Opera və Balet
Teatrında yeni tamaşa
«Şəhrizad» baletinin premyerası maraqla qarşılandı
«Min bir gecə»
Yaxın Şərq xalqlarının min illərdən
bəri yaratdıqları
və çoxsaylı
müəllif, tərcüməçi
və tədqiqatçılar
tərəfindən toplanmış
nağıllar toplusudur.
Gözəl şahzadə Şəhrizadın
əri şah Şəhriyara min bir gecə danışdığı
bu nağıllar bütün dünyada məşhurdur.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında
görkəmli rus bəstəkarı N.A.Rimski-Korsakovun
«Min bir gecə» nağıllarının motivləri
əsasında bəstələdiyi
«Şəhrizad» simfonik
süitası əsasında
eyniadlı baletin premyerası oldu.
N.Rimski-Korsakov bu əsəri
1888-ci ildə qələmə
alıb. Çox məşhur
olan bu əsər
dünyanın ən məşhur orkestrləri
tərəfindən ifa
olunur. «Şəhrizad»
ənənəvi klassik
xoreoqrafiya əsasında
1910-cu ildə Mixail Fokin tərəfindən səhnəyə qoyulub.
Balet həmin quruluşda Böyük Teatrda, Sankt-Peterburqun Marinski Teatrında və Kiyevdə Ukrayna Dövlət Opera və Balet Teatrında nümayiş olunub.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında
isə «Şəhrizad»
baleti klassik quruluşda Xalq artisti, Dövlət mükafatı laureatı Tamilla Şirəliyevanın
redaksiyasında səhnəyə
qoyulub. Əsas partiyanı balet
truppasının aparıcı
solisti, Əməkdar
artist, Prezident mükafatçısı
Kamilla Hüseynova ifa etdi. Bu rolun ikinci
ifaçısı isə
gənc balerina Elmira Mikayılovadır. Tamaşada digər
əsas partiyaların
ifaçıları əməkdar
artistlər, prezident mükafatçıları Gülağası
Mirzəyev və İslam İslamovdur.
Tamaşa ilə bağlı rəyini bölüşən
Tamilla Şirəliyeva
bildirdi ki, balet əlvan alınıb: «Musiqi də çox möhtəşəmdir. Hərəkətlər də yetərincə dinamikdir. Opera və Balet Teatrında da bu tamaşanın
səhnəyə qoyulması
üçün var qüvvəmizlə çalışdıq
və buna nail olduq. Mənə elə gəlir
ki, «Şəhrizad» baleti bu teatrda
çox yaşayacaq və tamaşaçılar
tərəfindən seviləcək».
Şəhrizad
rolunun ifaçısı
Kamilla Hüseynova: «Çox maraqlı və dramatik bir əsərdir. Həm də burada plastika var. Bu balet məni həm də gözəl dekorasiya və geyimləri ilə də cəlb edir. Düzdür, müəyyən çətinliyi də
var. Amma çox maraqlı hekayədir».
Gülər
Mədəniyyət.-
2011.- 2 fevral.- S. 7.