
siyasətində zəngin nailiyyətlər
Hesabat dövründə nazirlik tərəfindən
muzey işi, mədəniyyət-istirahət parkları, klub
işi, qeyri-maddi mədəni irs, o cümlədən
aşıq sənəti, xalq yaradıcılığı və
kulinariya mədəniyyəti sahəsində bir sıra tədbirlər
də həyata keçirilib. Sloveniyanın Novo-Qoritsa şəhərində
Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin
xatirə muzeyinin yaradılması, M.F. Axundzadənin 200 illik
yubileyi ilə əlaqədar geniş tədbirlərin
hazırlanması və görkəmli dramaturqun Şəki
şəhərindəki ev-muzeyində əsaslı təmir
işlərinin başlanması, Heydər Əliyev Fondu tərəfindən
təşkil edilən «Azərbaycan dünən və bu
gün» adlı tədbir çərçivəsində
Parisdə UNESCO-nun iqamətgahında SSRİ Xalq rəssamı
Tahir Salahovun əsərlərindən ibarət və Azərbaycan
xalça sənətinə həsr edilmiş sərginin təşkili
ilin mühüm tədbirlərindəndir: “Bu il ilk dəfə
olaraq Avstriyanın paytaxtı Vyanada “Azərbaycan: nar məkanı”
adlı tədbir keçirildi. Tədbir yüzlərlə
insanın diqqətini cəlb etdi ki, bu da ölkəmizin
tanıdılması baxımından olduqca vacib idi. Gələcəkdə
belə proqramları müxtəlif ölkələrdə
davam etdirmək niyyətindəyik».
Nazir hesabat dövründə
“2010-2014-cü illər üçün Xalq
Yaradıcılığı Paytaxtları” proqramı çərçivəsində
görülən işlərdən, “Azərbaycan doğma
diyar” devizi altında keçirilən Milli Azlıqların
İncəsənəti III Respublika Festivalından söz
açdı. Heydər Əliyev Sarayında Aşıq Ələsgərin
190 illik yubileyinin keçirilməsini əlamətdar hadisələr
sırasında qeyd etdi. Lənkəran və
İsmayıllıda “Şəhər (rayon) Mədəniyyət
Mərkəzlərinin yaradılması” pilot layihəsi isə
növbəti ildə mədəniyyət sahəsində
görüləcək əsas işlərdən olacaq.
Kitabxanalar vahid informasiya sahəsinə daxil olur
“Azərbaycan Respublikasında
kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə
inkişafı üzrə Dövlət Proqramı”nın
icrasına toxunan nazir Yevlax şəhər, Xocavənd,
Ağdam, Goranboy, Zəngilan, Göygöl, Xızı, Kəlbəcər,
Şabran, Laçın rayon MKS-lərinin veb-saytlarının
yaradıldığını, Tovuz, Quba, Salyan, Şabran,
Kürdəmir, Neftçala rayon MKS-lərinin elektron kataloqunun
oxucuların istifadəsinə verildiyini bildirdi. Bundan
başqa Gürcüstanın, Rusiyanın mərkəzi
kitabxanaları ilə proqramlar həyata keçirilir. Silsilə şəkildə kitab bayramları təşkil
olunur. Hazırda Turizm İnstitutunun və
Zaqatala rayon Mərkəzi kitabxanalarının
informasiyalaşdırılması sahəsində
hazırlıq işləri aparılır.
Bu il Heydər Əliyevin
anadan olmasının 88-ci ildönümü münasibəti
ilə respublikanın bütün şəhər və
rayonlarında IV Ümumrespublika Kitab Bayramı keçirilib.
Kitabxana rəhbərləri üçün kurslar təşkil
olunur: “Məqsəd odur ki, bizim kitabxanalarımız müasir
tələblərə cavab versin və elektron vasitələrlə
bütün dünyaya açıq bir məkan olsunlar. Gələn ildən nazirlik strukturuna daxil olan
bütün kitabxanaların vahid informasiya məkanına daxil
olmalarını təmin edəcəyik».
Kinomuzun beynəlxalq uğurları
Əbülfəs
Qarayev 2011-ci ildə kinematoqrafiya sahəsində də bir
sıra mühüm işlər görüldüyünü
bildirdi. «Nizami» kinoteatrının əsaslı təmir-bərpadan
sonra açılışı və bu müəssisənin
Kino Mərkəzinə çevrilməsi ictimaiyyət tərəfindən
rəğbətlə qarşılanıb: “Bu il kino sahəsində
böyük nailiyyətlərimiz oldu. Çoxlu
mükafatlar almaqla yanaşı, yeni filmlər çəkdik.
