Azərbaycan Helsinki sərgisində təmsil olunub
Finlandiyanın TV5 kanalında ölkəmizin turizm
imkanlarına həsr olunmuş veriliş nümayiş olunub
Yanvarın
20-dən 23-dək Finlandiyanın paytaxtı Helsinkidə
keçirilən “MATKA 2011” Beynəlxalq Turizm Sərgisində
ölkəmizi Mədəniyyət və Turizm Nazirliyi Turizm
şöbəsinin Turizmin marketinq və təbliğatı
sektorunun məsləhətçisi Cəlil Məlikov təmsil
edib.
Onun sözlərinə görə,
Helsinki şəhərindəki “Mesukeskus” sərgi kompleksində
təşkil olunmuş sərgidə dünyanın 70-dən
artıq ölkəsindən turizm, səyahət və asudə
vaxtın təşkili işi sahəsində fəaliyyət
göstərən 1200-dən çox hökumət nümayəndələri
və özəl şirkətlər iştirak ediblər: «Bu,
Skandinaviya ölkələrində keçirilən ən
böyük turizm sərgisi hesab olunur. Bu il sərgini ziyarət
edən 84 min nəfərin arasında 13 min nəfər turizm
sahəsi üzrə peşəkar təmsilçi vardı».
C.Məlikovun dediyinə görə,
Azərbaycanın lövhəsini ziyarət edən yerli və
xarici turizm şirkətlərinə ölkəmiz haqqında
geniş məlumat verilib, onlara respublikanın turizm
potensialını təbliğ edən ingilis dilində
müxtəlif reklam-çap məhsulları təqdim edilib. Eyni
zamanda sərgi zamanı Azərbaycanın turizm
potensialını əks etdirən film və reklam
çarxları da nümayiş etdirilib. Ümumiyyətlə
isə Azərbaycan lövhəsi ziyarətçilərdə
böyük maraq doğurub. Turizm şirkətləri Azərbaycana
turist qruplarının gətirilməsində maraqlı
olduqlarını bildiriblər.
Sərgidə ölkəmizi təmsil
edən Azərbaycan Turizm Assosiasiyasının, “Xəzər
Travel”, “İntour” və “Geo Travel” turizm şirkətlərinin
nümayəndələri Finlandiyanın və digər xarici
ölkələrin turizm şirkətləri ilə turist
mübadiləsinə dair danışıqlar aparıblar.
Nazirlik təmsilçisi bildirdi ki,
sərginin açılış günü Finlandiyanın
TV5 kanalının səhər proqramında Azərbaycana həsr
olunmuş veriliş efirə verilib: “Verilişdə Helsinkidə
Turizm İnstitutunda təhsil alan azərbaycanlı tələbə
fin dilində ölkəmiz haqqında məlumat verdi. Azərbaycanın
turizm potensialı, 2011-ci ilin ölkəmizdə «Turizm ili» elan
olunduğu, bu il ərzində keçirilməsi nəzərdə
tutulan beynəlxalq tədbirlər, açılışı
nəzərdə tutulan dünyada tanınmış brend
mehmanxanalar haqqında ətraflı məlumatlar yer aldı. Həmin
məlumatlar Azərbaycanın görməli yerlərinin
fotoşəkilləri ilə müşayiət olundu. Onu da
qeyd edim ki, veriliş böyük əks-sədaya səbəb
olmuşdu. Çünki sonradan lövhəmizə
yaxınlaşan insanların əksəriyyəti
haqqımızda veriliş vasitəsilə məlumat
aldıqlarını deyirdilər”.
Bundan əlavə, C.Məlikov
Finlandiyanın rusdilli əhalisi üçün nəzərdə
tutulan “Sputnik” radiosunda da geniş müsahibə ilə
çıxış edərək Azərbaycan haqqında ətraflı
məlumat verib və Helsinkidə keçirilən “MATKA” sərgisində
ilk dəfə iştirak edən ölkənin təmsilçisi
kimi təəssüratlarını bölüşüb. Həmçinin
Finlandiyada dərc olunan “Helsinki Sanomat” və “Ilta Sanomat” qəzetlərində
Azərbaycanın turizm potensialı haqqında geniş məqalələr
dərc olunub, Helsinki şəhərinin mərkəzi “Pasilan”
kitabxanasına, Espoo şəhərinin mərkəzi
“Entressen” kitabxanasına Azərbaycanın turizm
imkanlarını əks etdirən 17 adda kitab təqdim edilib.
C.Məlikovun sözlərinə
görə, ümumilikdə “MATKA-2011” Beynəlxalq Turizm Sərgisinda
Azərbaycan turizminin təmsil olunması Skandinaviya ölkələrindən
olan turistlərin ölkəmizə marağının
artmasına və daha çox səyahətlər etməsinə
səbəb olacaq.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.-
2011.- 2 fevral.- S. 9.