Azərbaycanlı sənətçi
Budapeşt Opera və Balet Teatrının
bədii rəhbəridir
Azərbaycanlı balet ustası
Eldar Əliyev Budapeşt Opera və Balet Teatrının bədii
rəhbəri təyin olunub. Eldar Əliyev 1957-ci ildə
Bakıda doğulub. 1966-1975-ci illərdə Bakı Xoreoqrafiya
Məktəbində təhsil alıb. 1974-cü ildən Azərbaycan
Dövlət Opera və Balet Teatrında
çalışıb. 1975-ci ildə xoreoqrafiya məktəbləri
məzunlarının Leninqradda keçirilmiş V
Ümumittifaq müsabiqəsində 2-ci yeri tutub.
1979-1992-ci illərdə Leninqraddakı
(Sankt-Peterburq) Kirov Teatrının solisti olub, “Don Kixot”, “Məhəbbət
əfsanəsi”, “Korsar”, “Sonalar gölü” kimi klassik baletlərdə
aparıcı partiyaları ifa edib. 1988-ci ildə
Y.Qriqoroviçin dəvəti ilə Arif Məlikovun Moskvada -
Böyük Teatrın səhnəsində tamaşaya qoyulan “Məhəbbət
əfsanəsi” baletində Fərhad obrazını
canlandırıb, bundan sonra dünyanın 40-dan çox
teatrının səhnəsində çıxış edib.
1992-ci ildə “İndianapolice
Ballet Theatre”nin dəvəti ilə
ABŞ-a köçüb. 1994-cü
ildən “Ballet İnternasionale”
adlanan həmin truppanın rəhbəridir,
30-dan çox tamaşa
hazırlayıb. O, məsləhətçi,
xoreoqraf, baletmeyster kimi indiyədək
Buenos-Ayres, Sidney, Seul, Şanxay,
Pekin, Banqkok, Madrid,
Berlin, Ottava, Roma və
s. teatrlarında dünya
klassikasının bir
sıra nümunələrinin
tamaşaya qoyulmasında
iştirak edib.
2007-ci ildə Boston Balet Məktəbinin icraçı
direktoru təyin olunan Eldar Əliyev
müxtəlif illərdə
həm də dünyanın nüfuzlu balet müsabiqələrinin
münsiflər heyətinə
daxil edilib. Ötən il
Budapeşt Opera və
Balet Teatrına balet üzrə bədii məsləhətçi
vəzifəsinə dəvət
edilən həmyerlimiz
bu ilin yanvarında
teatrın bədii rəhbəri təyin edilib. Sənətkar Qara Qarayev və Fikrət Əmirov kimi Azərbaycan bəstəkarlarının
əsərlərini yeni
quruluşda macar tamaşaçılarına təqdim
etmək niyyətindədir.
Mədəniyyət.- 2011.-
2 fevral.- S. 5.