Ürək
deyir yaşa hələ...
Görkəmli sənətkar Əlibaba
Məmmədovun 82 yaşı tamam olur
Bir
müdrikdən soruşurlar ki, əsil xoşbəxtlik nədədir?
O, cavabında deyir: «Xoşbəxtlik əməldədir. Əgər
bir insan öz əməlləri ilə xalqına, vətəninə
gərəklidirsə, demək o xoşbəxtdir».
Görkəmli xanəndə, Xalq
artisti, Prezident təqaüdçüsü, «Şöhrət»
və «İstiqlal» ordenli Əlibaba Məmmədov belə
xoşbəxt sənətkarlardandır. Onunla söhbətlərimizin
birində belə bir fikir söyləmişdi: sənətkarı
üç amil yaşadır - əməli, əsəri və
övladı. Amma bunların içərisində ən vacibi
əməldir. Əgər əməllərin salehdirsə,
yaratdığın əsərlərin də,
böyütdüyün övladların da vətənə gərəkli
olacaq və səni də yaşadacaq. Bir sözlə,
insanın həyatı onun əməllərində öz əksini
tapır.
Həyatını əməllərində,
əməllərini isə öz sənətinin dili ilə
bizlərə aşılayan Əlibaba müəllim bu
yaşantıları ilə sənətin zirvəsini fəth
edərək xalqın sevimlisinə çevrilib. Əlibaba
müəllim bir zox sənətsevərlər
üçün əzizdir, doğmadır. Mənim
üçün isə bu doğmalığın xüsusi
yeri var. Həyatımda və sənətdə irəliləməyimdə
onun müstəsna rolu olub. Uşaq idim, atam müğənni
Təhmiraz Şirinov hərdən məni də özü ilə
solisti olduğu «Humayun» ansamblının məşqlərinə
və konsertlərinə aparırdı. Burada mən Əlibaba
müəllimdən başqa Şövkət Ələkbərova,
Gülağa Məmmədov, Nəzakət Məmmədova və
digər sənətkarlarımızı da
görürdüm. Onların hamısı Əlibaba müəllimə
xüsusi hörmətlə yanaşır, hətta ona «Əmi»
deyə müraciət edirdilər. Eşitdiyimə görə,
Azərbaycan ifaçılıq sənətində görkəmli
tarzən Qurban Pirimova - Qurban dayı, Cabbar Qaryağdı
oğlu və Xan Şuşinskiyə isə Cabbar əmi və
Xan əmi deyə müraciət olunub. Bu, xalqın sənətkara
böyük hörmətinin bariz nümunəsidir.
XX əsrin 50-ci illərində sənət
fəaliyyətinə başlayan Əlibaba Məmmədov da
öz əməlləri və sənətkarlığı
ilə xalqın böyük məhəbbətini qazanıb. Onun
sənətini və şəxsiyyətini rövnəqləndirən,
nurlandıran da məhz bu xalq məhəbbətidir. Bu məhəbbət
daim Əlibaba müəllimin sənət yoluna işıq
saçıb. Bu yerdə hörmətli sənətkarın həyat
və yaradıcılıq yoluna qısa nəzər salaq.
Əlibaba Məmmədov 1930-cu il
fevralın 5-də Bakıda anadan olub. Hələ yeniyetmə
vaxtlarından sənətə maraq göstərir, onun
şirin avazı, zümzümələri eşidənlərə
xoş təsir bağışlayır. Bu isə gənc
ifaçını daha da ruhlandırır. El şənliklərində,
toy-düyünlərdə çıxışlar edən Əlibaba
Məmmədovun səsi böyük konsert salonlarından gəlməyə
başlayır. 1949-cu ildə Azərbaycan Dövlət
Filarmoniyasının solisti olur. Burada ustad sənətkarların
tövsiyələri, onlardan öyrəndikləri və bir də
öz zəhməti Əlibaba müəllimi daha da püxtələşdirir.
1953-cü ildə A.Zeynallı adına Musiqi Texnikumuna daxil
olaraq ustad Seyid Şuşinskidən muğam sənətinin
sirlərini öyrənir.
Bu yerdə qısa haşiyə
çıxaq. Bir dəfə soruşdum ki, Əlibaba müəllim,
sənətin yüksək zirvəsinə
ucalmısınız. Yəqin ki, bu zirvəni fəth etmək
elə də asan olmayıb. Müdrik sənətkarın
cavabı belə oldu: «Deyirlər ki, hər çətin asan
olur, amma çətin asan olur. Bəli, insan
qarşısına qoyduğu məqsədə nail olmaq
üçün hər şeydən əvvəl zəhmət
çəkməlidir. Sənətin də kamilliyi insanın zəhmətinin
bəhrəsidir. Sənətin zirvəsinə gəldikdə
isə sənətkarı o zirvəyə yüksəldən
xalqdır. Əgər xalqım məni sevməsəydi mən
kimin üçün oxuyardım? Odur ki, sənətkar olmaq
xalq qarşısında böyük məsuliyyətdir. Bu məsuliyyətin
öhdəsindən gəlmək üçünsə sənətin
sirlərinə yiyələnmək, xalqın etimadını
doğrultmaq lazımdır».