Bu sahədə beynəlxalq əlaqələr də
genişləndi. Türkiyə və Rusiya
ilə birlikdə iki film lentə alındı. Digər ölkələrlə də müştərək
əlaqələrimiz davam edəcək. Filmlərimiz
beynəlxalq müsabiqələrdə çox böyük
nailiyyətlər əldə ediblər. Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə istehsal olunmuş
“Sahə” bədii filmində baş qəhrəmanın
uşaqlığı rolunda çəkilmiş Timur
Oduşev ABŞ-ın Los-Anceles şəhərində ”The
Young Artist Foundation” tərəfindən keçirilmiş 32-ci
“Gənc Hollivud Ulduzları” müsabiqəsinin qalibi elan edildi
və mükafata layiq görüldü”.
Bu il 64-cü
Beynəlxalq Kann kinofestivalında ilk dəfə olaraq Azərbaycan
pavilyonu da təşkil olundu. Festival qonaqlarının
iştirakı ilə “Filmland of Azerbaijan” multimedia kino bələdçisi,
milli kinomuzun tarixinə həsr edilmiş “Dövlət Film
Fondu təqdim edir” sənədli filmi, “Aktrisa” və “Sahə”
bədii filmləri nümayiş olundu.
İl ərzində
dövlət sifarişi ilə istehsal olunmuş bir neçə
bədii filmimiz beynəlxalq kinofestivallarda iştirak edib.
Gənc kinematoqrafçılarımızın çəkdikləri
qısametrajlı bədii filmlər Fransa, Çexiya,
Danimarka, ABŞ, Rusiya, Ukrayna, Latviya, Moldova, Bolqarıstan,
Makedoniya, Hindistan, Gürcüstan, Tatarıstan, Almaniya,
Türkiyə, Estoniya, Özbəkistan və İranda
keçirilən 25-dən artıq beynəlxalq kinofestivalda
nümayiş olunub.
Mədəni
irsimiz qorunur
Mədəni irs
tarixinə toxunan nazir əvvəlcə tarixi Xınalıq kəndində
görülən işlərdən danışdı. Sonra mədəni
irs sahəsində hazırlanan proqramlardan
söz açdı: “Tarix və mədəniyyət abidələrinin
qorunması haqqında” və “2012-2015-ci illərdə
daşınmaz tarix və mədəniyyət abidələrinin
bərpası və qorunması, tarix və mədəniyyət
qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi
və inkişafı üzrə Dövlət Proqramı”
hazırlandı. Məqsədimiz abidələrimizi
bərpa edib gələn qonaqları və öz sakinlərimizi
o abidələrə baxmağa dəvət etməkdir. Bu yaxınlarda cənab prezidentin iştirakı ilə
Qobustan Milli Tarix-Bədii Qoruğunda inşa olunan muzeyin
açılışı keçirildi”.
Bərpa olunan abidələrdən
danışan nazir bildirdi ki, “Şəki şəhərinin
sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair əlavə tədbirlər haqqında” ölkə
prezidentinin sərəncamına uyğun olaraq rayonda tarix və
mədəniyyət abidələrinin qorunması və
saxlanılması, eyni zamanda turizm infrastrukturunun
inkişafı məqsədilə tədbirlər planı
hazırlanıb. Cari ildə “Atəşgah məbədi”
Dövlət Tarix-Memarlıq Qoruğunun “Yanar dağ” abidəsi
ilə birlikdə, Naxçıvanda Yusif Küseyir oğlu,
Möminə Xatun, Gülüstan türbələrinin və
Qarabağlar Tarix Memarlıq Kompleksinin UNESCO-nun Dünya İrs
Siyahısına daxil edilməsi istiqamətində iş
aparılıb.
Qoruqlarla bağlı görülən
işlərdən də danışan nazir bildirdi ki,
onların sərhədlərinin və mühafizə
zonalarının müəyyən edilməsi və yeni xəritələrin
hazırlanması üçün nazirlik tərəfindən
xüsusi vəsait ayrılıb və Qobustan,
Keşikçidağ, Xınalıq, Qala, Kiş, Qəbələ,
Çıraqqala, Basqal, Lahıc qoruqlarının xəritələri
hazırlanıb. Gürcüstan-Azərbaycan
dövlət sərhədində yerləşən
Sınıq körpünün (Qırmızı
körpü) bərpası ilə bağlı müvafiq bərpa
və konservasiya layihələrinin hazırlanması məqsədilə
müştərək qrup yaradılıb.
