“Rəqəmsal
kino əsl kinonun yerini verə bilməz”
Vim
Venders: “Böyük ekranda kino üzləmək həm də
sosial həyəcan, yaşantıdır. İnanıram ki,
insanlar yenidən böyük kinoya qayıdacaqlar”
Avropa müəllif kinosunun intellektual nümayəndələrindən
biri alman Vim Venders (Wim Wenders) çox az rejissorlardandır ki,
onun yaradıcılığında qısametrajlı filmlər
indi də mühüm yer tutur. Venesiya və Kann
festivallarının mükafatçısı olmuş Venders
filmlərində (“Alisa şəhərlərdə”, “Saxta hərəkət”,
“Amerikalı dost”, “Berlin üzərindəki səma”,
“Zorakılığın sonu”, “Palermoda çəkiliş”)
insan qəlbini araşdırır. Vendersin yorğun, mənəvi
böhran keçirən qəhrəmanları həyatın
boşluğunda çırpınır, onu anlamaq istəyirlər.
Onun dünyaca məşhur alman rəqqasəsi Pina Bauşa həsr
etdiyi son müzikli 3D formatında bu ilin fevralında Berlin
kinofestivalında nümayiş olunacaq. Rejissorun bu yaxınlarda
Almaniyanın “Zeit” qəzetində verdiyi müsahibəni təqdim
edirik.
- Cənab Venders, kino XX əsrin ən
böyük kütləvi sənətlərindən biri idi.
Sizcə, XXI əsrdə də bu belədir?
- Mən inanıram ki, hətta bu
gün kino daha çox kütləvidir. XX əsrdə təsvir
çoxqatlı münasibətlərdə sözü üstələdi
və XXI əsr də təsvir dili əsridir.
- Uzun müddətdir ki, kinonun
öldüyünü deyirlər, amma o hələ ki, yaşayır.
Hərçənd rəqəmsal dünyada böyük kino həyəcanının
itirilmə təhlükəsi qalmaqdadır.
- Amma mən nikbinəm. Kino sənəti
səssiz filmdən başlayıb səsli, rəngli filmə,
stereoya qədər bir neçə böyük inqilab
yaşadı. Rəqəmsal kinoda hələ ki, böyük
inqilab baş verməyib. Düşünürəm ki, rəqəmsal
kino sənətdə özünün uyğun, dəqiq yerini
tapmayıb. Ümumilikdə isə, kino hələ öz
köhnə yerindədir. Artıq özünün məhsulları
olan rəqəmsal istehsalatın böyük gücü
yoxdur. Təbii ki, bu zaman məsələsidir. Zaman
keçdikcə o da dəyişəcək. Mən inanıram
ki, bu dəyişiklik həmçinin yeni imkanlar verəcək.
İndi filmlərə mobil telefonda da baxırlar. Arxayınam
ki, bu maraq da səngiyəcək. Artıq bir çox şeylərə
kiçik ekranlarda baxmaq olur. Məsələn, hər kəs
filmi təyyarədə izləyir. Amma başqaları ilə
birgə izlədiyin böyük ekran həyəcanını
heç nə ilə əvəz etmək olmaz. Həm də
ona görə ki, bu sosial həyəcan, yaşantıdır.
İnanıram ki, XXI əsrdə böyük kinoya yenidən
qayıdacaqlar.
- İnternet və multimedia yeni sənət
formaları meydana gətirə bilərmi? Siz bunlardan
istifadə edirsiniz?
- Mən bununla çox
maraqlanıram. Hələ 1990-cı ilin əvvəllərində
rəqəmsal vasitələrlə işləmişəm.
O zaman istifadə etdiklərim bu gün sənət sektoruna gəlir
və kinoda istifadə olunur. Rəqəmsal sahədə
digər sənət növlərini bir-biri ilə əlaqələndirmək
və bununla yanaşı tamamilə yeni, nəhəng
formaların alınması imkanları var. Mən artıq təsəvvür
edə bilərəm ki, yaxın gələcəkdə
İMAX formatında nələri görmək olar. İndi yalnız muzeylərdə göstərilən
interaktiv elementlər və ya müəyyən təzahürlər
öz yolunu kinoda da tapacaq. Hazırda
insanların videosənətdə irəli sürdükləri
müəyyən şeylər çox maraqlıdır.