Əlibaba müəllimin bu
tövsiyələri sənətə qədəm qoyanlar
üçün əsil örnəkdir. Onun bu məsləhətləri
və xidmətləri sayəsində Azərbaycan
ifaçılıq sənətinə neçə-neçə
xanəndə bəxş olunub. Bu yolda Əlibaba müəllim
pedaqoq və ansambl rəhbəri kimi böyük xidmətlər
göstərib. 40 ilə yaxındır ki, indiki A.Zeynallı
adına Musiqi Kollecində və Bülbül adına Musiqi Məktəbində
gənclərə, yeniyetmələrə xalq musiqisinin,
muğam sənətinin sirlərini aşılayır. Muğam
onun sənətinin əsas qayəsidir. Əlibaba müəllimlə
söhbətlərimiz həmişə muğamla
başlayıb, muğamla bitir. Hər dəfə də bu sənətdən
ürəkdolusu danışır.
«Muğam xalqımızın
tükənməz sərvətidir. Çünki muğam
ilahidən gələn avazlar əsasında yaranıb. O,
Tanrı tərəfindən bəxş olunan müqəddəs
sənətdir. Hələ bu günə qədər bir kəs
balaca da olsa bir muğam parçası yarada bilməyib. Böyük
sənətkarlar sadəcə muğam sənətini qoruyub və
onu yaşadıblar. Elə götürək dahi Üzeyir bəyi.
O, bu sənəti yaşatmaq üçün əvəzsiz
xidmətlər göstərib, dünya musiqisi tarixində
analoqu olmayan muğam operaları yazıb, muğam üstə
fantaziyalar, simfonik əsərlər, mahnı və romanslar və
s. bəstələyib. Amma özü muğam yazmayıb.
Çünki yenə də təkrar edirəm ki, muğam
Tanrının yaratdığı sirli-sehrli, ecazkar və
müqəddəs bir sənətdir. Muğam sənətini
xalqımız sevib, dövlətimiz də onu dəstəkləyib.
Buna ən gözəl nümunə Heydər Əliyev Fondunun,
onun rəhbəri Mehriban xanım Əliyevanın
muğamlarımızın dünya səviyyəsində təbliğ
olunması yolunda göstərdiyi fəaliyyətidir. Mehriban
xanımın təşəbbüsü ilə işıq
üzü görən «Qarabağ xanəndələri» albomu,
«Muğam ensiklopediyası» və digər nəşrlər,
keçirilən muğam müsabiqələri bu fəaliyyətin
göstəricisidir. Bakının gözəl bir guşəsində
inşa edilən Beynəlxalq Muğam Mərkəzi də bu sənət
xəzinəmizə əvəzsiz bir töhfədir. Mən
bir sənətkar kimi Azərbaycan muğam sənətinə
göstərdikləri qayğı və diqqətə görə
möhtərəm prezident İlham Əliyev cənablarına
və Mehriban xanıma son dərəcə böyük minnətdarlığımı
bildirirəm. Onların bütün xidmətləri gələcək
nəslə bəxş etdikləri yadigarlardır.
Biz də muğama yeni həyat verənlərə
və muğamın yolunda fədakarlıq göstərənlərə
minnətdarıq. Bu minnətdarlıqdan Əlibaba müəllimə
də pay düşür. Onun oxuduğu hər bir muğamda,
mahnı və təsnifdə öz möhürü var. Təsadüfi
deyil ki, onun yaratdığı ansambl «Humayun» adını
daşıyır. Bu məhz onun ifası ilə
bağlıdır. 40 ildən çoxdur ki, «Humayun» xalq
çalğı alətləri ansamblı Əlibaba müəllimin
rəhbərliyi ilə fəaliyyət göstərir.
Əlibaba Məmmədovun zəngin
repertuarının bir hissəsini onun öz bəstələri
təşkil edir. O, 100-dən çox mahnı və təsnifin
müəllifidir. Onun mahnıları yalnız
özünün deyil, başqa sənətkarların da
repertuarına daxil edilib. Xalq mahnısı adı ilə səslənən
bu nəğmələr xalqın yaddaşına hopub, dillər
əzbəri olub. Onlardan «Gəl bizə, yar”, “Beləyəm”,
“Yaşa hələ” s. mahnıların adını çəkə
bilərik. Bu mahnılar musiqi tədrisi proqramına daxil
edilir. Bakı Musiqi Akademiyasının elmi işlər üzrə
prorektoru, fəlsəfə elmləri doktoru, professor, əməkdar
incəsənət xadimi Gülnaz Abdullazadə və sənətşünaslıq
namizədi Telman Qəniyev Əlibaba Məmmədovun 20
mahnısını nota köçürüb tədris vəsaiti
kimi nəşr etdiriblər. Onlar ustadın növbəti
mahnıları üzərində də işləyirlər. Əminik
ki, Əlibaba müəllimin yaradıcılıq irsi daha
geniş tədqiqat işlərinin mövzusu olacaq.
Əlbəttə ustad sənətkar
haqqında nə qədər xoş söz desək, yenə də
azdır. Elə yaxşı olardı ki, ona ad günündə
arzu və istəklərimizi sənətkarın S.Rüstəmin
sözlərinə bəstələdiyi «Yaşa hələ»
mahnısının misraları ilə çatdıraq:
İlləri yola salmışam,
Mahnı qoşub, saz
çalmışam.
Ömür deyir qocalmışam
Ürək deyir yaşa hələ.
Əziz Əlibaba müəllim, bu
yalnız sizin ürəyinizin deyil, sizi sevən minlərlə
pərəstişkarlarınızın ürəyindən
keçən bir arzudur.
Səadət
Təhmirazqızı,
Musiqişünas
Mədəniyyət.-
2011.- 4 fevral.- S. 12.