Nəşriyyat,
reklamın təşkili və informasiya işi
Cari ildə nəşriyyat,
reklamın təşkili və informasiya sahəsində
görülən işlərdən danışan nazir
sentyabrda keçirilən II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının
bu sahədə ən böyük hadisə olduğunu bildirdi.
Bundan başqa nəşriyyatlarla çox ciddi işbirliyi
qurulub: «Biz bütün nəşriyyatları sərgilərə
cəlb edirik və onların da kitabları yavaş-yavaş
dünyaya yayılır. Minsk, Əbu-Dabi, London,
Frankfurt, İstanbul şəhərlərində keçirilən
sərgilərdə bizim kitablarımız təqdim olunub.
Mükafat alan nəşrlərimiz var. Bu
onu göstərir ki, Azərbaycanda bu sahədə işlərin
görülməsi böyük əhəmiyyət kəsb
edir».
Hesabat dövründə nazirliyin dəstəyi
ilə bir sıra nəşrlər işıq üzü
görüb: «Cari ildə nazirlik tərəfindən 40-a
yaxın nəşr layihəsi həyata keçirilib. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 50
illik yubileyi münasibətilə nazirlik tərəfindən nəfis
tərtibatla nəşr olunan “Vətənin İlhamı. Ömürdən reportaj” adlı kitab da ilin ən
uğurlu nəşrlərindən biridir. Müstəqilliyin
20 illiyinə həsr olunmuş “Vətənə sevgi çələngi”
kitabı maraqlı nəşrlərdəndir. 2011-ci il üçün “Qızıl Kəlmə” Ədəbi
Mükafatı müsabiqəsinə yekun vurulub. Eyni zamanda hesabat dövründə Azərbaycanın
görkəmli ədəbiyyat xadimlərinin yubileyləri ilə
bağlı bir sıra tədbirlər və təqdimat mərasimləri
keçirilib».
Elm və
təhsil sahəsində nailiyyətlər
Elm və təhsil sahəsində
görülən işlərə də toxunan nazir, əvvəlcə
2011-ci il ərzində Azərbaycan
Respublikası Nazirlər Kabinetinin “2009-2013-cü illər
üçün Azərbaycan Respublikasında Uşaq musiqi,
incəsənət və rəssamlıq məktəblərinin
fəaliyyətinin yaxşılaşdırılması
üzrə İnkişaf Proqramı”na əsasən
görülən işlərdən danışdı. Qeyd
olundu ki, il ərzində yeniyetmə
istedadlarımız beynəlxalq müsabiqələrdə
iştirak ediblər. Uşaq musiqi, incəsənət və rəssamlıq
məktəblərinin müəllim və şagirdləri
Türkiyənin İstanbul və Ədirnə, Rusiya
Federasiyasının Moskva və Omsk, Estoniyanın Rakvere,
Çexiyanın Lidise, Macarıstanın Balatonfüred,
Litvanın Vilnüs, Avstriyanın Vyana şəhərlərində
keçirilmiş tədbir və müsabiqələrdə
böyük uğurlar qazanıblar. Bu il həmçinin Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin bərpasının
iyirminci ildönümünə həsr olunmuş Uşaq
musiqi və incəsənət məktəbləri şagirdlərinin
nəfəsli və zərb alətləri üzrə II respublika
müsabiqəsi, Uşaq xor kollektivlərinin VII respublika
müsabiqəsi, Uşaq rəqs kollektivlərinin respublika
müsabiqəsi, uşaq və yeniyetmələrin rəsm və
əl işlərindən ibarət “Müstəqil Azərbaycanım”
adlı respublika müsabiqəsi keçirilib. Nazir
uşaq simfonik orkestrinin fəaliyyətinin gücləndirilməsinə
də böyük ehtiyac olduğunu bildirdi.
