Şair
və zaman
Səməd
Vurğun müharibə dövrünün ədəbi proseslərinə
necə rəhbərlik edirdi?
Ölkələr
arasında baş verən münaqişələr vaxtı
neçə-neçə şair və yazıçı da
öz yurdunun müdafiəsinə qalxıb, bəziləri qələmini
silahla əvəzləyib, bəziləri isə qələmini
silaha çevirib. Elə hallar baş verib ki, qələm
sahibinin bir sözü yüzlərlə
döyüşçünü ayağa qaldırıb,
topu-tüfəngi əvəz edib. Bununla birlikdə odlu-alovlu
günlərdə ədəbiyyatımız, mədəniyyətimiz
də unudulmayıb, xalqımızın mədəni sərvətlərinin
qorunması və inkişafı naminə çox işlər
görülüb. Belə hallar Böyük Vətən
müharibəsi illərində (1941-1945) də olub, hələ
başa çatmamış Qarabağ savaşı
dövründə də belədir.
Dövlətimiz milli-mədəni
dəyərlərimizi qorumaqla yanaşı, onun daha da
inkişaf etdirilməsi qayğısına qalır, beynəlxalq
miqyasda təbliği üçün tədbirlər
görür. Təbii ki, bu işdə mədəniyyət
xadimlərinin, şair və yazıçıların əməyi
xüsusi qeyd olunmalıdır.
Bu baxımdan Xalq şairi Səməd
Vurğun Böyük Vətən müharibəsi illərindəki
fəaliyyəti diqqəti cəlb edir. Şair həmin illərdə
tez-tez ön cəbhədə olmaqla yanaşı, Azərbaycan
Yazıçılar İttifaqının sədri kimi
respublikada ədəbi prosesə başçılıq edir,
mədəniyyətimizin inkişafı ilə bağlı
müxtəlif tədbirlərin hazırlanmasında və
keçirilməsində əməyini əsirgəmir, gənc
ədəbi qüvvələrə qayğı göstərirdi.
Şair müxtəlif
müşavirə və yığıncaqlarda Azərbaycan ədəbiyyatının
inkişafı ilə bağlı danışar, mülahizələrini
söyləyərdi. Səməd Vurğunun bu
çıxışlarının böyük əksəriyyəti
dərc olunmayıb, yalnız stenoqramlarda, iclas
protokollarında, bir qismi isə qəzet məlumatlarında
qalıb.
Müharibənin ən ağır
günlərində, 1942-ci ilin may ayında məhz onun təşəbbüsü
ilə Bakıda Ziyalılar evi təşkil edilmiş və
bu, respublikanın mədəni həyatında əlamətdar
hadisə olmuşdu. Ziyalılar evinin
açılışında çıxış edən
şair müasir mərhələdə ziyalıların
qarşısında duran vəzifələrdən
danışıb. Adəti üzrə
çıxışına şeirlə başlayan Səməd
Vurğun bu dəfə «Səhər-səhər» şeirini
oxuyub:
Qara bulud sallamasın ətəyini sərhəd boyu,
Mən dünəndən
doldurmuşam patronumun darağını.
Sabahkı hərb meydanında bir əsgərəm,
bu bəllidir,
Hər bir sözüm saldıracaq
min faşistin yarağını.
Səməd Vurğun faşizmin
yırtıcı mahiyyətindən danışaraq deyib ki,
faşizm bütün bəşəriyyətin düşmənidir.
Alman-faşist quldur dəstələrinin darmadağın etmək,
mədəniyyəti müdafiə etmək deməkdir,
milyonlarla adamı qırılmaqdan və dilənçilikdən
qurtarmaq deməkdir. Şair çıxışının
sonunda bütün ziyalıları orduya yardımı daha da
qüvvətləndirməyə, onun üzərinə
düşən xilaskarlıq vəzifəsi kimi tarixi bir vəzifəni
yerinə yetirməklə var qüvvə ilə yardım etməyə
çağırıb.
