"Həpsi
rəngdir"
31
yanvar məşhur satirik şair Səməd Mənsurun
doğum günü idi
Yanvarın
31-i Azərbaycanın tanınmış satirik şairi Səməd
Mənsurun anadan olmasının 132-ci ildönümü idi. O,
bütün ömrünü xalqına xidmət edən, onun
maariflənməsi yolunda çalışan ədib, naşir,
dövrünün məşhur ziyalılarından biri olub. Milli
teatr, mətbuat, ədəbiyyat tariximizdə bu şəxsiyyətin
böyük xidmətləri var. Amma sovet dövründə
onun adı uzun illər unudulub. Çünki
yaratdığı əsərlər sovet ideologiyasına, onun
ədəbi postulatlarına tamamilə tərs idi.
Səməd Mənsur (Səməd
Hacı Əhməd oğlu Kazımov) 1879-cu il yanvarın 31-də
Bakının Əmircan qəsəbəsində anadan olub. İlk
təhsilini Bakıdakı rus-müsəlman məktəbində
alıb, sonralar davamlı mütaliə ilə biliyini
artırıb. Ədəbiyyata olan marağı onu Bakıda fəaliyyət
göstərən “Məcməüş-şüara"
adlı ədəbi məclisə gətirib. O burada Əliabbas
Müznib, Mirzə Əbdülxalıq Yusif, Əliağa Vahid
kimi sənətkarlarla tanış olub. Bakı şairləri
ilə uğurlu şeir deyişmələri ona böyük
şöhrət gətirib. Elə "Mənsur" təxəllüsünə
də burada qazandığı müvəffəqiyyətlərə
görə layiq görülüb.
Səməd Mənsurun milli teatr
tariximizin inkişafında da xidmətləri olub. O, 1907-ci ildə
Bakıda təsis edilən "Səfa" cəmiyyətinin
üzvü olub, cəmiyyətin teatr işlərində fəal
iştirak edib.
1905-ci ildən sonra şeirləri
ilə mətbuatda çıxış edib, 1918-ci ildə
"Şeypur" jurnalında baş mühərrir olub,
"Molla Nəsrəddin" jurnalında ədəbi
parçalar, "Bəsirət" və "Tuti"də
şeirlər çap etdirib, xırda pyeslər yazıb.
Şairin ədəbi fəaliyyəti
iki xətt üzrə davam edib: satira və romantika. Satirik
şeirlərində şair Sabir yolunu tutaraq ictimai xəstəlikləri,
köhnəliyi qamçılamağa çalışıb.
"İçkilər, oflar", "Ey həkim",
"Qarabağlı", "Qələmim" belə
şeirlərdəndir. O, qəzəl ədəbiyyatında zəriflik,
incəlik üçün işlədilən təşbeh və
sifətləri həcv şeirinə salmaqla satiranın məlahətini
bir qədər də artırıb. "Həpsi rəngdir"
adlı müxəmməsi sağlığında dillər əzbərinə
çevrilib:
Uyma, ey dil, xəlqdə yoxdur sədaqət,
rəngdir.
Məscidü meyxanə rəng,
eyşü ibadət rəngdir,
Mey riya, məşuqə ğəşş,
hüsnü vəcahət rəngdir,
Rəngdir hər dürlü matəm,
hər məsərrət rəngdir,
Anla, ey əbnayi-xilqət, cümlə
xilqət rəngdir.
Şəməd Mənsur 1927-ci il
yanvarın 3-də Bakıda vəfat edib. Prezident İlham Əliyevin
27 avqust 2008-ci il tarixli sərəncamı ilə Səməd
Mənsurun xatirəsi əbədiləşdirilib, şairin
yaşadığı binaya (Əmircan qəsəbəsi,
Cabir Əliyev küçəsi, 15) xatirə lövhəsi
vurulub.
Mədəniyyət.-
2011.- 2 fevral.- S. 14.