Ola bilsin ki, onlar bəlkə də nə zamansa
kommersiya kinosunda öz yerini tapacaq. Çoxqatlı
münasibətlərdə videoklip sənəti bədii filmin
landşaftını zənginləşdirir.
- Bu o deməkdir ki,
qısametrajlı filmin də yeni imkanları olacaq.
- Bir neçə il əvvəl,„Ten Minutes Older“ filmində 20 rejissor şəraitə
uyğun olaraq hərəsi Paris haqda 10 dəqiqəlik film
çəkdi. Bu tip layihələrdə rejissorun öz
ideyalarını ifadə etmək imkanı yetərincədir.
Mən inanıram ki, qısametrajlı film
formatının buna görə də gələcəyi var.
Qısa film tələbələr və rejissor peşəsinə
yeni başlayanlar, həm də mənim kimi təcrübəli
rejissorlar üçün bir çıxış, təsəlli
yeridir. Bir normal filmin istehsalı uzun
müddət davam edir. Hər film həyatın
bir neçə ilini alır və bu arada ağıla min ideya
gəlir. Bu ideyaları qısa filmlərdə
gerçəkləşdirmək olar. Əlbəttə
buna tələbat, ehtiyac duyularsa. Mən həvəslə
qısa film çəkirəm və son illərdə də
bir neçəsini çəkmişəm.
- Siz rərqəmsal inqilabı bir qurtuluş kimi qəbul edirsinizmi? Rəqəmsal kinoda hər sey sadədir və baha deyil.
- Hə, o qədər də baha deyil və tez başa gəlir. 10-20 il əvvəl xəyal etmədiyimiz bir çox şeyləri indi etmək mümkündür. Rəqəmsal vasitələr hər kəsə film çəkmək imkanı verir, amma nəticədə təsvir yığınını sürətləndirir. Mən dərs deyirəm və çoxlu tələbələrim var. Bəzən doğrudan da kimin nə çəkmək istədiyi, nəyi nəql etmək istədiyini dərk etmək çətin olur. Kim nəyi göstərmək və hansı texnika ilə nə etmək istəyir?
- Əgər hansısa filminizdən müəyyən kadrlar klip formasında “You Tube”də yerləşdirilsə, bu sizə mane olacaq?
- Deyə bilmərəm ki, mənə
mane olur. Bəzən hesab edirəm ki, bu əla
deyil, amma digər tərəfdən musiqidən və ya ədəbiyyatdan
hansısa sitatlar verilirsə, niyə kinodan da olmasın?
Amma bu təbii ki, müəllif hüququ məsələsini
ortaya çıxarır. İnsanlar var ki,
sitatın gətirilməsini şərəf sayırlar,
çünki onlara görə yalnız yaxşı şeylərdən
sitat gətirilir. Amma bunu düzgün hesab
etmirəm.
- Beynəlxalq film sahəsini eyni
imkanlar idarə edir, yoxsa fərqlər var?
- Böyük fərq odur ki,
Avropada çoxlu kiçik milli kino müəssisələri
var. Bu bir tərəfdən əladır. Bir neçə il əvvəl kim düşünə bilərdi
ki, rumın filmi dünya kino bazarına daxil olacaq. Digər tərəfdən isə bir filmin Avropa sərhədlərindən
kənara çıxması çox çətindir. Avropa kinosu özünün çoxtərəfliliyindən
əziyyət çəkir. Digər tərəfdən
bu çoxtərəfliliyin narahatedici olduğunu görürlər.
Rəqəmsal kinoya aid olan dəyişikliklər
böyük güclərin oyunudur, eyni zamanda
amerikasayağı sənayedir, bununla bağlı normalar var.
Kim o normaları müəyyənləşdirirsə, gələcəyə
də o nəzarət edir.
- Baş verənlər nə ilə
nəticələnəcək?
- Hazırda bunu demək tamamilə
çətindir. Kino bu gün təəssüf
ki, dar bir keçiddir. Əgər ekran əsəri
prokatın ilk həftəsində nəticə (gəlir) verməsə,
film artıq unudulacaq. Bu kifayət qədər
amansız bir reallıqdır. Ənənəvi
satış sistemi, strukturu var və amerikalılar
böyük ölçüdə ona nəzarət edirlər.
Hazırladı: Sevda Əliəşrəfqızı
Mədəniyyət.- 2011.- 2 fevral.- S. 11.