Azərbaycan Yazıçılar
İttifaqı İdarə Heyətinin 1942-ci il oktyabrın
22-də olmuş iclasında şair müasir ədəbiyyatın
qarşısında duran vəzifələr baxımından təşkilatın
mətbu orqanlarında dövrün tələblərinə
uyğun publisistik və tənqidi məqalələrin dərc
olunması, ali məktəblərdə müasir ədəbiyyatın
tədrisi və klassik ədəbi irsin düzgün tədqiq
edilməsinin əhəmiyyəti məsələlərindən
danışıb. O deyib: «...Ədəbiyyatımıza gələn
gənc yazıçıların əsas nöqsanlarından
biri ondan ibarətdir ki, çox zaman bu yeni yazan gənclər
gözəl istedada malik olduqları halda, ümumi ədəbi,
elmi bilik cəhətdən səviyyələri
aşağı olur. Bunun nəticəsində onların
yazdıqları şeir və hekayələr fikri cəhətdən
yoxsul və bədii cəhətdən zəif
çıxır». Buna görə də şair gənclərin
ədəbi təhsil məsələsini lazımi yüksəkliyə
qaldırmağı, ali məktəblərdə müasir ədəbiyyatın
tədrisini yaxşılaşdırmaq üçün ciddi
qayğı göstərməyi yazıçı, tənqidçi
və ədəbiyyatşünaslardan tələb edirdi.
Şair bu işdə «Ədəbiyyat qəzeti»nin, «İnqilab
və mədəniyyət» jurnalının oynaya biləcəyi
əhəmiyyətli rolu da qeyd edirdi.
Səməd Vurğun milli mədəniyyətimizi
dərindən öyrənməyi yalnız gənc ədəbi
qüvvələr qarşısında deyil, yaşlı nəslin
qarşısında da bir vəzifə kimi qoyurdu.
Yazıçılar İttifaqında 1943-cü il iyunun 30-da
keçirilmiş müşavirədə o bu barədə
maraqlı mülahizələr söyləyib. Şair
müşavirəyə yekun vuraraq, mübahisələrə
səbəb olan bir sıra məsələlərdən, o
cümlədən yazıçılarımızın Qərb
ədəbiyyatından öyrənməsi məsələsindən
danışıb, buna öz münasibətini bildirib. Qeyd edib
ki, Qərb ədəbiyyatını, onun görkəmli
nümayəndələrini dərindən öyrənmək
bizim borcumuzdur: «Lakin yazıçılarımız gərək
öz xalqımızın ruhunu, qocaman və zəngin tarixini,
gözəl ənənələrini dərindən bilsinlər,
ona arxalansınlar, onunla birlikdə
yaşayıb-yaratsınlar».
Səməd Vurğunun müharibə
illərində vaxt tapıb qələm dostlarının
yaradıcılığı ilə maraqlanması, onlara
qayğı göstərməsi də xüsusi qeyd
olunmalıdır. Onun böyük bəstəkar Üzeyir
Hacıbəylinin yaradıcılıq gecəsində,
yazıçılardan Mir Cəlalın, Ənvər Məmmədxanlının
və İlyas Əfəndiyevin yaradıcılıq
hesabatlarında çıxışları şairin mədəniyyətimizə
və ədəbiyyatımıza qayğısının ifadəsidir.
Bu baxımdan şairin 1943-cü
ildə Bakıda, M.Füzuli adına Ziyalılar evində
Ü.Hacıbəylinin yaradıcılıq gecəsindəki
çıxışı da diqqəti cəlb edir. Şair
öz çıxışında bəstəkarı musiqi
tariximizə yenilik və orijinallıq gətirən, xalq
yaradıcılığının ən yaxşı
xüsusiyyətlərindən əsərlərində
bacarıqla istifadə edən, onları özünün zəngin
fantaziya süzgəcindən keçirərək daha da
gözəlləşdirən bir sənətkar kimi qiymətləndirib.
Şairin fikrincə, Ü.Hacıbəyli musiqiyə fəlsəfi
nöqteyi-nəzərdən yanaşır və onu sənətin
ən yüksək zirvəsinə çatdırır. O,
«Koroğlu» operasını bunun parlaq sübutu kimi qeyd edir:
«Biz bu nadir operanın musiqisini dinləyərkən
özümüzü sanki sehrli bir aləmdə hiss edir, adi
sözlərlə ifadə edilə bilməyəcək
böyük bir zövq duyuruq».
