Aşıq - sazbənd - müəllim

 

   Aşıq sənəti, müəllimlik, sazbəndlik. Üç sənəti eyni vaxtda yaşadan aşıq İmaməlini başqalarından fərqləndirən əsas cəhət qədim saz sənətinin sirlərini, sazbəndlik peşəsinin incəliklərini XXI əsrdə sevə-sevə təbliğ edib yaşatmasıdır.

  

   Aşıq İmaməli Borçalı mahalının (Gürcüstanın Bolnisi rayonu) söz-sənət ocağı olan Kəpənəkçi kəndində dünyaya gəlib. Özü demişkən, gözünü açanda evlərində saz görüb. Axı o tərəflərdə hər evdə saz olur. Atası peşəkar saz ifaçısı olmasa da, yaxşı saz çalar, üstəlik saz sənətin sirlərini qonum-qonşunun uşaqlarına da öyrədərdi: “Altı yaşım vardı. Bir gün atam şagirdinə dərs deyirdi. Nə qədər gülləri versə də, uşaq götürə bilmirdi. Axırda səbrim çatmadı, dedim öyrən də, niyə öyrənmirsən. Atam şagirdinin tərəfini saxladı, “asandı, sən gəl dediklərimi təkrar elə” - dedi. İnadçılıqla “eləyərəm” - dedim. İlk dəfə əlimə saz aldım. Atam necə deyirdi, mən də gülü elə götürürdüm”.

  

   “Köhnə Naxçıvani” havasının güllərini alan İmaməli o gündən sazdan ayrılmır. Qarşıda isə onu hələ çox sınaqlar gözləyirdi...

  

   “11 yaşım olanda əmim qızına nişan gəlmişdi. Biz tərəfdə aşıq dəbdədir, xudmani məclislərdə mütləq aşıq olar. Əmimgil də əvvəlcədən aşığa sifariş göndərmişdilər ki, filan vaxtı bizim məclisimizə gələrsən. Amma o, xəbər göndərdi ki, gələ bilməyəcək, xəstələnib. Əmim hisləndi, evdə qab-qaba, qazan-qazana dəydi. Bir ucdan deyirdi ki, niyə görə mənim xeyir işimdə aşıq olmasın? Atama dedi, məclisi sən yola ver, atam da and-aman elədi ki, xeyli vaxtdır sazdan uzaqlaşmışam, çalıb-oxumuram. Söhbətin bu yerində əmim yaxamdan tutub dedi ki, get sazını gətir.

   Əmimin sözündən çıxa bilməzdim. Sazımı götürüb girdim məclisə. Atam dedi ki, hörmətli camaat, eloğlular, uşaqdır, çox sıxmayın, üzrlü hesab edin ki, aşığımız xəstədir, gələ bilməyib. Neçə hava bilirdimsə, dalbadal oxumağa başladım. Məclisi belə yola verdik. Dedilər ki, 70 nəfərlik məclisi 11 yaşında uşaq yola veribsə, elə aşıqdır ki, aşıqdır. O gündən məni “aşıq” - deyə çağırdılar.

  

   Müəllim

  

   Hər kəsin bir taleyi var. Onu yazan yazır. İmaməli də öz taleyini özü yazmır, sadəcə yazılanları yaşayırdı...

   - Onda vur-tut 13 yaşım vardı. Yayın isti günlərinin birində qapımızdakı tut ağacının kölgəsində oturub saz çalırdım. Uzaq qohumlarından biri bizə qonaq gəlmişdi. Qohumumuz qəfildən dedi ki, ay Allah, mənim qızım da saz çala biləydi, qapımda qurban kəsərdim. Atam dedi, uşağı gətir İmaməli öyrətsin. Uşağı gətirdilər, ilk şagirdim 9 yaşlı o qız oldu. Üç havanı öyrənib çalandan sonra, qonşular uşaqlarını yanıma gətirdilər ki, onlara da sazda ifa etməyi öyrədim. Belə-belə 13 yaşında yazdan-payıza qədər 18 nəfər uşağa saz çalmağı öyrətdim. Bu da mənim üçün yeni bir addım oldu. Oldum müəllim.

