Üfüqü ötənlər” sənədli filminə baxış

 

   Dekabrın 29-da Dövlət Film Fondunda rejissor Şamil Nəcəfzadənin “Üfüqü ötənlər” tammetrajlı sənədli filminə baxış keçirildi.

  

   İki hissədən ibarət film 60-70-ci illərdə parlamış beş avanqard rəssamın - Mir Cavad, Tofiq Cavadov, Əşrəf Murad, Rasim Babayev və Qorxmaz Əfəndiyevin həyat və yaradıcılığından bəhs edir. Rejissor Şamil Nəcəfzadə ilk ali təhsilinin rəssamlıq olduğunu deyərək mövzunu rahatlıqla işlədiyini bildirdi: “Bu, rəssamlıq haqqında ikinci filmimdir. “Üfüqü ötənlər” filmində haqqında danışılan 5 rəssam onu sübut etməyə çalışır ki, bu sənət əsərlərini yaratmağa onların haqqı var. Buradakı rəssamlar siyasi ideologiyadan uzaqdırlar. Daha çox sufilərin həyat tərzinə yaxın harmoniya və sakitlik içərisində öz ideyaları ilə yaşayırlar”.

   Filmin ssenari müəllifi sənətşünas Sara Oğuz Nəzirova, operatoru Nizami Abbasdır.

   Filmin avanqard rəssamların yaradıcılığından bəhs etməsinə baxmayaraq klassik üslubda çəkilib. Ekran əsərində Qara Qarayev, Fikrət Əmirov, Oqtay Zülfüqarov və digər bəstəkarların musiqilərindən istifadə edilib. Film faciəvi və daha çox pessimist çalarla zəngindir. Adları çəkilən 5 rəssamdan 4-ü (Rasim Babayev istisna olmaqla) ömrünü faciəvi şəkildə başa vurub.

   Filmdə xronikal kadrlar və fotoşəkillərdən geniş istifadə olunub. Bəzi məqamlarda rəssamların iş prosesi bədii həllini tapıb. Daha çox filmdəki rəssamların hansı üslubda və şəraitdə işlədiyi qabardılır, əsərlərindəki obrazlar, xarakterlər önə çəkilir. Filmdə informativ məlumat sənətşünas Sara Oğuz Nəzirovanın xatirələri əsasındadır.   

 

 

   Reyhan

 

  Mədəniyyət.- 2011.- 30 dekabr.- S. 2.