1944-cü il fevralın 29-da Azərbaycan
Yazıçılar İttifaqının İdarə Heyəti
yazıçı Mir Cəlalın yaradıcılıq
hesabatını dinləyib. Səməd Vurğun bu
yığıncağı giriş sözü ilə
açaraq göstərib ki, müharibə günlərində
yazıçıların yaradıcılıq
hesabatını dinləmək, ədəbi məhsullarla
yaxından tanış olmaq, təhlil-tənqid yolu ilə
müzakirə etmək, müəlliflərə düzgün
istiqamət vermək Yazıçılar
İttifaqının əsas vəzifələrindəndir:
«Müharibə dövründə bizim bir sıra gözəl
şer, hekayə və faydalı səhnə əsərlərimiz
yaranmışdır. Lakin cəsarətlə qeyd etmək olar
ki, ədəbiyyatımızda müharibənin böyük
dastanı hələ də yaranmamışdır. Biz bu
dastanı yaratmalıyıq».
Səməd Vurğun
müşavirənin sonunda Mir Cəlalın hesabatına yekun
vuraraq ona yeni dəyərli əsərlər yaratmaq işində
yaradıcılıq uğurları arzulayıb.
Bu ənənənin davamı
olaraq 1944-cü il martın 13-də yazıçı
İlyas Əfəndiyevin yaradıcılıq hesabatı dinlənilib.
Səməd Vurğun yığıncağı giriş
sözü ilə açaraq Yazıçılar
İttifaqının son illərdə yetişən
ayrı-ayrı gənc müəlliflərin
yaradıcılığı ilə az məşğul
olduğunu etiraf edib və bunu işin zəif cəhətlərindən
biri kimi qiymətləndirib. Şair qeyd edib ki, bundan sonra gəncliyimizin
yaradıcılıq hesabatlarını tez-tez dinləməliyik.
O, yazıçının yaradıcılıq məziyyətlərindən
danışaraq deyib: «İlyas Əfəndiyevin hekayələrindən
xoş bir səs gəlir. İlyasın yaradıcılıq
addımlarından bir şeiriyyət səsi eşidilir. Bu da
şübhə yoxdur ki, nəsrimizin şeirimiz səviyyəsinə
qalxmasına, inkişaf etməsinə kömək edən yeni
və qiymətli addım sayılmalıdır».
Şair müharibə şəraitində
ədəbiyyatımızın qayğılarını da
unutmurdu. Bu baxımdan şairin yazıçı Ənvər
Məmmədxanlının yaradıcılıq hesabatında
söylədikləri də diqqəti cəlb edir. Səməd
Vurğun burada xüsusi olaraq qeyd edib ki, Ənvər Məmmədxanlının
yaradıcılığı barədə çox az
danışılıb: «Bu gün Ənvərin
hesabatını dinləyərkən, onun yaradıcılığına
xüsusi qayğı ilə yanaşmalı və kömək
etməliyik. Ənvər özünün gözəl hekayələri,
kinossenariləri və bədii tərcümələri ilə
ədəbiyyatımızın inkişafına
çalışan yoldaşlardandır».
Şair onu özünəməxsus
yaradıcılıq yolu olan və orijinal yol seçən bir
nasir kimi qiymətləndirir, dünya ədəbiyyatı
klassiklərindən öyrənməsini təqdir edirdi. Səməd
Vurğun onun nisbətən az yazmasını yaxşı
yazmaq istəyi ilə izah edirdi. Şairin fikrincə, hər
bir yazıçıdan çox yazmaq deyil, müntəzəm
surətdə işləmək və yaxşı əsərlər
yaratmaq tələb olunmalıdır.
Səməd Vurğunun müharibə
dövrü fəaliyyətinin araşdırılması
göstərir ki, o həmin illərdə həm şair, həm
ictimai xadim, həm də vətəndaş kimi öz vəzifəsinin
öhdəsindən ləyaqətlə gəlib.
Adilxan
Bayramov
Mədəniyyət.-
2011.- 4 fevral.- S. 13.