   İllər sonra o ətraf kəndlərdə neçə-neçə şagirdə qədim saz sənətinin sirrini öyrədəcəkdi. Deyir ki, ara-sıra başqa bir sənət dalınca getməyi fikirləşsəm də, xalqın deyimindən çıxa bilmədim. Hamı mənə aşıq deyirdi. Saz məni tez böyütdü.

  

   Sazbənd

  

   18 yaşında artıq 32 nəfər tələbəsi olan İmaməli elə bu yaşda da qəti qərara gəlir ki, sənətinin sirlərini kamil bilmək üçün ustaddan dərs almalıdır. Bu məqsədlə də aşıq Kamandarın yanında 8 ay dərs alır, onunla birlikdə məclislər yola salır, axırda ustad Kamandar “a bala, day sərbəstsən” - deyib şagirdinə ustad şilləsi vurur. Özünə inanan və güvənən bir aşıq kimi İmaməlinin səsi-sorağı tezliklə hər tərəfə yayılır.

   “Yay ayları biz tərəfdə toy az olur. Ona görə də, yay ayları dərs keçirdim, hər şagirdimə sazı özüm seçib alırdım. Elə sazbəndlər var ki, onların sazdan xəbəri yox idi. Ona görə də, bu qərara gəldim ki, sazı özüm düzəldim. Usta yanında 6 aya sazbəndliyi öyrəndim. 9 ildir bu sənətlə məşğul oluram. Düzəltdiyim sazlar həm keyfiyyətinə, həm də dizaynına, həm səsinə görə fərqlənir”.

   Sazbənd İmaməli sazın bütün incəliklərinə bələd olduğundan düzəltdiyi saza da bu incəliklə yanaşır. Deyir ki, sazı tut ağacından düzəldirik. Ən ağır sazın çəkisi 1 kilo 300 qram olur. Sazbəndlik elə bir sənətdir ki, zərgər işindən də çətin işdir. Çünki saz insanın demədiyi sözləri deyə bilir.

   Aşıq, sazbənd, müəllim İmaməli deyir ki, cavanlığından sənətlə qaynayıb-qarışıb: ”30 yaşım var. 30 ilin hər 10 illiyinə mənə sənətin bir payı düşüb. Aşıq sənəti, müəllimlik, sazbəndlik. Bunların üçünü də eyni vaxtda paralel daşıyıram. Bu günə kimi 300-ə yaxın tələbəm olub, elə tələbələrim var ki, onlar mən qədər saz çalırlar. 9 ildə 3-4 min saz düzəltmişəm.

   4 ildir ki, Bakı şəhərində yaşayan Aşıq İmaməlinin indi xeyli tələbəsi var. İmaməli tələbələrinə sazın sirlərini öyrətməklə yanaşı, ustad aşıqların həyatından və yaradıcılığından, saz havalarının yaranma tarixindən yetərincə məlumatlar verir.

   Soruşuram ki, bəs hansı saz havalarını daha çox sevirsiniz? Cavabı belə olur:

   Mən o havaları çox sevirəm ki, o havalar çox işlənməyən havalardır. “Mansırı”, “Qaraçı”, “Ağır şərili”.

   Söhbətimizin sonunda sənəti və arzuları barədə belə dedi:

   - Mənim üçün aşıq sənəti çox böyük bir sənətdir. İstəyərəm ki, özünü azərbaycanlı, türk sayan hər bir gənc sazı sevsin, öyrənsin, bu sənəti yaşatsın. Bizim sərvətimiz təkcə neft deyil, mədəni sərvətimiz ondan da qiymətlidir.

   

 

   Təranə Vahid

 

   Mədəniyyət.- 2011.- 2 fevral.- S. 15.