Gördüyümüz işlərin cəmiyyətə çatdırılmasında mətbuatın müstəsna rolu var

 

    Dekabrın 28-də mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev nazirliyin mətbu orqanlarının kollektivləri ilə görüşdü. Redaksiyaları gəzərək yaradıcı və texniki heyətlə tanış olan V.Əliyev işçilər üçün yaradılan şəraitin qənaətbəxş olduğunu dedi.

  

   «Mədəniyyət» qəzeti, «Mədəni həyat» və «Pəncərə» jurnallarının əməkdaşlarını qarşıdan gələn yeni il münasibətilə təbrik edən nazir müavini onlara yeni yaradıcılıq uğurları arzuladı. O, Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyətinin, eləcə də ölkədə mədəniyyət və turizm sahəsində yeniliklərin geniş ictimaiyyətə çatdırılmasında kütləvi informasiya vasitələrinin rolunun əvəzsiz olduğunu dedi.

   Vaqif Əliyev 2011-ci ili müstəqilliyinin bərpasının 20 illiyini qeyd edən ölkəmizin həyatında uğurlu il kimi dəyərləndirdi:

   - 20 il zaman baxımından qısa müddət olsa da, ilk müstəqil dövləti cəmi 23 ay yaşamış bir xalq üçün böyük tarixdir. Çünki biz bu illər ərzində müstəqilliyimizi qoruyub, möhkəmləndirə bildik və hər ötən il dövlətimizin hərtərəfli inkişafına nail oluruq. Bu il mədəniyyət və turizm sahəsində də bir çox işlər görüldü. Bu il cənab prezident tərəfindən ölkəmizdə «Turizm ili» elan olundubununla bağlı çoxsaylı tədbirlər keçirildi. Respublikada turizmin inkişafına nail olmaq üçün verilən bu sərəncam əlbəttə ki, xüsusən bizim üçün çox önəmlidir. Turizm geniş bir sahədir və özündə bir çox sahələri birləşdirir. Ona görə də ölkədə buya digər sahədəki inkişaf bilavasitə olmasa da, turizmin inkişafına çox böyük təkan verir. Bu mənada Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyətində də səmərəli və faydalı il oldu. İlin yekunlarına nəzər saldıqda çox böyük layihələr, mədəni aksiyalar, beynəlxalq konfranslar, irimiqyaslı musiqi və incəsənət tədbirlərini uğurla həyata keçirdiyimizi görürük.

   Bu il Dünya Mədəniyyətlərarası Dialoq Forumunun ölkəmizdə keçirilməsi və Azərbaycana 5 qitədən qonaqların gəlməsi, bu faktların istər yerli və istərsə də dünya KİV-ində yer alması bizim üçün böyük uğurdur. Dilindən, dinindən, irqindən asılı olmayaraq dünya insanlarını dialoqa səsləyən bu tədbirin Mədəniyyət və Turizm Nazirliyinin xəttilə təşkili dünyanın diqqətini ölkəmizə yönəltdi. İl ərzində bir çox tədbirlər, festival və konsertlər keçirildi. Xarici ölkələrdə Azərbaycan mədəniyyəti günləri təşkil edildi, kino nümunələrimiz beynəlxalq festivallarda uğurla təmsil olundu. Digər incəsənət növlərinin təmsilçiləri ölkəmizi onun hüdudlarından kənarda böyük uğurla təmsil edərək mükafatlar qazandılar. Bütün bu sadalananlar ümumilikdə mədəniyyətimizin inkişafına xidmət edir.

   Təbii ki, bütün bu tədbirlərin işıqlandırılması və operativ, dəqiqliklə oxuculara çatdırılmasında mətbuat işçilərinin əməyi xüsusi qeyd olunmalıdır. Çünki bu gün informasiyanı əldə etmək və operativ surətdə onu insanlara çatdırmaq vacib işdir. Biz yüzlərlə tədbir keçirə və onun miqyasını da genişləndirə bilərik. Amma o informasiya olaraq kütləviləşdirilməzsə, ciddi nəticəsi də olmaz. Bu mənada gördüyümüz işlərin cəmiyyətə çatdırılmasında mətbuatın müstəsna rolu var».

   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin adından kollektivləri təbrik edən Vaqif Əliyev hər üç redaksiyanın əməkdaşlarına mükafatlar təqdim etdi.

   Sonda redaksiyaların rəhbərləri diqqətə və xoş sözlərə görə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə təşəkkürlərini bildirdilər.  

 

 

   H.Rüstəmova

 

   Mədəniyyət.- 2011.- 30 dekabr.- S. 4.