Şəhərlər

 

   Bakıda gürcü rəssamın əsərləri sərgilənib

  

   Yanvarın 29-da Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində Mədəniyyət və Turizm Nazirliyinin və muzeyin birgə təşəbbüsü ilə Gürcüstan təsviri sənətinin görkəmli nümayəndəsi, rəssam Mamuka Tsetsxladzenin “Şəhərlər” adlı fərdi sərgisi açıldı.

     

   Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək xalqlarımız arasında dərin dostluq münasibətlərindən, oxşar mənəvi dəyərlərdən, ölkələrimizin mədəni əməkdaşlığının uğurlu nəticələrindən danışdı. Nazir müavini gürcü rəssamın Bakıda açılan fərdi sərgisinin müvəffəqiyyət qazanacağına, mədəni əlaqələrimizin dərinləşməsinə kömək edəcəyinə əminliyini bildirdı: “Bu cür sərgilərin keçirilməsini isə iki qonşu ölkə mədəniyyətlərinin yaxınlığına töhfə kimi qiymətləndirirəm”.

   Gürcüstanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Nikolas Qoqitidze xalqlarımızın səmimi dostluğunun başqa millətlər üçün nümunə olmasından, ölkələrimiz arasında ictimai-siyasi, mədəni əlaqələrin gündən-günə möhkəmlənməsindən danışdı.

   Dövlət İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev, Dövlət Rəssamlıq Akademiyasının prorektoru Səlxab Məmmədov, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov və digər çıxış edənlər Mamuka Tsetsxladzenin yaradıcılığından danışaraq sərginin keçirilməsindən məmnun olduqlarını diqqətə çatdırdılar.

   Rəssam Mamuka Tsetsxladze isə sonda çıxış edərək sərgini təşkil edənlərə dərin minnətdarlığını bildirdi. Həmçinin İncəsənət Muzeyinə heyran olduğunu xüsusilə vurğuladı: “Məncə, çox danışmağa lüzum yoxdur. Əsərlərim mənim yerimə danışacaq” - deyərək tamaşaçıları sərgi salonuna dəvət etdi.

   Azərbaycan tamaşaçısı Mamuka Tsetsxladzenin yaradıcılığı ilə 90-cı illərin ortalarından tanışdır. O, Azərbaycan, Almaniya, Fransa, Rusiya, Macarıstan, Estoniya və digər ölkələrdə bir çox beynəlxalq sərgilərin iştirakçısı olub. Onun yaratdığı əsərlər arasında şəhərlərin təsviri üstünlük təşkil edir: “Konstantinopol”, “Paris”, “Venesiya” və s. məşhur tabloları arasında “Köhnə Bakı” əsəri də xüsusi yer tutur.

   Azərbaycan Dövlət İncəsənət Muzeyində gürcü rəssamın ilk fərdi yaradıcılıq sərgisində 50-ə yaxın rəngkarlıq və qrafika nümunəsi tamaşaçılara təqdim olundu. Sərgi Gürcüstan Mədəniyyət, Abidələrin Mühafizəsi və İdman Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstandakı nümayəndəliyinin, ICOM (Beynəlxalq Muzeylər Komitəsi) Gürcüstan təşkilatının dəstəyi ilə keçirilir.

  

 

   Reyhan

 

   Mədəniyyət.- 2011.- 2 fevral.- S. 8.