Şabran, Lənkəran və İsmayıllı
2011-ci ildə Azərbaycanın əfsanələr,
folklor və sənətkarlıq “paytaxt”ları elan olundu
Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
təsdiq edilmiş “2010-2014-cü illər üçün
Xalq Yaradıcılığı Paytaxtları”
Proqramının icrası ilə bağlı 2011-ci il
üçün diyarşünaslıq, folklor və sənətkarlıq
nominasiyaları üzrə yeni “paytaxt” şəhərlərin
adları açıqlanıb.
Qeyd edək ki, “2010-2014-cü illər
üçün Xalq Yaradıcılığı
Paytaxtları” Proqramın ölkəmizin qeyri-maddi mədəni
irsinin qorunması, dəstəklənməsi, xalq
yaradıcılığının təbliği və təşviqi
istiqamətində aparılan islahatların davamı olaraq
milli folklor ustaları və kollektivlərinin, sənətkarların,
milli adət-ənənələrin və eyni zamanda, respublikanın
şəhər və rayonlarının beynəlxalq səviyyədə
tanıdılması, daxili və xarici turizmin inkişafı məqsədilə
qəbul olunub.
Proqrama əsasən, 2010-cu ildə
Gəncə “Azərbaycanın əfsanələr
paytaxtı”, Qazax “Azərbaycanın folklor paytaxtı”, Şəki
isə “Azərbaycanın sənətkarlıq paytaxtı” elan
edilmişdi. Proqramla əlaqədar 2011-ci il üçün
diyarşünaslıq, folklor və sənətkarlıq
nominasiyaları üzrə paytaxtların seçilməsi
üçün 20-dən artıq şəhər namizədliyini
irəli sürüb. Təqdim olunmuş təkliflər
müvafiq namizəd şəhərlərin ümumi
hazırlığı, tarixi ənənələri və digər
amillər nəzərə alınmaqla təhlil edilib.
Nəticədə 2011-ci il
üçün Şabran şəhəri “Azərbaycanın
Əfsanələr Paytaxtı”, Lənkəran şəhəri
“Azərbaycanın Folklor Paytaxtı”, İsmayıllı şəhəri
isə “Azərbaycanın Sənətkarlıq Paytaxtı” elan
edilib.
Bununla bağlı il ərzində
Şabran, Lənkəran və İsmayıllı şəhərlərində
nominasiyalara uyğun olaraq təntənəli mərasimlərin,
respublika və beynəlxalq səviyyəli elmi-praktiki
konfransların, dəyirmi masaların, konsertlərin,
müsabiqələrin, festivalların, sərgilərin,
yarmarkaların, infoturların və sair tədbirlərin təşkili
nəzərdə tutulur.
Mədəniyyət.-
2011.- 2 fevral.- S. 3.