“Yuğ” teatrında premyera: “Tıq-tıq xanım”
Vidadi Həsənov: “Nağıllar
uşaqlar üçün deyil, böyüklər
üçün yazılır”
Dövlət
“Yuğ” Teatrının nəzdində yaradılmış
teatr studiyası ötən həftə ilk səhnə əsərini
tamaşaçılara təqdim etdi. Abdulla Şaiqin məşhur
«Tıq-tıq xanım» adlı nağılı əsasında
hazırlanmış səhnə əsərinə Vidadi Həsənov
quruluş verib.
Rejissor məşhur nağıl əsasında
teatrla-musiqinin vəhdətindən yaranan müzikl
hazırlayıb. Tamaşanın quruluşunda əsasən
«Tıq-tıq xanım» nağılına qeyri-ənənəvi
yanaşmaya cəhd edilib. Səhnə əsərinin rəssamı
Umay, musiqi tərtibatçısı Amid, rejissor assistenti Aytən
Məmmədovadır. Tamaşadakı personajlara gəlincə,
«Tıt-tıq xanım»ı Güney, «Siçan»ı Amid,
«Tülkü»nü Ruslan, «Çoban»ı isə Oqtay ifa etdi. İlahə,
Hikmət, Nigar və Əliağa isə
«Nağılçılar» qismində iştirak etdilər.
Tamaşada Azərbaycan xalq
mahnılarından rep, meyxanaya qədər musiqi növlərini,
həmçinin hind və digər əcnəbi rəqslər
daxil etməklə, müasir uşaqları bu tamaşaya daha
yaxın etməyə çalışdılar. Tamaşa boyu
həmçinin personajlar uşaqlarla ünsiyyət qurmağa
çalışaraq, onların bu nağılı nə qədər
yaxşı qavradıqlarını öyrənməyə
çalışdılar.
Tamaşanın müəllifi
bildirdi ki, yeni yaradılan studiya tezliklə inkişaf yolunu
tapacaq: «Ümumiyyətlə, studiya ənənəsi həmişə
teatr prosesi üçün təkanverici olub. Bu tamaşa
“Yuğ”un nəzdində yaradılmış teatr
studiyasının ilk tamaşasıdır. Bəlli olduğu
kimi, “Yuğ” teatrı da öncə teatr-studiya şəklində
fəaliyyətə başlayıb. Ümid edirik ki, yeni
yaradılmış bu teatr studiyası da gündən-günə
inkişaf edərək milli teatr prosesinə öz töhfəsini
verə biləcək. Studiyada Mədəniyyət və
İncəsənət Universitetinin tələbələri və
məzunları, müxtəlif teatrlarda çalışan 15
nəfərədək gənc aktyor toplaşıb. Bu
istedadlı gənclər yeni uğurlara imza atmaq əzmindədirlər».
Müəllifin fikrincə,
nağıllar əslində uşaqlar üçün deyil,
böyüklər üçün yazılır:
«Nağıllar uşaqlar üçün yox, böyüklər
üçün yazılır. Böyüklər isə
nağılları oxuyub uşaqlara təqdim edirlər. Bir
çox nağıllarımız, o cümlədən Abdulla
Şaiqin «Tıq-tıq xanım»ı uşaqlar
üçün olduğu kimi, böyüklər
üçün də ibrətamizdir.
Gülər
Mədəniyyət.-
2011.- 2 fevral.- S. 7.