Beynəlxalq
əlaqələr və mədəniyyət proqramları
genişləndirilir
Nazir bildirdi ki, 2011-ci il ərzində
ölkəmiz üçün ən yaddaqalan beynəlxalq mədəni
hadisə məhz ölkə prezidentinin təşəbbüsü
və himayəsi ilə aprel ayının 7-dən 9-dək
Bakıda təşkil edilən Dünya Mədəniyyətlərarası
Dialoq Forumu olub: «Bu, dünyada yeganə beynəlxalq tədbirdir
ki, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı,
Avropa Şurası, İSESCO, Avropa Şurasının
Şimal-Cənub Mərkəzi kimi nüfuzlu beynəlxalq
qurumlar onun təşkilində həm əməkdaşlıq
edir, həm də Azərbaycanın tərəfdaşı
kimi çıxış edir. Forumda 102 ölkənin
nümayəndələri, 10-dan çox beynəlxalq qurumun rəhbər
şəxsləri, 20-yə yaxın nazir, dünyanın
nüfuzlu beyin mərkəzlərinin və media
qurumlarının təmsilçiləri, ümumilikdə
bütün qitələrdən olan 500-ə yaxın xarici
nümayəndə iştirak etdi. Forumun
iki ildən bir Bakıda keçirilməsi və əlaqələndirici
qurum kimi Mədəniyyət və Turizm Nazirliyinin müəyyən
edilməsi barədə cənab prezidentin sərəncamı
ölkəmizin bu sahədə qlobal mərkəzə
çevrilməsinə daha da böyük imkanlar
açır».
Əbülfəs Qarayev hesabat
dövründə Azərbaycan mədəniyyəti və
turizminin beynəlxalq aləmdə təbliğinin genişləndirilməsi,
ikitərəfli və çoxtərəfli əlaqələrin
inkişaf etdirilməsi istiqamətində digər
mühüm layihələrin də həyata keçirildiyini
diqqətə çatdıraraq, bu sahədə ölkənin
birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə
Heydər Əliyev Fondunun keçirdiyi tədbirlərin önəmini
vurğuladı, nazirliyin bundan sonra da Fondla birgə işləyəcəyini
dedi.
* * *
İclasda digər
şöbələrin fəaliyyətindən də
danışıldı. İnvestisiya və
texniki proqramlar sahəsində görülən işlərdən
söz açan nazir bildirdi ki, cari ildə mədəniyyət
və turizm obyektlərinin tikintisi, təmir-bərpası və
yenidən qurulması ilə əlaqədar bir sıra
mühüm tədbirlər həyata keçirilib.
Dövlət Akademik Milli Dram Teatrının binasında əlavə
təmir-yenidənqurma işləri, Azərbaycan
Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət
Muzeyində, Azərbaycan Dövlət İncəsənət
Muzeyinin keçid korpusunda tikinti, ”Şahdağ” Qış-Yay
Turizm Kompleksinin birinci mərhələsi üzrə tikinti, Azərbaycan
Dövlət Musiqili Komediya Teatrının binasında yenidənqurma
və s. işlər davam etdirilib.
Regionlarla iş sahəsində
görülən işlər də zəngin olub. İl ərzində
bölgələrdə folklor kollektivlərinin respublika
baxış-müsabiqəsi, milli musiqi alətləri
ifaçılarının V respublika müsabiqəsi, rəssamların
səyyar yaradıcılıq emalatxanası, bədii-özfəaliyyət
kollektivlərinin çıxışları və s. tədbirlər
keçirilib.
Mədəniyyət və turizm sahəsində
dövlət kadr siyasətinin həyata keçirilməsi
istiqamətində kadrlar şöbəsi tərəfindən
«Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası
Qanununun, «Azərbaycan Respublikasının Dövlət Qulluqçularının
Reyestrinin aparılması Qaydaları»nın
və bu məsələyə aid digər normativ-hüquqi
aktların icrası ilə bağlı zəruri işlər
görülüb.
Hesabatda Maliyyə-iqtisadiyyat,
Analitik təhlil və proqram təminatı şöbələrinin
fəaliyyətindən də söz açıldı.
Nazirliyin kütləvi
informasiya vasitələri ilə əməkdaşlığından
danışan Əbülfəs Qarayev “Mədəniyyət” qəzetinin
fəaliyyətini xüsusi qeyd etdi.
* * *
Dekabrın 28-də axşam
Dövlət Mahnı Teatrında 31 Dekabr - Dünya Azərbaycanlılarının
Həmrəylik Günü və Yeni il
münasibətilə Mədəniyyət və Turizm
Nazirliyinin kollektivi bayram tədbiri keçirdi.
Mehparə
Mədəniyyət.-
2011.-30 dekabr.- S. 3-4.