Müstəqil kino şirkətləri nə iş görürlər?

 

   Kinonun inkişafı üçün dövlət xətti ilə həyata keçirilən tədbirləri, imzalanan proqram və sərəncamlar böyük əhəmiyyət kəsb etməklə yanaşı, müstəqil kino şirkətlərinin, prodüser mərkəzlərinin də rolu danılmazdır. Bu gün ölkəmizdə quru adı olub heç bir fəaliyyət göstərməyən kino prodakşn şirkətləri ilə bərabər, ciddi işlər görən, müxtəlif kino layihələri hazırlayaraq gəncləri ora cəlb edən prodüser mərkəzləri də var. Onlardan bəziləri ilə əlaqə saxlayıb son ildə görülən işlər ilə tanış olduq.

  

  

   İlqar Nəcəf (Rejissor, “Butafilm” prodüser mərkəzinin rəhbəri):

  

   2010-cu il bizim üçün uğurlu il oldu. Həm tammetrajlı bədii, həm də sənədli film çəkdik. Şirkətimiz məhz “Buta” filmini ərsəyə gətirmək üçün yaranmışdı. 2010-cu ilin sonunda biz bu filmi təhvil verdik. Film “Azərbaycanfilm” kinostudiyasının və “Butafilm” kinoşirkətinin birgə istehsalıdır. Filmin quruluşçu rejissoru İlqar Nəcəf, ssenari müəllifləri İlqar Nəcəf və Ramiz Fətəliyev, operatoru Georgi Beridzedir. Bəstəkarı Cavanşir Quliyev, baş rolun ifaçısı isə Xalq artisti Rafiq Əzimovdur. Filmin festivallara göndərilməsi nəzərdə tutulur.

   “Butafilm”də çəkilən digər bir ekran əsəri isə məşhur geoloq, professor Eyyub Tağıyevə həsr olunmuş sənədli filmdir. O uzun müddət Rusiyada fəaliyyət göstərdiyi üçün bir qədər unudulub. Bu filmi çəkməklə həm də onu xatırlamış olmuşuq. Eyyub Tağıyev boru üsulu ilə neft çıxarmanın banisidir. Hindistan və Braziliyada yeni neft yataqlarını kəşf etmiş insandır. “Neftlə çəkilmiş portret” filminin rejissoru Əli İsa Cabbarov, ssenari müəllifləri mərhum jurnalist Azad Şərif və Füzuli Sabiroğlu, bəstəkarı Salman Qəmbəroğludur. Filmin çəkilişləri Azərbaycan, Rusiya və Hindistanda aparılıb. Bundan başqa, 2010-cu ildə biz eksperimental müəllif kinosu da işlədik. Yazıçı Aleksandr Xakimov haqqında çəkilən filmin ssenari müəllifi və rejissoru Teymur Daimidir. 2011-ci ilin 1-ci yarısında film tamamlanacaq. Fəaliyyətimizdə gənc rejissorlara böyük önəm veririk. Xüsusilə gənc rejissor Asif Rüstəmovla bağlı həyata keçiriləcək planlar var.

  

   Kamran Qasımov (“Bakıfilm” studiyasının direktor müavini):

  

   Ötən il müxtəlif yeni layihələr üzərində işlədik. Bu layihələrdən biri Qarabağ müharibəsində dörd dostun şücaətindən bəhs edən, inam, iman kimi vacib mövzulara toxunan "Yaddaş" tammetrajlı bədii televiziya filmidir. Film bu yaxınlarda tamaşaçılara təqdim olunub. Bununla yanaşı “Bakıfilm” kinostudiyasında fəza tipli kinoteatr üçün filmlərin dublyajı prosesinə başlanıb. Bakıda istifadəyə verilməsi nəzərdə tutulan bu kinoteatrın əsas xüsusiyyəti ondan ibarətdir ki, burada tamaşaçılar filmlərə adi kinoteatrdakı kimi geniş ekranda deyil, günbəzvari, daha çox rəsədxananı xatırladan tavanında baxmaq imkanı əldə edəcəklər. İlkin olaraq "Bakıfilm" kinostudiyasında "Həyatın başlanğıcı", "İnfiniti ekspress" sənədli filmləri Azərbaycan dilinə dublyaj edilib. Yəqin ki, tamaşaçıların çoxu mühasib Fantossinin sərgüzəştlərindən bəhs edən italyan kinokomediyasını vaxtilə ekranlardan izləyib. Məşhur İtalyan aktyoru və yazarı Paulo Vilacconun eyniadlı kitabının motivləri əsasında lentə alınan və elə özünün də baş rolu ifa etdiyi bu film dünyanın yüzdən artıq ölkəsində, həmçinin keçmiş SSRİ-də məşhur olub. İndi isə "Fantossi" əcnəbi deyil, doğma dildə danışır. "ANS" TV-nin efirində əfsanəvi kinokomediya hesab edilən "Fantossi" çoxseriyalı bədii filmi nümayiş olunur. Ekran əsəri "Bakıfilm" kinostudiyasında Nəcibə Hüseynova, Allahverdi Yolçuyev və Abbas Qəhrəmanov tərəfindən səsləndirilib.

   Həmçinin ötən il “Bakıfilm” studiyası görkəmli Azərbaycan şairi Rəsul Rzanın anadan olmasının 100 illyi münasibətilə onun ən məşhur şeirlərindən ibarət audio toplu hazırlayıb. Şeirləri Xalq artisti Əminə Yusifqızı ifa edir. Toplu "ANS-ÇM" Radio Yayım və Media Şirkətinin sifarişi ilə hazırlanıb.

  

   Faiq Kazımov (Azərbaycan Beynəlxalq Kinoşirkətinin yayım üzrə koordinatoru):

  

   Azərbaycan Beynəlxalq Kinoşirkəti 1998-ci ildə yaradılıb. Şirkət Azərbaycan-Britaniya birgə müəssisəsi olub dünyaca nəhəng Paramount, Universal Pictures, DreamWorks, Warner Bros, Columbia Tristar, Buena Vista, Walt Disney, 20 Century Fox, MGM və digər müstəqil kinostudiyaların ölkəmizdə rəsmi distribütorudur. “Azərbaycan Beynəlxalq Kinoşirkətinə daxil olan “Azərbaycan” kinoteatrında dünya kinoprokatında liderlik edən bütün yeni filmlər nümayiş olunur. Filmlər Dolby Digital - müasir səs sistemində və yüksək keyfiyyətlə nümayiş olunur. Kinoteatrın hər üç zalında 3D filmlərin nümayişi üçün rəqəmli proyektorlar qurmuşuq. Yaxın zamanda “Burlesk”, “Sanktum”, “Yaşıl arı”, “Cangüdən”, “Kim bilir...”, “7-ci küçədə qeyb olma”, “Böyük analar: Oğul atanın tayı”, “Mən dördüncüyəm”, “Dəlisov səfər”, “Dəyişkən reallıq”, “Qırmızı papaq” filmləri nümayişə başlayacaq”.

  

 

   Yeganə Cansail

 

   Mədəniyyət.- 2011.- 2 fevral.- S. 10.